Yuxarı

«Yaxşı olardı ki, qeydiyyat məsələsi də “bir  pəncərə”də həll olunsun”

«Yaxşı olardı ki, qeydiyyat məsələsi də  “bir  pəncərə”də  həll olunsun”

 

““Bir pəncərə” qrantları üc fərqli pəncərə ilə üç fərqli quruma yönəldir”

Ələsgər Məmmədli:  “Problemin həlli üçün qanunvericilik dəyişməlidir”

Prezident İlham Əliyev xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrantların verilməsi prosedurunda “bir pəncərə” prinsipinin tətbiqi haqqında fərman imzalayıb. Fərman vətəndaş cəmiyyətinin fəaliyyətini dəstəkləmək, bu sahədə şəffaflığı və ayrılan maliyyə vəsaitlərinin məqsədyönlü istiqamətləndirilməsini təmin etmək məqsədi daşıyır. İlham Əliyevin fərmanında qeyd edilir ki, 2017-ci il yanvarın 1-dən xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrantların verilməsi prosedurunda “bir pəncərə” prinsipi tətbiq edilsin.

Xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrantların verilməsi prosedurunda “bir pəncərə” prinsipi üzrə əlaqələndirici dövlət orqanının səlahiyyətlərinin həyata keçirilməsi kommersiya qurumlarına münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə, dini qurumlara münasibətdə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə, digər qeyri-kommersiya qurumlarına və fiziki şəxslərə münasibətdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə həvalə olunsun.

Nazirlər Kabinetinə qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair rəyin əldə edilməsi prosedurunun sadələşdirilməsini, o cümlədən onun həm xarici donor, həm də resipiyentin müraciəti əsasında həyata keçirilməsini təmin etmək tapşırılıb. Ekspertlər qeyd edilən sənədi son illər vətəndaş cəmiyyətinin üzləşdiyi problemlərin aradan qaldırılması istiqamətində mühüm addım hesab edir. Eyni zamanda, Azərbaycana QHT sektorunun və qranların ödənilməsi ilə bağlı hüquqi maneələr hələ qalmaqdadır. Əsas problemlərdən biri Azərbaycanda qrant alınması prosedurunun sərtləşdirilməsidir. Yeni fərmanda müraciətin "bir pəncərə" əsasında edilməsi həmin proseduru xeyli sadələşdirir. Lakin qrantın verilməsinin maliyyə-iqtisadi cəhətdən əsaslandırılması donorlar arasında seçim etməklə yanaşı, onların fəaliyyətini xeyli məhdudlaşdıra bilər.

Hüquqşünas Ələsgər Məmmədli hesab edir ki, sözügedən fərman QHT-lərin qrant alması sahəsində çətinliklərin həllinə kömək edə bilər. Amma bu mövcud problemlərin hamısını aradan qaldıra bilməz: “Problemlərin böyük əksəriyyətinin səbəb 2013- cü ilin dekabr ayında qanunvericiliyə edilmiş sərtləşdirici tədbirlər olub. Yəni qanunvericilik məhdudlaşdırılıb. Ona görə də “Qeyri-Hökumət Təşkilatları və Fondlar Haqqında”, “Qrant Haqqında”, “Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı Haqqında” və “İnzibati Xətalar Məcəlləsi” haqqında qanunlara edilmiş əlavə və dəyişikliklər ləğv edilərək ən azı 2013-cü il səviyyəsinə qaytarılmalıdır. Hüquqi mühit yaradılmadan bir fərmanla bu məhdudiyyətləri aradan qaldırmaq mümkün deyil. Amma bu sahədə problemlərin həlli üçün “Bir pəncərə” sisteminin tətbiqi ideyası bütövlükdə yaxşıdır. “Bir pəncərə” sistemi də qrantları üç fərqli pəncərə ilə üç fərqli quruma yönəldir. Yaxşı olardı ki, bu “bir pəncərə” olsun və Vergilər Nazirliyi həm hüquqi şəxslərin, həm də kommersiya-hüquqi şəxslərin qeydiyyatını həll etdiyi kimi, qeyri-hökumət təşkilatlarının da qrant və qeydiyyat məslələri də “bir pəncərə”də həll olunsun. Lakin burada QHT-lərin qeydiyyatı deyil, yalnız qrantların alınması məsələsi “bir pəncərə”yə düşüb. Bu özü bir problemdr. Həmçinin xarici donorların qeydiyyatı və xarici mənbədən olan donorların xidməti müqavilələri məsələləri ilə bağlı qanunvericilikdəki məhdudlaşdırıcı normalara son qoyulmalıdır”.

Ələsgər Məmmədli onu da bildirdi ki, prezidentin fərman verməklə yanaşı qanunvericilik təşəbbüsü ilə də çıxış etmək səlahiyyəti var. Bu baxımdan, dövlət başçısının fərmanı Prezident Adminstrasiyasının qanunvericilikdəki mövcud hüquqi əngəlləri aradan qaldırmaq təşəbbüsü ilə çıxış edəcəyinə ümid yaradır.

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları