Yuxarı

İşgəncə, zorakılıq, psixi xəstəliklər: dini sektaların gizli üzü

İşgəncə, zorakılıq, psixi xəstəliklər: dini sektaların gizli üzü

Təhlükəli sektalar Azərbaycana sürgün edilib Bakının Yasamal rayonu, D.Bünyadzadə küçəsi, ev 14 ünvanında yaşayan 33 yaşlı Nazilə Qulubəyova “pis ruhları çıxartmaq” üçün oğlunun ağız nahiyəsinə əski parçası tutmaqla sıxıb, nəticədə uşaq boğularaq ölüb. Bu xəbər son günlərin ən çox müzakirə edilən xəbərlərindən olub. Ananın öz doğma övladına qarşı bu qədər qəddar davranışını müxtəlif səbəbələrlə izah edənlər var. Məsələ tam araşdırılmadan və qadına qarşı hansısa ittiham rəsmən təsdiqlənmədən bu barədə fikir irəli sürmək doğru olmasa da, ilkin ehtimallar ən müxtəlif versiyaları ortaya qoyur. Qadının psixi durumundan tutmuş onun hansısa dini sektanın üzvü olmasına qədər müxtəlif fikirlər səsləndirilir. İlkin ehtimallar qadının “Yeqova şahidləri” dini icmasının üzvü olması yönündə olsa da, çox keçmədən başqa bir sektanın adı şəkilib. “İsa peyğəmbər və üzümçülər” kimdir? Azərbaycanlılara o qədər də tanış olmayan “İsa peyğəmbər və üzümçülər” sektası. Bu sekta ən təhlükəli, totalitar dini təriqətlərdən biri hesab edilir. Barəsində o qədər də geniş məlumat yoxdur. İnternetdə aparılan araşdırmlar göstərir ki, bu sekta da xristian dünyasında geniş yayılmış Yevangelist Hərəkatın tərkib hissəsi kimi ortaya çıxıb. XX əsrin 60-cı illərində ilk dəfə Amerikada yaranıb. “Üzümçülər” Assosiasiyasının ABŞ-da və dünyanın 200-ə yaxın ölkəsində 600-ə yaxın kilsəsi var. Hər kilsə muxtar hüquqlara malikdir və fəaliyyəti də məhz bu isitqamətdə qoyulub. Assosiasiyanın tərkibində fəaliyyət göstərən bu kilsələr bərabərhüquqlu hesab olunur. Ayrı-ayrı ölkələrdəki fəaliyyətlərini də məhz bu şəkildə qururlar. Missionerlik fəaliyyəti göstərən sekta Rusiyanın bəzi bölgələrində çox fəaldır. Ayrı-ayrı kilsələr şəklində fəaliyyət göstərən sektadan zaman-zaman ayrılmalar olsa da, ümumi halda hələ də fəaliyyətində dayanıqlı olduğu deyilir. Azərbaycana bu sektanın nə zaman gəldiyi və necə fəaliyyət göstərməsi hələlik məlum deyil. Dövlət qurumları yəqin ki, bu istiqamətdə araşdırmanı davam etdirəcək. Hələlik deyilənlər ondan ibarətdir ki, qadın övladını dini ayinlərə getməyə mane törətdiyinə görə öldürüb. Ancaq ailə bu barədə hər hansı informasiyanı rədd edir və bunu mətbuatın uydurması adlandırır. Ermənilərə güllə atmayan Yehova şahidləri 1997-ci ildə Azərbaycan prezidentinin sərəncamı ilə xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə dini təbliğat aparmaq qadağan edilib. Əsas səbəb də qeyri-ənənəvi dini cərəyanların fəaliyyətinin bir sıra hallarda ciddi fəsadlar törətməsi idi. Bu qərarın qəbuluna ölkədəki qeyri-ənənəvi dini sektaların fəaliyyətinin xüsusilə, uşaqlar və gənclərin həyatına mənfi təsirləri gözə alınmışdı. Məsələn, Azərbaycanda hətta “Yehovanın şahidləri” sektasının üzvü olan gənclərin hərbi xidmətdən yayınması kimi hadisələr də qeydə alınıb. Məhkəmələrə qədər uzanan bu işlərdə Yehova şahidlərindən olan gənc hərbi xidmətə getmək istəməməsinin səbəbini səngərin o tayındakı qardaşına güllə atmaq istəməməsi ilə əlaqələndirib. Söhbət Ermənistandakı Yehova şahidlərindən gedir. Ölkələrə səpələnən milyonlar “Missionerlik” kitabının müəllifi Orxan Babazadənin bildirdiyinə görə, Yehovanın şahidləri xristianlığın simvolu kimi xaçın istifadə edilməsinin əleyhinədirlər. Onlar hesab edirlər ki, İsa xaçda yox, dirəkdə (latınca “crux simplex”) edam olunub. İkonaların hazırlanması kimi xaça ibadət də bütpərəstlik hesab olunur. Protestantlardan fərqli olaraq, onlar xaçın simvol kimi, ümumiyyətlə, istifadə olunmasını inkar edirlər. Yehovanın şahidlərinə görə, adam öldürmək də böyük günahdır. Abort adam öldürməklə bərabər tutulur. Yehovanın şahidləri qanköçürmədən tamamilə imtina edirlər. Siyasi və hərbi işlərdən, eləcə də silahlı qüvvələrlə bilavasitə əlaqədar müəssisələrin fəaliyyətində iştirakdan imtina edirlər. İcma son dərəcə böyük maliyyə qaynaqlarına malikdir. Maliyyənin əksəriyyətini adeptlərin verdiyi ianələr təşkil edir. Belə ki, icmaya daxil olan insanların böyük qismi bütün əmlaklarını ya sağlığında ianə edir, yaxud da öldükdən sonra vəsiyyət edir. 2013-cü ilədək təşkilatın mərkəzi Bruklində idi. Lakin həmin ildə icma bu binaları satdığını və əvəzində cəmiyyətin yeni mərkəzinin inşası üçün ştatın Uorvik şəhərində 102 hektar ərazi aldığını bildirilib. Ruhi xəstə sekta üzvlərinin qorxuducu statistikası  Sekta üzvlərinin işgəncəyə meyli barədə də faktlar var. O. Babazadənin yazdığına görə, icma öz adeptlərini amansız istismara məruz qoymaqdadır. Belə ki, icmaya aid olan Betel (“Allah evi”) adlı qurumlarda icma üzvləri havayı və ya çox kiçik məbləğ qarşılığında ağır işləri yerinə yetirmək məcburiyyətindədir. Beteldə əmək pulsuz olduğundan icma rəhbərliyi bundan son dərəcə böyük fayda götürməkdədir. Məsələn, Uorvik şəhərindəki mərkəzin inşasında 2800 nəfər icma üzvü pulsuz çalışdırılıb. 1946-cı ildə İsveçdə doktor G. Rilander hökumətin tapşırığı ilə hərbi xidmətdən boyun qaçırmış 135 gənci müayinə etmişdi. Onlardan 126-sı Yehovanın şahidləri icmasının üzvü idi. Onun keçirdiyi müayinə zamanı bu gənclərdən 51-nin nevrotizmdən, 42-nin şəxsiyyət pozğunluğundan, 28-nin isə oliqofreniyadan əziyyət çəkdikləri müəyyən olunmuşdu. Rilanderin gəldiyi qənaətə görə, Yehovanın şahidləri arasında ruhi xəstəliklər ölkə üzrə orta statistik göstəricisindən dörd dəfə yüksək idi. Çar təhlükəli sektaları Azərbaycana sürgünə göndərib Azərbaycanda“Həyatverici lütf” və ya “Baptist” cərəyanlarının üzvləri də öz ayinlərinə azyaşlıları toplamaqla ölkədəki mövcud qanunları dəfələrlə pozub. 10-12 yaşlı uşaqları dini ayinlərə cəlb edən bu sektalar islam dininə qaşrı çıxışları ilə gündəmə gəlib. Evlərdə təşkil edilən bu mərasimlərə cəlb edilənlər əsasən qadın və uşaqlar olub. Baptistlərin Azərbaycana gəlmələri XIX əsrin ikinci yarısına təsadüf edir. Çar hökuməti təhlükəli dini cərəyan sayılan təriqətçilər (molokanlar, duxoborlar, baptistlər, subbotniklər və digər təriqət ardıcılları) Rusiya imperiyasının ucqar vilayətlərinə zorla sürgünə göndərilirdilər. 1894-cü ilin sentyabr ayında çar II Nikolayın imzaladığı xüsusi fərmana əsasən, baptistlərə, ştundistlərə, molokanlara dini yığıncaq keçirmək qadağan olunur və onların Qafqaza, o cümlədən, Azərbaycana zorla köçürülməsi barədə qərar verilir. Ölkəmizə köçürülən baptistlər əsasən Tərtər, Şuşa və digər bölgələrdə yerləşdirilib. 1956-cı ildə isə Bakıdakı baptistlər yeni dua evi açdılar. Bakı, Gəncə, Sumqayıt, Şirvan, Zaqatala və digər bölgələrdə təxminən 2500-dən çox baptistin yaşadığı deyilir. Ukraynadan Gəncəyə ayaq açan missionerlik XIX əsrin sonlarında çar Rusiyasından Azərbaycana köçən dini sektalar arasında adventistlər də olub. O. Babazadənin bildirdiyinə görə, adventizmin Azərbaycandakı tarixi 1894- cü ilə gedib çıxır. Bu etiqadı ölkəmizə gətirən Yakov Klein olub. Ölkəmizdə onun təbliğatı nəticəsində yeddi alman adventizmi qəbul etmişdir. Daha sonra A.Ozol, T.İ.Lebsaka, B.Qnedin və P.İ.Pilxinin molokan kəndlə rində apardıqları dini fəaliyyətləri səbəbilə bir qrup yerli molokan adventizmə keçib. 1910-cu ildə artıq Azərbaycanda adventistlərin sayı 100 nəfər olub. Sovet hakimiyyəti dövründə gizli mənzillərdə toplaşan adventistlərə XX əsrin 60-cı illərində gün işığına çıxıb. Xaçmaz və Tərtərdə yeni adventist qruplar yaranıb. 1957-ci ildə Bakıya Kulakov Pyotr Stepanoviç gələrək Azərbaycandakı adventist hərəkata rəhbərlik edib. Bakıda Naqornı küçəsində dua evi açılıb və burada 60-70 nəfərlik dini icma təsis edilmişdir. Lakin 1960-cı illərdə dua evi yenidən bağlanıb və onlar gizli mənzillərə geri qayıdıblar. 1969-cu ildə Yeddinci Günün Adventistləri Kilsəsi dövlət qeydiyyatından keçib. Gəncədə adventistlərə Ukraynadan gələn missioner Anatoli Sergeyeviç Noqa rəhbərlik edib. O, qısa müddətdə bu şəhərdə adventistlərin sayını 30-a çatdırıb. İndi Azərbaycanda 500-dən çox adventistin olduğu deyilir. Pulsuzluq sektaya sürükləyir Müasir dövrdə dini sektaların Azərbaycana ayaq açması əsasən 1991-ci ildən sonraya təsadüf edib. Ən geniş və əhatəli fəaliyyət dövrü isə 1991-96-cı illər olub. Rəqəmlərə görə bu illərdə ölkəmizdə 20-dən artıq qeyri-ənənəvi dini sekta fəaliyyət göstərib. Bunlar bütün dünya üzrə məşhur olan və üzvlərinin sayı milyonları ötən sektalardır: “Həyatverici lütf”, “Məhəbbət kilsəsi”, “İeqova şahidləri”, “Yeddinci gün adventistləri”, “Yeni həyat”, Həyat sözü", “Oşo”. Bunlarn arasında “İsa peyğəmbər və üzümçülər” sektasının adına o qədər də rast gəlinməyib. Görünür, adı indi hallanan bu sektanın fəaliyyəti daha sonraya- Azərbaycanda qanunvericilikdəki dəyişikliklərdən sonra qeyri-ənənvi sektaların fıaliyyətinin məhdudlaşdırldığı zamanlara təsadüf edib. Son illər qeyri-ənəvi dini sektaların fəaliyyətinin azalmasına baxmayaraq onların hələ də tam olaraq ölkəni tərk etdiyini demək olmaz. Məsələ burasındadır ki, ölkədə hələ də gizli və ya aşkar şəkildə xristianlığı təbliğ edən şəxs və ya qruplar var. Əlbəttə, hər bir dinə ibadət hər kəsin şəxsi fikridir və etiqad azadlığı təmin edilir. Ancaq bunun bir çox hallarda radikal formada təbliğ edilməsi, başqalarına təsir imkanlarından maksimum yararlanmağa cəhd mümkündür. Xüsusilə, ölkənin düşdüyü ağır iqtisadi durum. Sosial problemlər insanları hansısa radikal qruplara itələyə bilər ki, bundan da məharətlə yaralanmaq istəyən qüvvələr hazır dayanıb. Maddi dəstək də burada diqqətdən qaçırılmamalıdır. Doğrudur, bu sektaların üzvlərinə maddi yardım edilməsi barədə fikirləri qətiyyətlə rədd edir. Ancaq sirr deyil ki, bu sektalara cəlb edilən şəxslərə ilk dövrlərdə edilən maddi yardımlar daha sonra onları bu sektalardan asılı vəziyyətə salan amilə çevrilir. Ayaqları tam kəsilməyib Dini sektaların Azərbaycandan ayağının tamamilə kəsildiyini söyləmək olmaz. Hətta bu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı tərəfindən də etiraf edilib. Komitə sədri bildirib ki, bəzi xristian radikal qruplar Azərbaycanda yayılmağa cəhd edir: “Biz buna imkan verməyəcəyik. Bu qrupları heç xristian kilsələri, xüsusilə də Azərbaycandakı xristian dininin təmsilçiləri də qəbul etmir. Biz onların bu cəhdlərinə imkan verməyəcəyik”. Sevil Ağazadə Cebhe.info





Həftənin ən çox oxunanları