Yuxarı

“Qara kassa”lı, “qara əməl”li nazirlər

“Qara kassa”lı,  “qara əməl”li nazirlər

 

Onların cinayətləri həbs olunanda üzə çıxır

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) həbs olunan yüksək vəzifəli əməkdaşlarının məhkəmə işi davam etdikcə maraqlı faktlar ortaya çıxır. Mətbuatın və ictimaiyyətin gündəmində yer alan maraqlı məsələlərdən biri də nazirliyin yüksək vəzifəli işçilərinin “aylıq paket” almasıdır. Belə ki, sabiq nazir Əli Abbasov başda olmaqla, nazir müavinləri və aparat rəhbərləri vəzifələrinə uyğun olaraq müxtəlif məbləğdə aylıq “paket” aldıqları barədə istintaq ifadələri gündəmə gəldi. Məlumatlarda hətta hal-hazırda Rabitə və Yüksək Texnologiyalar nazirinin I müavini olan İltimas Məmmədovun da adı hallanır. İltimas Məmmədov isə istintaqa ifadəsində səslənən bu iddiaları təkzib edib.

Xatırladaq ki, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) keçmiş direktoru Beytulla Hüseynov istintaqa ifadəsində nazirliyin strukturlarından korrupsiya və xərclərin şişirdilməsi yolu ilə “obşiy katyol”a toplanan pullardan nazir müavini İltimas Məmmədovun özünə villa tikmək üçün bir dəfəyə 1.5 milyon manat götürdüyünü bildirib. Bütün deyilənlərdən belə məlum olur ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində baş verən bütün korrupsiya əməllərinə və nazirliyin tərkibində yaradılan “obşiy katyol”a hal-hazırda həbsdə olan sabiq aparat rəhbəri Vidadi Zeynalov rəhbərlik edib. Nazirdə daxil olmaqla, bütün yüksək vəzifəli əməkdaşların aylıq paketini də məhz Vidadi Zeynalov göndərib. Təbii ki, nazirliyin tərkibində fəaliyyət göstərən strukturlardan yığdığı “aylıq tas” hesabına.

Bütün bu deyilənlərdən məlum olur ki, bu cür hallarda təkcə Rabitə və Yüksək Texnologiyalar Nazirliyində və yaxud ləğv olunan Milli Təhlükəsizlik Nazirliyində baş vermir. Hal-hazırda da fəaliyyət göstərən bir çox nazirliklərdə korrupsiya, “aylıq paket”, qanunsuz haqq yığmaq halları baş verir. Ancaq bütün bu kimi cinayətlərin üstünün açılması üçün həmin nazirliyin rəhbərinin işdən çıxarılması vacibdir. Əks halda baş verən neqativ hallar heç vaxt “gün işığına” çıxmır. Təsadüfi deyil ki, hər hansı bir dövlət qurumunda baş verən cinayət əməlləri yalnız həmin qurumda baş verən “zirvə” dəyişikliyindən sonra ictimaiyyətə təqdim olunur.

“Qara kassa”lar demək olar ki, bütün nazirliklərdə var və hələ də bu kassalar aktiv fəaliyyət göstərir. Bəs bu kassalar nə üçündür?

Ölkədə hər bir nazir oliqarxa çevrilmək üçün çalışır və bunun üçün müxtəlif cinayət əməlləri də törətməkdən çəkinmirlər. Korrupsiya əməlləri, tabeliyində olan strukturlardan yığılan aylıq haqq- hesabına özlərinə miyardlar toplayan nazirlər müəyyən gücə çevrilirlər.

Əldə etdikləri güc hesabına da öz varidatlarını daha da artırırlar. Təbii ki, bütün bunları yalnız bir adamın etməsi mümkün deyil. Ölkənin hər hansı bir problemini həll etmək üçün heç vaxt bir araya gələ bilməyən nazirlər korrupsiya, cinayət əməllərini bir yerdə görürlər. Bunun əslində pərdəarxası məqamları da var. Belə ki, ortaq cinayət əməlləri olduğu üçün heç vaxt bir-birininin ayağını taptamırlar. Məhz bu səbəbdən də onlar uzun illər rəhbər vəzifələrdə qalırlar və yaxud bütün cinayət əməllərinə birbaşa rəhbərlik etmələrinə rəğmən bütün nazirliyin strukturu həbs olunsa da niyəsə nazirlər hər zaman azadlıqda qalır, prosesi kənardan izləyirlər.

Vilayət Muxtar

 





Həftənin ən çox oxunanları