Yuxarı

Dini ekstremistlərin qazı, işığı kəsiləcək

Dini ekstremistlərin qazı, işığı kəsiləcək

İqtidar sərt metodlara əl atır Aydın Mirzəzadə: “Azərbaycanı Suriyaya çevirmək istəyənlərə xəbərdarlıq olmalıdır” Ötən gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İctimai birliklər və dini qurumlar komitələrinin birgə iclasında Cinayət Məcəlləsinə dini etiqad azadlığı haqqında qanunvericiliyin pozulması halları ilə bağlı təklif edilən dəyişikliklər müzakirə edilib.Bununla bağlı Cinayət Məcəlləsinə yeni 167-1.4 maddəsinin əlavə edilməsi təklif olunur. Təklif olunan maddəyə əsasən, dini düşmənçilik, radikalizm və ya fanatizm zəminində şəxsi hər hansı dinə (dini cərəyana) etiqad etməyə, o cümlədən dini ayin və mərasimləri yerinə yetirməyə, dini ayin və mərasimlərdə iştirak etməyə, habelə dini təhsil almağa məcbur edən şəxslər 7000 manatdan 9000 manata qədər cərimələnəcək və ya 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum ediləcək. Maddə 167-1.2.-ə təklif edilən dəyişikliyə görə, şəxsi hər hansı dini quruma üzv olmağa məcbur etmə və ya şəxsin üzv olduğu dini qurumdan çıxmasına mane olma 5 min manatdan 10 min manata qədər cərimə və ya 5 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.Azərbaycanda dini fanatizm və dini düşmənçilik zəminində hakimiyyətin zorla ələ keçirilməsi, konstitusiya quruluşunun zorla dəyişdirilməsi və ərazi bütövlüyünün parçalanmasına xüsusi cəzalar, o cümlədən ömürlük həbs cəzası təklif olunur. Cinayət Məcəlləsinə salınması təklif edilən 278.2 maddəsinə əsasən, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun, o cümlədən onun dünyəvi xarakterinin zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına, yaxud hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətlərin dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədilməsi 15 ildən 20 ilədək müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bundan əlavə Azərbaycanda dini eks tremizim əleyhinə xüsusi əməliyyat aparıldıqda, həmin əməliyyatın aparılma zonasında dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan orqanın göstərişi əsasında qazın, işığın, suyun verilməsi dayandırıla, rabitə xidmətləri məhdudlaşdırıla bilər. MM Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin və İctimai birliklər və dini qurumlar komitəsinin birgə iclasında “Qaz təchizatı haqqında”, “Elektronika haqqında”, “Su təchizatı haqqında”, Telekommunikasiya haqqında” qanunlarına dəyişiklik layihələri müzakirə çıxarılıb. Dəyişiklik layihəsinə əsasən, dini ekstremizim əleyhinə xüsusi əməliyyat aparıldıqda, həmin əməliyyatın aparılma zonasında, dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan orqanın göstərişi əsasında məhkəmə qərarı ilə qazın, işığın, suyun verilməsi dayandırıla, rabitə xidmətləri məhdudlaşdırıla bilər.Qanuna bu qədər ciddi dəyişikliklərin müzakirəsi narahatverici məqamlar doğurur.Maraqlıdır, Azərbaycanda dini ekstremizimin əhatə dairəsi nə qədər genişdir ki, qanuna ciddi dəyişikliklər nəzərdə tutulur? “Bu işə barmaqarası baxmaq olmaz” Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Aydın Mirzəzadə “Cümhuriyət” qəzetinə bildirib ki,Azərbaycanda dini ekstremizimin geniş bazası yoxdur: “Azərbaycanda ənənəvi etiqad var. Cəmiyyət ümumən radikalizmə meylli deyil. Bununla belə Yaxın Şərq ölkələrinin təcrübəsi göstərir ki, dini ekstremizm hallarına barmaqarası baxılması sonda dövlətçilik üçün çox böyük problemlər yaradır.Vətəndaş müharibəsi baş verir, ölkəyə xarici müdaxilələr olur və cəmiyyət uzun müddət stabil, normal inkişaf relsindən kənara çıxır.Bütün bunların baş verməməsi üçün mümkün ola biləcək fəlakətin əsası başlanğıc nöqtədə ciddi şəkildə hüquqi qiymət verilir. Hesab edirəm ki, təkliflər yerindədir. Təkliflər Azərbaycanda da Yəmən, Suriya variantlarını tətbiq etmək istəyən vətəndaşlarımıza qarşı çox ciddi bir xəbərdarlıq olmalıdır. Arzulayardım ki, həmin maddələr ümumiyyətlə heç bir zaman tətbiq olunmasın.Amma bununla belə istənilən problemlərə qarşı qabaqlayıcı hüquqi addımlar atmaq lazımdır”. “Maarifləndirmə aparılmalıdır” Dini zəmində gələn təhlükədən sığortalanmağın yolları nədir?Necə qorunmaq olar? Deputatın qənaətincə, bu, kompleks yanaşma tələb edən məsələlərdir: “Birinci, cəmiyyətdə maarifçilik daimi diqqətdə olmalıdır, cəmiyyətin sosial problemlərinin həlli dövlətin diqqətində olduğunu hər bir vətəndaş hiss etməlidir, beynəlxalq aləmlə çox sıx olmalı və mütərəqqi meyllər cəmiyyətdə, dövlətdə daim gündəmdə əks olunmalıdır. Həmçinin ciddi problemlərin ictimai müzakirəsi getməli və həmin problemlərin nəyə gətirib çıxarması barədə proqnozlar da səslənməlidir.Bütün bunlar kompleks şəkildə həyata keçirilməlidir.Əlbəttə ki, harada bu tədbirlər həyata keçirilir orda ciddi problemlər yaranmır”. Azərbaycanda dini ekstremizm təhlükə yarandığı təqdirdə ölkənin və cəmiyyətin gücünü necə dəyərləndirmək olar?Aydın Mirzəzadə qeyd edib ki, əgər belə bir təhlükə yaranırsa, deməli, cəmiyyət özünün müqavimət hissini itirib: “Cəmiyyət müasir, özünü qoruyacaq mexanizmi dini ekstremizimin aparıcı olduğu olduğu sistemə təhvil verir. Bu isə Azərbaycan üçün nə praktiki, nə də nəzəri cəhətcə mümkün olan məsələ deyil.Çünki Azərbaycan cəmiyyəti püxtələşmiş, özünün müstəqilliyini, dövlətçiliyini yüksək qiymətləndirən və bu cür halları istisna edən bir cəmiyyətdir.Ancaq bununla belə əlbəttə ki, dövlət tərəfindən daim mütəmadi addımlar atılır ki, Azərbaycanda da bəzi ərəb ölkələrində baş verən ağır problemlər baş qaldırmasın”. Yeganə Oqtayqızı  





Həftənin ən çox oxunanları