Yuxarı

İranın hərbi gəmiləri Bakı buxtasında

İranın hərbi gəmiləri Bakı buxtasında

Sədrəddin Soltan: “Tehran  sərhədyanı dövlətləri Azərbaycanın üstünə qaldırmağa çalışır”

İran Hərbi Dəniz Qüvvələrinə məxsus 2 hərbi gəmi Azərbaycana gəlib. Məlumatda qeyd olunur ki, “Dəmavənd" raket gəmisi və "Covşan" kater gəmisi Bakı buxtasına yan alıb. Azərbaycan hərbi orkestrinin də iştirakı ilə rəsmi qarşılanma mərasimi keçirilib. Qeyd edək ki, bu, Azərbaycan müstəqillik əldə etdikdən sonra İran hərbi gəmilərinin ölkəmizə ilk səfəridir. Azərbaycan Hərbi Dəniz Qüvvələri komandanının müavini Natiq Bağırov bildirib ki, bu, sülh və dostluq səfəridir:

“Üç gün davam edəcək səfər çərçivəsində İran nümayəndə heyəti Heydər Əliyevin və ZərifəƏliyevanın məzarını, Şəhidlər Xiyabanını ziyarət edəcəklər. Ardınca Azərbaycanın Hərbi Dəniz Qüvvələri komandanı ilə görüş olacaq. Nümayəndə heyəti Azərbaycanın Hərbi Dənizçilik Məktəbində olacaq. Səfər zamanı futbol yarışı da təşkil olunacaq”.

Təbii ki, İran Hərbi Dəniz Qüvvələrinə məxsus hərbi gəmilərinin Azərbaycana gəlməsi xiyabanları ziyarət etmək və ya futbol yarışında iştirak etmək məqsədi daşımaz. Bu səfər özü ilə bərabər müxtəlif mesajlar da verir. Maraqlı məqamlardan biri Azərbaycanın Müstəqillik günündə İrana məxsus hərbi gəmilərin Bakı buxtasına gəlməsidir.

“Orta Doğu” Araşdırma Mərkəzinin sədri Sədrəddin Soltan “Cümhuriyət” qəzetinə İran hərbi gəmilərinin gəlişinin nə anlama gəlməsi, eləcə də bu səfərin dostluq mesajı ola biləcəyi barədə ehtimalları şərh edib. O, İran Hərbi Dəniz Qüvvələrinə məxsus hərbi gəmilərinin Azərbaycanın Müstəqillik günü Xəzər sahilinə yan almasında müəyyən mənada mənəvi məsələlər olduğunu deyib: “Ümumiyyətlə, İran Hərbi Dəniz Qüvvələrinə məxsus hərbi gəmilər Azərbaycana səfəri təlim məqsədi daşımır. Amma bununla belə, Xəzəryanı dövlətlər arasında müştərək təlimlərin keçirilməsi haqqında anlaşma var. Əslində Azərbaycan öz Müstəqillik Günündə istənilən ölkə ilə, hətta qonşu güclü sayılan dövlətlərlə belə hərbi təlim keçirməyə qadirdir və bundan çəkinmir. Azərbaycan İrandan çəkinmir, hətta Müstəqillik günündə müstəqil olduğunu göstərir. Bu səfəri dinc qonşuluq prinsiplərinə əməl etməyi, bir-birinin ərazi bütövlüyünə hörmət etməyi vacib sayan mesaj kimi də qəbul etmək olar”.

“Tehran cığallıq edir”

Ekspert onu da qeyd edib ki, İran hakimiyyəti Xəzərin bölünməsi məsələsində davamlı sürətdə cığallıq edib: “Xəzərin sektorlara bölünməsi məsələsinin yarımçıq qalması daha çox İrandan asılıdır. Buna görə də İran hakimiyyəti Azərbaycanın su hövzəsinə daxil olan bir sıra yataqlara iddia edir və bununla bağlı sərhədyanı dövlətləri Azərbaycanın üstünə qaldırmağa cəhd göstərir. Zaman-zaman İran təyyarələrinin Xəzərin Azərbaycana aid olan hissəsində hava sərhədini pozmasını müşahidə etmişik. İranın Xəzərə Hərbi Dəniz Qüvvələrini çıxartmaqla həm öz gücünü, həm də Azərbaycanla dostluq münasibətində olduğunu nümayiş etdirməyə səy göstərir. Ümumiyyətlə, Xəzəryanı dövlət başçılarının birgə sammitdə qəbul etdikləri qərara əsasən, Xəzər hərbiləşdirilməməlidir. Son 1 il ərzində Rusiya Xəzərdən aktiv şəkildə həbi məqsəd üçün istifadə edir. Görünür, buna İran da cəhd edir. Doğrudur, İranın Xəzərdən hərbi-siyasi hədəflərinə çatması üçün istifadə etməsinə lüzum yoxdur. Rusiya Xəzər vasitəsilə gəlib Suriyada İŞİD-in bir sıra mövqelərini vurdu. Bəs İran Xəzərdən istifadə edib kimi vuracaq? Qazaxıstanı, Türkmənistanı və Rusiyanı vuracaq?! İranın Xəzərdə hərbi qüvvəsini artırması planı və ya ona cəhd göstərməsi, güc nümayiş etdirməsi bir qədər qeyri-ciddi görünür. Birinci, Xəzərin mübahisələri tərəfləri çoxdur, ikinci, İran Xəzəryanı dövlətlərin hamısına xoşməramlı qonşuluq prinsiplərinə əməl etdiyini elan edir. Belə bir şəraitdə İranın Xəzərdə güc nümayiş etdirməsi yersiz görünür”.

“İranın daimi dostu yoxdur, maraqları var”

İranla Ermənistanın isti münasibəti, siyasi-iqtisadi əlaqələri var. İran açıq və ya gizli formada Ermənistanı dəstəkləyən bir dövlətdir. Belə olan halda onun dostluq mesajını səmimi qəbul etmək olar?

Sədrəddin Soltanın qənaətincə, heç bir dövlətin dostu yoxdur: “Dövlətlərin əbədi maraqları var. Bu baxımdan İranın da dostu yoxdur. İranın bugünkü maraqları onunla enerji sahəsində əməkdaşlıq edən dövlətlərlə müttəfiqlik etməkdir. Bu baxımdan əgər Azərbaycanla İran arasında əməkdaşlığa dair anlaşmalar varsa və bu sahədə maraqlar üst-üstə düşürsə, deməli, hər iki ölkə bu sahədə əməkdaşlıq edəcək. Səudiyyə Ərəbistanı da neft və qaz ölkəsidir, İran da. Amma bir-birinə düşməndirlər, nə siyasi, nə də iqtisadi maraqları üst-üstə düşmür. Dövlətlər bir-biri ilə əməkdaşlıq edə bilirsə, onları dost saymaq olar”.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları