Yuxarı

“Naz”a naz satan nazirlər: Adları məlumdur

“Naz”a naz satan nazirlər: Adları məlumdur

Cebhe.info bu dəfə hansı nazirliklərin “Naz Lifan” markalı avtomobilinin olduğunu və nazirlərin, nazir müavinlərindən kimlərin bu maşından istifadə etdiyini öyrənib.  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimovanın sözlərinə görə, nazir Hüseynqulu Bağırov  hökumət tərəfindən ona verilən “BMW” markalı avtomobildə gəzir. Nazir müavinləri isə “Nissan Maksima”, “Toyota” markalı avtomobildən istifadə edir. Nazirliyin iş mexanizminə görə Meşə, Hidrometrologiya, Geologiya şöbəsinin qurumuna UAZ və Niva markalı avtomobillər alınıb. Çünki bu əməkdaşların işi dağlıq ərazilər, meşələr, keçilməz yerlərdədir. Zərurət yaranarsa, yerli istehsal olan “Naz Lifan” markalı avtomobillər alınacaq. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən hazırda nazirlikdə “Naz Lifan”  markalı avtomobillərin olmadığı söylənilib. Nazir və nazir müavinlərinin avtomobil markaları isə gizli saxlanılıb. Səhiyyə Nazirliyinin mətbuat katibi Liya Bayramova da nazirlikdə bu markada avtomobillərin olmadığını deyib: “Nazir və nazir müavinlərinin  hansı markada avtomobil sürməsi haqda heç bir məlumatım yoxdur”. Təhsil Nazirliyinin mətbuat katibi  Cəsarət Valehoğlu isə nazirlikdə hazırda 25 “Naz Lifan” markalı avtomobilin olduğunu açıqlayıb: “Ən çox “Naz Lifan” markalı avtomobil alan nazirliklərdən biri də Təhsil Nazirliyidir. İl ərzində 25 belə avtomobil almışıq”. Nəqliyyat Nazirliyinin mətbuat katibi Namiq Həsənov isə hazırda nazirlikdə “Naz Lifan” markalı avtomobil olmadığını deyib. N.Həsənovun sözlərinə nəqliyyat naziri  Ziya Məmmədov BMW, müavinləri isə “Mercedes” və “Audi” markalı avtomobildə gəzir. Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyevin məmurlara və dövlət qurumlarına səslənərək "Bizim Naxçıvanda avtomobil zavodumuz var, dövlət qurumları oradan alsınlar. Yaxşı da maşınlardır. Heç xarici maşından o qədər də fərqlənmir", - deyə bildirmişd. Bundan sonra zavodun məhsullarının satışında 30 faizlik artım olduğu da qeyd olunurdu. Qeyd edək ki, Naxçıvan Avtomobil Zavodunun istehsal etdiyi “Naz Lifan” markalı avtomobillərin qiyməti 14-22 min arasında dəyişir. Nigar Məhərrəm





Həftənin ən çox oxunanları