Yuxarı

Seçkidən sonra Azərbaycan: sabitliyə təhlükə varmı

Seçkidən sonra Azərbaycan: sabitliyə təhlükə varmı

İslahatlar aparılmasa ciddi vətəndaş qarşıdurmaları gözlənilir C751C0B1-20A9-4602-9FC0-69904CFE6713_mw800_sParlament seçkiləri ilə bağlı gözləntilər özünü doğrultmadı. Ölkənin aparıcı partiya və seçki blokları Milli Məclisə noyabrın 1-də baş tutacaq seçkilərlə bağlı pessimist ovqatdadır. Heç kim seçkilərin azad və ədalətli, demokratik və şəffaf keçiriləcəyinə ümid etmir. Böyük ehtimalla, bu dəfəki parlament də müxalifətsiz parlament kimi tarixə düşəcək. Siyasi hakimiyyət bu dəfəki fürsəti də qaçırdı. Halbuki bu seçkilərdən çox şey gözlənilirdi. Hakimiyyət seçki öncəsi siyasi məhbusları, tanınmış media və QHT təmsilçilərini həbsdən azad etsəydi, ölkədə barış mühiti yaratsaydı, hər şey başqa cür olacaqdı. Azərbaycan hakimiyyəti hətta Avropanın sonuncu diktatoru Lukaşenkosayağı islahatları belə cəmiyyətə çox gördü. Xatırladaq ki, Lukaşenko ölkəsində mövcud olan son 7 siyasi məhbusu azad etməklə reputasiyasına müsbət çalarlar əlavə etmiş oldu. 2010-cu il parlament seçkiləri  Azərbaycan oliqarxlarının diktəsi ilə keçirilmişdi. Görünən odur ki, bu il də dəyişən bir şey olmayacaq. Azərbaycan hakimiyyəti parlamenti müxalifətsiz görmək istəyir. Buna da nail olacaq. Beynəlxalq təşkilatların, böyük dövlətlərin seçki ilə bağlı təpkiləri olacaq. Güman ki, bu il ənənəvi “bəzi nöqsanları çıxmaq şərti ilə seçki ümumən demokratik keçirildi”, “irəliyə doğru daha bir addım  atıldı” tipli dəyərləndirmələr olmayacaq. Ancaq ciddi seçki sanksiyaları da gözlənilmir. Bəs postseçki dönəmində Azərbaycanı nə gözləyir? Çoxlarının ümid etdiyi yuxarıdan islahatlar aparılacaqmı? Müşahidələr və təhlillər göstərir ki, gözləntilər özünü doğrultmayacaq. Siyasi hakimiyyət hələ bir müddət oliqarxiyanın diktəsi ilə idarə etmək fikrindədir. Yuxarıdan islahat fikrinə indi yalnız orta məktəb şagirdlərini inandırmaq  olar. Azərbaycan cəmiyyəti kifayət qədər praqmatik düşünür, siyasi yetkinlik lazımi qədərdi, insanlar islahatların baş tutacağına inanmırlar. Hakimiyyəti islahatlara vadar edəcək güc də yoxdur. Cəmiyyət çox ehtiyatkardır, insanları böyük siyasi dəyişikliklərdən çox, xırda iqtisadi maraqlar düşündürür. Gənclər Avropanın cənnət ölkələrinə mühacirət etməyin yollarını arayırlar.  Cəmiyyəti, özəlliklə gənclər ordusunu toparlamalı olan müxalifət dağılıb. Təcrübə göstərir ki, seçkidən sonra müxalifətdaxili ziddiyyətlər daha da alovlanacaq, parçalanmalar davam edəcək. Müxalifətin keçirdiyi kütləvi etiraz aksiyalarına çox az sayda adamın qatılması onu göstərir ki, cəmiyyət ənənəvi müxalifətə inanmır. Bunu yaxşı bilən hakimiyyət texnoloqları “Məhsul” stadionunda aksiyaların keçirilməsinə icazə verir. aksiya-04Ancaq hakimiyyət texnoloqlarını bir şey də narahat etməlidir. Xalqın ənənəvi müxalifətə dəstək verməməsi hələ o demək deyil, protest elektoratı yoxdur. Narazı elektorat var və hər zaman meydana çıxa bilər. Cəmiyyət üçün, elə hakimiyyət üçün də ən qorxulusu yığılmış qəzəbli enerjinin qəfil ortaya çıxmasıdır. Hakimiyyət texnoloqları bunu nəzərə almalıdır. Parlament seçkilərindən sonra təxirəsalınmadan islahatlara başlanılmalıdır. İcra hakimiyyətində paralel strukturlar ləğv edilməli, lüzumsuz infrastruktur layihələri dayandırılmalı, əhalinin az təminatlı hissəsi üçün sosial güzəştlər artırılmalı, təhsil və səhiyyə sahələrində ciddi islahatlar aparılmalıdır. Bütün bunlar reallaşdırlmasa, qış aylarında  ciddi kataklizmlərin və qarşıdurmaların olacağı proqnozlaşdırılır. Demokratik sabitliyə əsaslanmayan cəmiyyətlərdə kriminal hadisələrin artması aksiomadır. Bu baxımdan məşiət zəminində kriminal hadisələrin artacağını söyləməkdə də fayda var. Elman Cəfərli    





Həftənin ən çox oxunanları