Yuxarı

İmperiyanı silkələyən Meydan Hərəkatı

İmperiyanı silkələyən  Meydan Hərəkatı

 

Sabir Rüstəmxanlı: “Xalq hərəkatı olmasaydı, SSRİ dağılmayacaqdı”

Qorxmaz İbrahimli: “Meydanın bir qəhrəmanı vardı, o da Azərbaycan xalqı idi”

17 noyabr Azərbaycanda Milli Dirçəliş Günü kimi qeyd olunur. Bu tarixi hadisə 1988-ci ilin noyabr-dekabr aylarında Bakıda SSRİ-nin çökməsi və Azərbaycanın müstəqillik qazanması ilə nəticələnən hadisələrin başlanmasıyla bağlıdır. Sovet imperiyası və erməni daşnaklarının Dağlıq Qarabağ münaqişəsi ətrafında apardığı anti-Azərbaycan siyasəti nəticəsində 1980-ci illərin sonunda Azərbaycanda antisovet xalq hərəkatı təşəkkül tapdı. Sovet İttifaqı və yerli partiya rəhbərliyinin məsələnin həllinə biganə yanaşması vətəndaşları daha da hiddətləndirdi və az vaxt ərzində milyonlarla insan hərəkata qoşuldu.

Beləliklə, 1988-ci ilin 17 noyabrında Bakın Azərbaycan xalqının uzunmüddətli mübarizəsi başladı. Bu, Milli Azadlıq Hərəkatı idi və Azərbaycanın istiqlaliyyət qazanmasında əsas rol oynadı. Hərəkat 17 gün davam etdi və zorakı üsullarla dağıdıldı. Noyabrın 17-si 1992-ci ildən bayram kimi qeyd olunur. Milli Dirçəliş Günü təqvimdə bayram kimi göstərilsə də, qeyri-iş günü deyil.

“Millətimiz birliyinin, gücünün təntənəsini yaşadı”

Xalq hərəkatının liderlərindən biri, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı “Cümhuriyət”ə bildirib ki, Meydan Hərəkatı təkcə Azərbaycanın yox, o dövrdə sovet rejiminin siyasətinə məruz qalmış bütün xalqların oyanışında mühüm rol oynadı. S.Rüstəmxanlı hesab edir ki, bu, SSRİ-nin dağılmasına təkan verdi: “Bəziləri düşünürlər ki, SSRİ dağıldı, biz də müstəqil olduq. Amma bu belə deyildi. Əksini düşünürəm, Azərbaycanda xalq hərəkatı, Milli Azadlıq Hərəkatı baş verməsəydi SSRİ bu cür sürətlə dağılmayacaqdı. Düzdür, Sovet İttifaqının dağılması tarixi zərurət idi, amma Azərbaycandakı Milli Oyanış Hərəkatı bunu sürətləndirdi. Buna görə də Meydan Hərəkatının tarixi əhəmiyyəti var. Bu, Azərbaycan xalqının yaratdığı hərəkat idi. Ziyalılar, alimlər, tələbələr, müəllimlər, fəhlələr və xalqın bütün təbəqələri bu hadisələrin mərkəzində idilər. Həmin vaxt ziyalı birlikləri, mətbuat orqanları, kitablar, müxtəlif nəşrlər var idi ki, bunlar xalqın ayaqlanmasına, dirçəlişinə, milli şüurun oyanmasına ciddi təsir edirdilər. Nəticədə 1988-ci ilin fevral ayından başlayaraq, Azərbaycan xalqı ermənilərin iddia və ittihamlarına etiraz etməyə başladı. Artıq Moskvanın açıq-aşkar ermənipərəst mövqe tutduğunu gördükdə hərəkat təkcə Qarabağın müdafiə olunması ilə məhdudlaşmadı, Milli Azadlıq Hərəkatına çevrildi”.

VHP sədrinin sözlərinə görə, 17 noyabr 70 il əsarətdə yaşayan və repressiyalar, qadağalar içində sıxılan bir xalq gücünün hayqırtısı, böyük enerjinin birdən-birə üzə çıxması idi: “17 noyabrda millətimiz birliyinin, həmrəyliyinin, gücünün təntənəsini yaşadı və bu təntənə layiq olduğu qələbəni, ölkənin müstəqilliyini təmin etdi. Heç də hər millətin həyatında belə böyük hərəkatlar olmur və heç də hər millətin başladığı belə hərəkatlar hədəfinə çatmır. Bu dövləti xalqımız 1918-ci, 1937-ci və 80-ci illərin sonundan başlayaraq hələ də davam edən milyonlarla qurbanla, ötən əsrdəki yüz minlərlə sürgün, əzab-əziyyətlərlə qurub”.

“Meydanda bir qəhrəman vardı”

Hərəkatın iştirakçısı, Aydınlar Partiyası sədrinin müavini Qorxmaz İbrahimli “Cümhuriyət”ə 17 noyabr hərəkatının ümumxalq oyanışının, dirçəlişinin başlanğıcı olduğunu deyib. “Bu, sıradan bir hadisə deyildi. 28 il əvvəl baş vermiş bu hadisələr sözün həqiqi mənasında xalqın dirçəliş günü idi. 17 gün meydanı boşaltmayan xalq azadlıq mübarizəsinin, müstəqilliyin təməlini qoydu. Meydan Hərəkatının bir qəhrəmanı vardı, o da xalq idi, Azərbaycan xalqı”.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları