Yuxarı

Suqovuşan təəssüratları

Suqovuşan təəssüratları

Burada sizi qonaqpərvər, gülərüz insanlar, palçıqlı və bərbad yollar gözləyir Qış fəslinin son ayı idi. Artıq günəş qürub etməyə hazırlaşırdı. Biz Ağdamdan Sabirabada səyahətə yola düşürdük. Düzü,yoldaşlarımdan fərqli olaraq bu mənim Sabirabada ilk səfərim idi. İlk dəfə görəcəkdim Azərbaycanın böyük şairi, klassik ədəbiyyatımızda ictimai satiranın banisi Mirzə Ələkbər Sabirin adını yaşadan şəhəri. Günəşin batmasını əzab-əziyyətli,dərə-təpəli Bəhrəmtəpə yolunun üstündə yerləşən restoranların birində, çay fasiləsində ətrafı seyr edirdik. Oralıların təbirincə desək, artıq düşdüyümüz “pis yolun” sonuna yaxınlaşırdıq. Yəni, Bəhrəmtəpə yolunu bitirib magistiral yola çıxdınsa, özünü azadlıqda hiss edirsən. Yolboyu Azərbaycan-İran sərhədlərini ayıran tikanlı məftillərlə sıx hörülmüş dirəklər, suvarma suyunun təmin edilməsi üçün hələ sovetlər dönəmindən inşa edilmiş qurğu və kiçik süni göllərin mənzərəsi maşının yan şüşəsindən böy göstərərək ötüb keçirdi. Əgər Saatlıya yetişmisənsə, özünü Sabirabada çatmış hesab edə bilərsən. Çünki qonşu rayonlar arasındakı məsafə çox da uzaq deyil. Ümumilikdə birinci dəfə səfər etdiyim bölgədə ilk olaraq oranın yerli sakinlərinin qonaqpərvərliklərinə diqqət yetirirəm. Daha sonra isə mətbəxinə… Amma belə bir deyim var; gülərüzlə verilən zəhər bal, qaşqabaqla verilən bal isə zəhər dadar. Sabirabad şəhərinə Saatlı istiqamətindən daxil olan kimi bizi dairəvi yol qarşıladı. Əgər həmin dairəvi yolu heç yana dönmədən, getsən, sən Heydər Əliyev prospektinə daxil olmuş olursan və həmin prospektdə ilk olaraq bayraq meydanını, Bayraq muzeyini, Heydər Əliyev Mərkəzini, Gənclər evini və bir-birindən yaraşıqlı şadlıq sarayları görmək mümkün olur. Hələ üstəlik, rayon icra hakimiyyətinin binası, onun yanında bir zamanlar bölgənin ən böyük, lakin hazırda işləməyən fəvvarəsi ilə rastlaşmaq olur. Bundan başqa məcburi köçkünlərin yaşadığı, prospektə tərəf olan fasadı dümağ aqlaylarla bəzədilən, arxa hissəsinin isə cadarlarından cin ürkən bina da sıralanan mənzərələr arasında yerləşir. Bəlkə də ölkənin ən “iri gözlü” işıqforlarının müşayiəti ilə həmin hamar, nöqsansız prospektlə şəhərin o başına qədər gedib çatmaq olur. Amma əgər başa qədər getməyib sağa və ya sola dönsən, bax, onda bayaq söhbət etdiyim hamar asfalt yoldan heç bir əsər-əlamət qalmayacaq. Rayonun daxili küçələrində su basmış, kol-koslu dar küçə yollarında asfalt qalıqlarına zorla rast gəlmək mümkündür. Sanki qos-qoca şəhər elə bircə o prospektdən ibarət imiş… Gecənin oğlan çağı idi. Maşınımız qonaq getdiyimiz ailənin mənzilinin qarşısında dayandı. Ev sahibləri tərəfindən canfəşanlıqla, gülərüzlə qarşılandıq. İlk dəfə gördüyüm ailə elə zəmin yaratdı ki, orada utanmaq mümkünsüz idi. Əlbəttə ki bu mənim ürəyimcə idi. Artıq o ailənin süfrəyə nə gətirəcəyi maraqlı deyildi. Adəti üzrə süfrəyə çay gəldi. Və mən tələskənliklə yolda söz verdiyim “siyasi jestimi” eləməyə başladım. Yəni bir neçə qəndi çaya tullayaraq oğrun gülüşlərin müşayiəti ilə “çayı şirin edən” birinci nəfər oldum… Sonra süfrəyə Sabirabad mətbəxinə aid xüsusi ləzzətlə hazırlanmış toyuq saclaması, ilk dəfə gördüyüm göyəm turşusu və şərab gəldi. Səhəri gün bizi şəhərlə daha ətraflı tanışlıq, o cümlədən, görməyə ən çox can atdığım “suqovuşan” səyahəti gözləyirdi. Evdə yanan qaz sobasının astadan pıqqıltısı evin qaranlıq otağındakı səssizliyə qənim kəsilmişdi. Elə həmin ahəngdar pıqqıltının səsini dinləyə-dinləyə yuxuya getdim. Səhəri xoruzların ban səsinə oyanıb, səhər yeməyinə hazırlaşdıq. Yeməkdən dərhal sonra gəzinti başladı. Əlbəttəki birinci olaraq şəhərin bazarı ilə tanış olduq. Bazarda satıcıların və alıcıların seyrəkliyindən məlum olurdu ki buranın sakinlərinin maddi rifahı o qədər də yüksək deyil. Bunu küçə və xiyabanlarda yerləşən çayxanalara toplanan insan izdihamından anlamaq olurdu. Anlamaq olurdu ki, bu şəhərdə kifayət qədər işsiz insan var. Bazarda əsasən İran İslam Respublikasından gətirilmə məhsullara daha çox rast gəlmək olurdu. Əsasən sitirus meyvələr, İran balı, İran xınası və iran geyimləri bəzəyirdi Sabirabad bazarının piştaxtalarını… Bazarın palçıqlı, gölməçəli yollarında tullana-tullana xeyli dolaşdıqdan sonra, Arazla Kürün qovuşduğu yerə yön aldıq… Bizi həmin ünvana aparan yol da digər küçə yollarından geri qalmırdı. Hələ üstəlik o biri yollarda hərdənbir asfalt qırıqları ilə rastlaşırdınsa, bu yolda heç çınqıl daşı da yox idi. Nəhayət Sabirabad səfəri çərçivəsində olan ən böyük arzuma çatdım. Maşınımız ölkə ərazisindən keçən ən böyük iki çayın qovuşduğu yerdə dayandı. Ora çatana qədər elə zənn edirdim ki “Suqovuşanda” suyun şaqqıltısından “ağız deyənin qulaq eşitməyəcək”. Amma oranın ilk surpirzi də düşündüyümün tam əksi iləqarşılaşmağım oldu. Bəlkə də, rayonun ən sakit yeri elə “Suqovuşan”dır. İki qocaman çay çox sakitcə qovuşurlar bir-birlərinə, və Xəzərə qədər elə həmin sakitliklə də yoldaşlıq edirlər. Amma birləşmənin yaratdığı qoca nehirin yaratdığı mənzərə görənləri heyran edir, özünə. Sahildən baxanda çayların birləşdiyi yerin tam qarşı tərəfində böyük su nasosu qurğusu, onun bir az aşağı tərəfindəki açılıb bağlana bilən körpü mənzərənin gözəlliyinə bir başqa rəng qatırdı. Hələ üstəlik, bu mənzərənin fonunda kiçik balıqçı qayıqlarının bir-birinin yanından ötüb keçməsi insanın ruhunu oxşayırdı. Xeyli müddət mənzərənin tamaşasına susqun-susqun baxmağa məhkum oldum. Gözümü çəkmək istəsəm də özümdən ixtiyarsız bunu bacarmırdım. Nəhayət, ümumi mənzərədən diqqətimi bir balıqçı təknəsi yayındırıb özünə cəlb elədi. Elə kameramın çəkim düyməsinə basaraq ilk lentə aldığım kadr da məhz elə o balıqçı oldu. Çox güman ki, o axşamdan çayın ortasında qurduğu torunu yoxlayırdı. Amma nədənsə dalğın və düşüncəli görünürdü. O torunu tam yoxladıqdan sonra qayığının yönünü çayın biz dayanan sahilinə tərəf yönəltdi. Əlindəki tək avarla yorğun-yorğun hərəkət verirdi “çörək təknəsinə”… Sahilə bir az qalmış dayanmadan onu çəkdiyimi görüb, hirsli-hirsli üzümə baxdı. Mən isə vəziyyətin nə yerdə olduğunu zənn edib işimə biraz fasilə verdim. Qərara gəldim ki, elə bu balıqçıdanca bir müsahibə hazırlayacam. O sahilə çatandan sonra qayığı sahilə bağlayıb içində cəmi bir balıq olan qayığı tərk elədi. Mənə yaxınlaşıb “kimsən, nə çəkirsən” -deyə soruşdu. Ona qəzet müxbiri olduğumu bildirib bir-iki kəlmə danışmasını xahiş elədim. Balıqçının cavabı isə çox maraqlı oldu: “Nə danışım kimdən danışım? Güya danışdıqlarımızın hamısını düzgün yazırsınız ki? Bizim dediklərimiz qalır bir tərəfdə, gedib başqa şeylər yazırsınız?!” Düzü onun cavabı məni pərt elədi. Heç nə deyə bilmədim. Amma heç olmasa, adını deməyini xahiş etdim. Tutduğu tək balığını əlinə götürən balıqçı gedə-gedə mızıldanmağa başladı. “Adımı neynirsən? Get yaz ki, bura nə yaşamalı, nə də ölməli yerdir. Həyatımın ən böyük səhvi Rusiyadan bura qayıtmağım olub…” - sözlərini deyib, uzaqlaşaraq gözdən itdi. Amma mən balıqçıdan fərqli olaraq hələ gəzmək, görmək niyyətində idim. Birdən sahildə diqqətimi daha bir maraqlı görüntü cəlb elədi. Şaxələnmiş ilğın ağacı və onun budaqlarına bağlanan parça qırıqları. Və yanında dayanan bir neçə nəfər… Onlara yaxınlaşanda kameranı görüb ağacın yanından aralaşdılar. Ancaq söhbət zamanı məlum oldu ki, sevgililər bir-birilərinə qovuşmaq üçün bu ağaca niyyət edib, parça bağlayırlar. Kimisi dəsmalını, kimisi yaylığını və s. (Düzü, ayrılmamaq üçün məndə niyyət etmişəm. Amma Sabirabadda yox, paytaxt Bakının Şirvanşahlar sarayındakı su hovuzunun başında… Hələ üstəlik, tanrı bizi ayırmasın, deyə şahın quyusuna 10 qəpik “rüşvət” də tullamışam.) Düşünməyə başladım, görəsən hər ikisi mənbəyini qardaş Türkiyədən götürüb aylarla bir-birinə yaxın durmadan yol gələn Kürlə Arazıdamı bu ilğın ağacı qovuşdurmuşdu? Yoxsa niyə mifləşdirsinlər ki, bunu?.. Sonra Ağacdan uzaqlaşıb suyun axarı boyunca hərəkət etməyə başladım. Bizi orada daha bir görməli yer gözləyirdi. Keçidi pulla olan asma körpü… Qurğu tam dəmir konstruksiyadan ibarət idi. Və “tros”ların mexaniki üsulla dartılması nəticəsində açılıb bağlana bilirdi. Körpünün ortasından “Suqovuşan” bir başqa gözəllikdə görünürdü. Sanki az əvvəl yandan baxdığın iki gözəlin indi üzlərinə baxırsan kimi təəssürat yaradırdı insanda… Su mənzərəsi, təpəlikləri, asma körpüsü ilə “İstanbul”u xatırladırdı insana vətənin bu guşəsi. Hələ üstəlik körpünün “tros”ları arasından sahilə tərk edilmiş gəminin görüntüsü bir başqa təsir bağışlayırdı… Bir zaman səs-küylə suların qonunda üzən gəmi, indi bir daha üzməmək üzrə sahildə talehi ilə baş-başa, yanlış buraxılmışdı. Hələ mən o gəminin yanından onu tərk edən insanların kiçik qayıqlarla o yan bu yana ötüşməsini demirəm… Kaş ki bunları ifadə edəcək əzab, işgəncə işarələri olaydı. Xülasə, oranı son gördüyüm mənzərənin təsiri altında tərk elədim. Və qonağı olduğumuz evə gəlib geri qayıtmaq üçün hazırlıq işlərinə başladıq. Demək olar ki səfər çərçivəsində hər kəs öz “missiyasını” yerinə yetirmişdi. Qarşıda isə bizi uzun yolçuluq və “pis yol” (Bəhrəmtəpə yolu) gözləyirdi. Bu da Sabirabad səfəri… Qonaqpərvər, gülərüz, qocaq və işsiz əhalisi, ləziz, özünəməxsus, orijinal mətbəxi, palçıqlı, baxımsız, bərbad yolları var. Qədim yaşayış məskəni olduğuna görə hələ gəzməli çox yerləri var. Bu da mənim təəssüratım… Maraqlıdır, görəsən, orada vətəndaşları qəbul etməyə gələn məmurların təəssüratları necədir? Görəsən, öz məruzələrində o küçələrdən, işsiz qalan insanlardan, pulsuz insanlara pulla satılan içməli sudan, gedilməsi mümkün olmayan yollardan və s. problemlərdən bir iki kəlmə deyiblərmi? Yoxsa dilləri tərifdən başqa heçnəyə çönmür?.. Elgün Gəncimsoy





Həftənin ən çox oxunanları