Yuxarı

İqtidar məmur həbslərini niyə dayandırdı?

İqtidar məmur  həbslərini niyə  dayandırdı?

Korrupsionerlərin ifşası sistemi laxladırdı

Nəqliyyat naziri Ziya Məmmədovun keçmiş müşaviri Çingiz məhkəmədə ifadə verib. İttihama görə, Çingiz Baxışovun qohumu Rövşən Əhmədov onun özünün 695 minlik, qızlarından Fatmanın 50 minlik, Sevilinsə 55 minlik qızıl-bəzək əşyalarını ələ keçirib. Çingiz Baxışovun sözlərinə görə, qohumu Rövşən təxminən 12 il onun yanında işləyib, nəqliyyat müfəttişi olub. O deyib ki, qızıl-zinət əşyalarının bir hissəsi ikikiloqramlıq qatıq vedrəsində, bir hissəsi çay qabında, qalanı da bir sellofanda olub. Hər üç bağlamanın da ağzı “skoç”lanıb.

Əşyaların böyük bir qismi qızıl pullar - 5-lik, 10-luq, 15-liklər olub. Qızılları Rövşənə verəndə yoldaşım dedi ki, “ömür boyu nə yığmışıqsa, hamısı burdadır, aparıb bizi pis günə qoyarsan”. O da cavabında qayıtdı ki, "heç nədən narahat olmayın, aparıb basdırıb gizlədəcəyəm”. Torbada 6-7 kilo qızıl olardı”. Keçmiş müşavir ümumilikdə 800 min manatlıq qızılının olduğunu bildirib.

Açıq şəkildə müşavir olarkən korrupsiya hallarına yol vediyini, yaxud rüşvət aldığını etiraf edir. Bildiyimiz qədər Çingiz Baxışov nazirlikdə işə başlayanadək zəngin və imkanlı olmayıb. Ata, yaxud babalarından ona zəngin miras da qalmayıb. Belə bir vəziyyətdə o, imkanlı şəxs kimi vəzifənin icrasına başlaya bilməzdi. Bu baxımdan böyük bir xəzinəyə və imkanlara malik olmasının nəqliyyat nazirinin müşaviri təyin olunmasından sonraya təsadüf etməsi şəksizdir. Elə məhkəməyə ifadəsində həyat yoldaşının diliylə bunu açıq formada dilə gətirir: Qızılları Rövşənə verəndə yoldaşım dedi ki, “ömür boyu nə yığmışıqsa, hamısı burdadır, aparıb bizi pis günə qoyarsan””.

Cəzasız qalan korrupsioner məmurlar

Etiraf edir ki, vəzifədə olarkən sırf öz gələcək iqtisadi-sosial təhlükəsizliyini təmin etmək üçün çalışıb. Amma idarəetmə sistemində Çingiz Baxışov kimi korrupsioner məmurların sayı kifayət qədərdir. Keçmiş rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bunların ən böyük və son bilinən nümunələrindən biridir. Amma məsələ bu deyil ki, Çingiz Baxışov məmur qismində özünə yaxşı imkanlar yaradıb. Məsələ budur ki, heç kəs ondan bu pulları haradan, hansı yollarla əldə etməsini soruşmur. Elə Əli Abbasovdan da, vəzifədə olduğu 10 il ərzində ölkədən 9 milyard dollar çıxardığı idda olunan keçmiş MTN rəhbəri Eldar Mahmudovdan da soruşmurlar.

Siyasi sisteminin əsas problemi də budur. Anlamaq olar ki, Əli Abbasov və Eldar Mahmudov dövlətin informasiya və təhlükəsizlik sistemləri kimi strateji əhəmiyyətli orqanların rəhbərləri olublar. Vəzifələrindən uzaqlaşdırıldıqdan sonra cəzadan xilas olmaq üçün şantaja əl ata bilərlər. Həmin qurumlara rəhbərlik etdikləri illərdə şantaj üçün kifayət qədər məlumatlar toplaya bilərdilər. Lakin Çingiz Baxışov kimi kiçik çaplı məmurların və digərlərinin cəzalandırılılmaması, sorğu-suala tutulmaması şübhə oyadır.

Məmmədovlar “iş” başında

Çingiz Baxışovdan yığdığı pulların hesabı soruşulmalıdır. Ondan əvvəl nəqliyyat naziri Ziya Məmmədov sorğuya çəkilməlidir ki, niyə rəhbəri olduğu quruma nəzarət etməyib? Əgər Məmmədov adi bir müşavirinin qanunsuz əməllərinə göz yumurdusa, yaxud şərait yaradırdısa, o zaman Çingiz Baxışovdan da ranqı və vəzifəsi yüksək olan nəqliyyat işçilərinin London, Mayami, Dubay, yaxud digər dövlətlərdə milyonlarla dollar dəyərində əmlaklarının, bank hesablarında milyonlarının olması şəksizdir. Lakin bütün bunların hesabını Ziya Məmmədovdan soruşmaq yersizdir, məntiqli deyil.

Çünki nazirin özünün də adına demək olar ki, hər rayon və şəhərdə biznes obyektləri, şirkətlər, daşınmaz əmlakları, sığorta şirkətləri, MMC-lər və s. var. Təkcə o fakt kifayətdir ki, 2005-2013-cü illər ərzində ölkənin yol infrastrukturunun yenilənməsi və bərpası üçün dövlət büdcəsindən 7.3 milyard dollar maddi vəsait ayrılıb. Xaricdən alınan kreditlər bura daxil deyil. 10 milyarda yaxın bir vəsait qarşılığında plana daxil edilmiş işlərin heç biri görülməyib, görülübsə də qənaətbəxş deyil. Əlbəttə, yol tikintisinə ayrılan pulların Məmmədov tərəfindən mənimsənilməsi də müzakirə mövzusudur.

Şübhəsiz ki, Ziya Məmmədovun nəhəng biznes imperiyasını həmin pullar hesabına qurduğu da istisna deyil. O, oğlu Anar Məmmədova da özünü biznesmen kimi inkişaf etdirməsi üçün hər cür şəraiti yaradıb. Hətta Anarı ABŞ-ın milyarder prezidenti Donald Tramp da tanıyır, onunla iş görür. Oğul Məmmədovun oynadığı rüşvətxor məmur övladı o həddə çatdı ki, Qəbələdə öz sevgilisi üçün qəfəsdəki ayını kəsdirib yedizdirdi. Düzdür, bunun verdiyi əvəz ağır oldu, amma məmmədovlar oyunlarını vətəndaşların və hakimiyyətin gözləri qarşısında oynayırdılar. Bu ikrah və nifrət hissləri yaradırdı: həm məmmədovlar, həm də sistemə qarşı. Düzdür, Ziya Məmmədov və oğluna qarşı media hücumları, ictimai qınaq kəskinləşdikcə səlahiyyətləri azaldıldı. Amma səlahiyyətlərinin azaldılması onun cəzalandırılması, yaxud dövlət vəsaitlərini şəxsi biznesinə yönəltdiyi üçün sorğuya çəkilməsi demək deyil.

Sistem həbslərə niyə son qoydu?

Hakimiyyət korrupsiya və rüşvət almaq ittihamları sürülən və vəzifələrindən uzaqlaşdırılan nazir, yaxud digər kateqoriyadan olan məmurların həbs olunması ənənəsinə son qoyub. Sonuncu həbs hadisəsi keçmiş səhiyyə naziri Əli İnsanov və iqtisadi inkişaf naziri Fərhad Əliyevlə bağlıdır. Vəzifələrindən uzaqlaşdırılan və barələrində korrupsiya, dövlət vəsaitlərini mənimsəmək ittihamları olan keçmiş əmək və əhalisinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov və iqtisadi inkişaf naziri Heydər Babayevə toxunulmadı. Ən yaxşı halda şəxsi biznesləri əllərindən alındı. Özləri də xarici ölkələrə üz tutdular. Lakin son dönəmlərdə adları sui-istifadə hallarına qarışmış məmurların nə həbs olunmamaları, nə də şəxsi bizneslərinin əllərindən alınmaması başqa şübhələri oyadır, ehtimallar yaradır. Cəzasızlıqda qalan, üstəlik rahat şəkildə öz şəxsi bizneslərini inkişaf etdirən bu keçmiş məmurlar sistemin digər üzvlərinə də mənfi örnəkdirlər. Görünən budur ki, sistem ya onları həbs etdirməkdən qorxur, ya da elə rüşvət almaq və korrupsiyaya yol verməyin elə sistemin oyunu qaydası olmasını etiraf edə bilmir. Vəzifədən uzaqlaşdırmaq isə sadəcə gözdən pərdə asmaqdır. Məsələ hər nədirsə, sistemin korrupsioner və rüşvətxor məmurlardan ibarət olması iddiası rəsmi qaydada təsdiqləndikcə, bu cəmiyyətdə qazanılmış nifrət və ikrah hisslərinin dozasını bir qədər də artıracaq.

Əfqan Ədilov





Həftənin ən çox oxunanları