Yuxarı

Fars casusu “Azərbaycan”a qarşı

Fars casusu  “Azərbaycan”a qarşı

 

Dilavər Əzimli: “Bu şəxs İran milli siyasətinə, fars şovinizminə xidmət edir”

Güntay Gəncalp İran ideoloqlarının “çörəyinə yağ sürtür”

Əslən Güney Azərbaycandan olan araşdırmaçı yazar Güntay Gəncalp həmişə özünün anti-Azərbaycan yazıları ilə gündəmə gəlib. Yazar son yazısında qeyd edib ki, 1918-cı ildə Xalq Cümhuriyyəti qurularkən  ölkənin adının “Azərbaycan” qoyulması tarixi bir xəta olub. Ölkənin “Şirvan” kimi gözəl və iki hecadan ibarət bir adı olduğunu xatırladıb. Ənənəsinə sadiq qalaraq Səfəviləri qaralayan Güntay “Səfəvi köləliyinə alışmış toplumu azad etməyin asan iş olmadığını” da qeyd edib: “Türkmənçay müqaviləsi deyildiyi kimi bir faciə deyil, bir qurtuluş imkanı olmuşdur.

Azərbaycan da Səfəvi mühitində qalsaydı, indi Bakı nefti Əhər mis yatağı kimi fars aristokratlarının əlində, Bakı da tam olaraq fars şəhəri olacaqdı. Bəlkə gələcəkdə güclü bir lider çıxar və Azərbaycan sözünü o ölkənin üzərindən silərək tarixi adını, yeni Şirvan kimi gözəl adını geri qaytarar”.

“Onu himayə edənlər müstəqilliyə qarşıdırlar”

Tarixçi alim Dilavər Əzimli “Cümhuriyət” qəzetinə bildirib ki, Güntay Gəncalp tarixçi deyil, ona rəsmi  səviyyədə cavab verməyi məqbul saymıram: “Hesab edirəm ki, bu şəxs Azərbaycan tarixinə və dövlətinə qarşı böhtan atan, ona şər yaxan yönləndirilmiş bir adamdır. Zənnimcə bu, birbaşa fars şovinizminə, İran-fars milli siyasətinə qulluq edir. Çox təəssüf ki, onun Azərbaycanda kitablarını yayan mətbəələr var. Onu müdafiə edənlər Azərbaycan dövlətinə, müstəqilliyinə qarşıdırlar. Ərəb mənbələrində Azərbaycan İraq, Kərkük , Həmədan ərazilərindən başlayaraq Dərbəndə, Ərzincana qədər olan tarixi əraziləri əhatə etdiyi göstərilir. Şirvan bu ərazilərin bir vilayətidir. Şirvan adı ümumiyyətlə, sonradan əmələ gəlib. Şirvanın yaranma tarixi çox uzaq deyil. Bu ad bəzən “Şərvan” kimi də səslənib. Bəzən deyirlər bu ad ərəblər tərəfindən gətirilib. Bütün bu ərazilərin vahid bir adı var, o da Azərbaycandır. Azərbaycan adının bura verilməsi çox böyük məna daşıyır. O zaman Məhəmməd Əmin Rəsulzadə Azərbaycan sözünü gündəmə gətirməklə İranın Kəngər körfəzindən tutmuş Dərbəndə qədər tarixi torpaqlarımızın  bütövlüyünü nəzərdə tuturdu. O, Azərbaycan sözünü gündəmə gətirməsəydi, bu ad yoxa çıxa bilərdi. 1918-20-ci illərdə İran buna etiraz edib. Tarixçi alimlərdən soruşun - 1918-20-ci illərdə İranın adı nə olub? Həmin illərdə İranın adı Qacar Türk İmperiyası idi. Bu imperiyanı ingilis, yəhudi sisteminin əli ilə 1935-ci ildə rəsmiləşdirib “İran” adını verdilər. 1925-ci ilə qədər orada  türklər hakimiyyətdə idi”.

“Azərbaycan tarixən bütöv olub”

Tarixçi alim deyib ki,  mənbələr sübut edir ki, İran coğrafi ərazi kimi daha çox Əfqanıstana doğru uzanır: “Bu baxımdan belə bir iddia ilə çıxış etmək Azərbaycan dövlətçiliyinə qarşı atılmış bir iddiadır. Azərbaycan tarixən bütöv olub. Dərbəndə qədər bu ərazilər Azərbaycan adlanıb. Sadəcə olaraq Şirvanşahlar, Səfəvilər, Ağqoyunlu, Bayandurlu, Əfşarlar, Qacarlar kimi sülalə hakimiyyətləri mövcud olub. Onlar da Azərbaycan dövlətinə xidmət edib. Avropada olduğu kimi müəyyən dövrlərdə Azərbaycan əraziləri ayrı-ayrı sülalə hakimiyyətlərinə parçalanıb. Fəqət, bütün bu sülalə hakimiyyətlərinin bir nömrəli məqsədi Azərbaycanı vahid dövlətdə birləşdirmək olub. Güntay Gəncalpa fars rejiminin maraqları üst-üstə düşür. Araza qədər Azərbaycan ərazisi olub. Bir çox tarixi mənbələr Azərbaycanın tarixi coğrafiyasını hələ XIV əsrdə verib. Bu mənbələr ölkəmizin bütöv coğrafiyasını ortaya qoyub. Bu gün Şirvan sözünün ortalığa atılması Azərbaycan dövlətinə xəyanətdən başqa bir şey deyil”.

“Səfəvilər şəhərləri dirçəltdi”

Tarixçi onu da qeyd edib ki, onun məşğul olduğu sahə Səfəvilər dövrünün nefti, dulusçuluğu və ipəyi olub: “Səfəvilər birmənalı olaraq türkdür, onlara fars adını yapışdırmaq molla rejiminə xidmət etməkdir. Səfəvilər zamanı farslara aşağı təbəqəli insan kimi baxırdırlar. Fars şairləri hamısı gedib bazarda mal satmaqla məşğul idilər. Səfəvilər dövründə Azərbaycanda vahid iqtisadi sistem yarandı. Onlarla şəhər yüksək səviyyədə inkişaf etdi. Neft birbaşa Azərbaycan türklərinin malı idi. XVI əsirdə 12 min ton neft çıxırdısa, XVII əsirdə Səfəvilər bu rəqəmi bir neçə dəfə artırdı. O dövrdə yeganə Azərbaycan ərazilərində neft çıxarılırdı. Səfəvilər dövründə Azərbaycanın iqtisadi inkişafı Amerikanın bugünkü iqtisadi inkişafından da yüksək idi, əhali də olduqca yaxşı yaşayırdı. Bunu birbaşa səyyahlar sübut edib. Bütün vəzifələrdə yalnız türklər otururdu. O dövr Azərbaycanda neftin satışı və inkişafı yalnız xalqın maraqlarına xidmət edirdi. Güntay Gəncalp və bunun kimilərin ölkəmiz haqqında dediyi fikirlər ancaq tariximizi ələ salmaq məqsədi daşıyır. Həmçinin İran və fars şovinizminə xidmət etməkdən başqa bir şey deyil. Bunlar cəfəng iddialardır”.

Yeganə Oqtayqızı

 





Həftənin ən çox oxunanları