Yuxarı

Çovdarov sabiq şefini hədəfə çıxarır

Çovdarov sabiq  şefini hədəfə çıxarır

 

Qanqster general oyun qaydalarını dəyişir

Mahmudov “MTN cinayət”inin 3 nəfər arasında bölüşdürülməsini istəyir

Ləğv edilmiş MTN-nin generalı Akif Çovdarov və digər 3 nəfərin cinayət işi üzrə məhkəmə prosesi keçirildi. A.Çovdarovla birlikdə müttəhimlər kürsüsünə ləğv edilmiş MTN-in Energetika və Nəqliyyatda Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanov da çıxarıldı. Prokuror Akif Çovdarovdan və digərlərindən ittiham üzrə özlərini təqsirli bilib-bilmədiklərini soruşub.

Akif Çovdarov və digərləri özlərini təqsirli bilmədiklərini deyiblər. Əvvəlki prosesdə çıxış edən Çovdarov tamam fərqli fikir bildirmiş, demişdi ki, onunla birlikdə təqsirləndirilən şəxslərin heç bir günahı yoxdur: “Uşaqları buraxın, nə deyirsinizə edəcəm, sənədlərə də qol çəkəcəm. Onların heç bir günahı yoxdur. Mənə də hökm oxuyun”.

Odioz general açıq-aşkar oyun qaydalarını dəyişir. Əvvəlki məhkəmə prosesində MTN-dəki cinayətləri öz üzərinə götürdü, sonra geri çəkildi və ittihamları qəbul etmədi. Çovdarovun taktiki gedişi bir neçə amillə izah oluna bilər.

Əvvəlcə onu qeyd edək ki, onunla birlikdə təqsirli bilinənlərə “onların günahları yoxdur, mənə hökm oxuyun” deməsinin başqa izahı var. Bu onunla izah edilə bilər ki, əslində bandanın ən böyük cinayətkarları azadlıqdadır. Çovdarov dolayı yolla istintaqın diqqətini həmin şəxs, yaxud şəxslərə yönəltmək istəyir.

Çovdarov taktikanı niyə dəyişir?

Növbəti məhkəmə prosesində isə ittihamları qəbul etmədi. Görünür ki, cinayətkar bandanın azadlıqda olan başçısı, yaxud başçıları tərəfindən ona xəbərdarlıq edilib. Çovdarovun təzadlı çıxışlarını şərh edən ekspertlər bildirirlər ki, o, diqqəti keçmiş “patron”u Eldar Mahmudova yönəltmək istəyir. Məntiq var. Əgər Akif Çovdarov adaşı Akif Əliyev və Orxan Osmanovu müdafiə etsə, özünü birmənalı şəkildə təqsirli bilsə, bu şübhə oyada bilər. Bu halda istintaqın çaşdırıcı suallarının “tələ”sinə düşüb Eldar Mahmudovu ələ verə bilər. Belə bir vəziyyətdə də Çovdarovla birlikdə Əliyev və Osmanovun təqsirli qismində dindirilmələri Mahmudovun məqsədlərinə uyğundur. Nəticədə MTN cinayətləri 3 şəxs arasında bölüşdürüləcək ki, bundan Mahmudova “pay” düşməyəcək. Əks halda, onlarla cinayətin bir şəxs üzərində cəmləşməsi nə istintaqa, nə də cəmiyyətə inandırıcı gəlməyəcək.

Məhkəmənin sırf Akif Çovdarov üzərində qurulması da məntiqli deyil. Çünki bu halda inandırıcı gəlməyəcək ki, MTN-ə rəhbərlik etdiyi dönəmlərdə Eldar Mahmudovun bu cinayət əməllərindən xəbəri olmayıb. Amma Mahmudov düşünə bilər ki, cinayətlərə Akif Əliyev və Orxan Osmanovu da cəlb edə bilsə, nəzəri olsa da cinayətlər işlənərkən MTN rəhbəri kimi onunla banda arasında “qara pərdə” çəkmək mümkün ola bilərdi. Bu halda iddia olunduğu kimi Mahmudovun yox, Akif Çovdarovun cinayətkar bandaya rəhbərlik etməsinə məhkəməni inandırmaq daha asandır. Əliyev və Osmanov da burada banda üzvləri rolunu oynayırlar, eyni zamanda Akif Çovdarovun işlədiyi cinayətlərin Mahmudova çatdırılması kanallarının qarşısını kəsən maneələr qismində çıxış edirlər.

İlqar Əliyev müəmması

MTN-nin Antiterror Mərkəzinin rəis müavini, polkovnik İlqar Əliyevin müəmmalı ölümü də Eldar Mahmudovu xilas etdi. Çovdarovdan fərqli olaraq, İ.Əliyevdə Mahmudov cinayətlərinə dair geniş bilgilərin olması müzakirə mövzusu idi. Ölümündən saatlar əvvəl polkovnikin sirləri açacağı ilə bağlı məlumatlar dolaşırdı. Lakin gözlənilməz bir hal baş verdi, İlqar Əliyev özünü asdı. Bu onun öz seçimi idi, yoxsa Mahmudovun istintaq təcridxanasına uzanan əlləri boğdu? Hər halda məsələnin pərdəarxası tərəfləri açıqlanmamış qalır. Məsələnin formasından asılı olmayaraq, İlqar Əliyevin ölümü Mahmudovun maraqlarına uyğun idi. İndi Akif Çovdarovu susdurmaq işi qalırdı. Bu halda Çovdarovun sağ qalması lazım idi. Çünki o, öləcəyi halda iş bağlanmayacaqdı və istintaq Eldar Mahmudovun üzərinə gedə bilərdi. Buna görə Mahmudov və onu həbsdən qoruyanlar generalı ən azından iş bitənədək sağ qalmasını istəyə bilərlər. Buna görə də o, sıxışdırılır və ittihamları öz üzərinə götürüb, “qəhrəman” kimi görünmək əvəzinə veriləcək cəzadan digər təqsirlilərə də “pay”ın düşməsini təmin etməyə çalışırlar ki, Mahmudovu xilas edə bilsinlər.

Müttəfiqlər üçün sonun başlanğıcı

Əgər Çovdarov ittihamları öz üzərinə götürsə, istintaq araşdırmalarında oxun bir ucu Eldar Mahmudova dəyəcək. Mahmudovun ələ keçməsi keçmiş rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovu da açıq hədəfə çıxaracaq. Çünki keçmiş MTN rəhbərinin oğlu Anar Mahmudovun adı da “rabitəçilər işi”ndə hallandırılır. Bu, Abbasov və ata Mahmudovun ortaq olmasının göstəricisi hesab olunmalıdır. Çünki MTN kimi dövlətin strateji orqanının başçısının oğlu atasından icazəsiz öz təşəbbüsü ilə iş görə bilməzdi. Şübhəsiz ki, Eldar Mahmudov bundan xəbərdar idi və birbaşa işin içindəydi. Bütün bunları nəzərə alan müttəfiqlər Akif Çovdarovla yanaşı digər şəxslərin də həbsdə qalmalarını istəyirlər. Əks halda Mahmudov və Abbasov ələ keçə bilər ki, bu da onları siyasi institutlardakı dəstəkçilərinin maraqlarına uyğun deyil. Əli Abbasov və Eldar Mahmudov həbs olunsalar məsələ böyüyəcək və işin altından daha böyük, sürpriz adlar çıxacaq. Bu, siyasi sistemi də çalxalaya bilər. Digər yandan Akif Çovdarovun gedişatı dəyişməsi Mahmudovun MTN rəhbərliyində olarkən sataşdığı yüksək çinli məmurların onu “vurmaq” planı da ola bilər. Həmin şəxs, yaxud şəxslər tərəfindən Çovdarova qarantiya verə bilər ki, Mahmudovu ələ verəcəyi halda azadlığa çıxacaq, ya da minimum cəzayla yaxasını kənara çəkəcək. Bu məqsədlə də Çovdarovun növbəti məhkəmə proseslərində onunla birlikdə təqsirli bilinənləri müdafiə edəcəyi gözləniləndir. Əgər Akif Əliyev və Orxan Osmanova bəraət ala bilsələr, bu Mahmudov və müttəfiqi Abbasov üçün sonun başlanğıcı olacaq.

Əfqan Ədilov





Həftənin ən çox oxunanları