Yuxarı

Millət vəkili evsizlərin ümidini kəsdi

Millət vəkili evsizlərin ümidini kəsdi

İlin sonu yaxınlaşsa da ipoteka kreditləri ilə bağlı gözlənilən dəyişikliklər gerçəkləşməyib. 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvi Vahid Əhmədov Cebhe.info-ya verdiyi açıqlamasında bu haqda danışıb. Onun sözlərinə görə, ipoteka kreditləri ilə bağlı qanuna gözlənilən dəyişikliklər bu il həllini tapmayacaq:

“Bu il ipoteka kreditləri üçün 50 milyon manat dövlət büdcəsindən vəsait ayrılıb. Sənəd təsdiq olunsa da hələ ki, müəyyən problemlərlə əlaqədar məsələ həllini tapmayıb. Bu səbəbdən ipoteka kreditinin verilməsi ilə bağlı dəyişiklik gözlənilmir. Növbəti ilin dövlət büdcəsi müzakirə edildikdən sonra məsələyə aydınlıq gətiriləcək”.

Gözləntilərin özünü doğrultmamasının səbəbini iqtisadi böhranla əlaqələndirməyən millət vəkilinin sözlərinə görə, bu məsələ vəsait ayrılması ilə bağlı yaşanan problemlərlə əlaqəlidir.

V.Əhmədovun sözlərinə görə, gələn il büdcədən ipoteka kreditləri üçün nə qədər vəsait ayrılacağı hələ ki sual altındadır.

İqtisadçı ekspert Rəşad Əliyevin sözlərinə görə isə, ipoteka kreditləri ilə bağlı gözlənilən dəyişikliklərin qüvvəyə minməməsi iki səbəblə əlaqədardır:

“Birinci problem dövlət büdcəsindən ayrılan vəsaitlərlə bağlıdır. Çünki bu vəsaitlər ancaq güzəştli ipotekaya yönəldilməlidir.  Hələlik bu vəsaitlərdən də xəbər yoxdur. İkinci əsas amil isə adi ipoteka kreditləri üzrə pul mənbəsinin olmamasıdır. Hazırda adi ipoteka üzrə kreditin 8%-dən çox olmaması gözlənilir”. 

İqtisadçının sözlərinə görə, əsas problem İpoteka Fondunun bu vəsaiti hardan tapması ilə əlaqədardır. Sözsüz ki, bazardan bu vəsaiti cəlb etmək mümkün olmayacaq.

Nigar Məhərrəm





Həftənin ən çox oxunanları