Yuxarı

Evlərin qiyməti qalxdı

Evlərin qiyməti qalxdı

Ötən il ərzində 2 böyük devalvasiyanın baş verməsi, dolların məzənnəsinin qalxması ilə manatın zəifləməsi ölkə iqtisadiyyatına köklü sürətdə təsir etdi. İstənilən sahədə olduğu kimi, bank, tikinti sektorunda da çöküş yarandı. İl ərzində bir neçə bankın bağlanması, bununla yanaşı gələn ildə daha 10 bankın bağlanma iqtisadi arenada gərginliyin hökm sürdüyünü göstərir. Bütün bunlara baxmayaraq, Azərbaycanda mənzil bazarında az da olsa dirçəlmə nəzərə çarpır. Paytaxtın bir neçə küçə və prospektində bunu müşahidə edə bilərik. Məsələn, Nəsrəddin Tusi küçəsi, Neftçilər metrosu ətrafında tikinti işləri bərpa edilib.

«MBA Consulting Group» konsaltinq şirkətinin rəhbəri Nüsrət İbrahimli Cebhe.info-ya açıqlamasında vurğulayıb ki, mənzil bazarında aktivlik qiymətlərə də təsir edib:

“Mənzil bazarında sentyabrla müqayisədə oktyabr ayında 8 faizə yaxın artım olub ki, bu da qiymətlərə təsirsiz ötüşməyib. Qiymətlər ötən ayla müqayisədə artıb”. N.İbrahimli ölkədə devalvasiyanın hökm sürdüyü bir müddətdə mənzil bazarında alıcılığın artmasının əsas səbəbini etibarlılıq prinsipi ilə əlaqələndirib: “Əvvəllər iş adamları pullarını dollara etibar edirdilər. Amma indi, düşünürlər ki, ən etibarlı vasitə daşınmaz əmlakdır. Buna görə pullarını əmlaka çevirirlər”.

Ekspertin sözlərinə görə, ilin sonunda mənzil bazarında canlanmanın az da olsa diqqətə çarpması həm də mövsümi xarakter daşıyır. N.İbrahimli bildirib ki, yalnız şəhərin biznes zonalarında, xüsusən də Nərimanov, Yasamal rayonlarında mənzillərin alıcılıq qabiliyyəti artıb. Deməli, bu il, xüsusən də son iki ayda mənzil alanların əksəriyyəti imkanlı iş adamları olub.

Əmlak ekspert onu da vurğulayıb ki, növbəti ildən etibarən bazarda qiymətlər daha da artacaq. Bu səbəbdən əllərində pulu olan şəxslərə tövsiyə olunur ki, vəsaiti əmlaka çevirsinlər:“Düşünürəm ki, növbəti ildə mənzil bazarında qiymətlər manatla ifadədə artacaq. Məhz bu səbəbdən alıcılara tövsiyə edirəm ki, ilin sonunadək əllərində imkan varsa, daşınmaz əmlak alsınlar”.

Nigar Məhərrəm





Həftənin ən çox oxunanları