Yuxarı

Hökumətin manevr meydanı daralır

Hökumətin manevr  meydanı daralır

 

İlqar Məmmədova görə, AB-dən sərt sanksiya gələ bilər

Ələsgər Məmmədli: “Bu, Azərbaycanın beynəlxalq imicinə mənfi təsir göstərən məqamdır”

Vüsal Qarayev: “Bu məsələ bir az “demokratiya-demokratiya” oynamağa bənzəyir”

Avropa Birliyi Azərbaycan hökumətini müxalifətçi, REAL sədri İlqar Məmmədovu azad etməyə və Avropa Şurasının üzvü kimi öz öhdəliklərini yerinə yetirməyə çağırır. Qeyd edək ki, Avropa Birliyi İlqar Məmmədovla bağlı Azərbaycana bir neçə dəfə xəbərdarlıq edib. Xatıladaq ki, hələ 2015-ci ilin oktyabr ayında Avropa İnsan Haqları Məhkəməsinin qərarlarının icrasına nəzarət edən Avropa Birliyinin Nazirlər Şurasının məhkəmə qərarlarını icra etməyən dövlətlərə qarşı sankisiyalar tətbiq olunacağı ilə bağlı xəbərdarlığı olub və həmin ölkələr arasında Azərbaycanın da adı var. Avropa Birliyinin bu dəfəki xəbərdarlığını əgər Azərbaycan tərəfi yerinə yetirməyəcəksə Azərbaycanı nə gözləyə bilər?

“Cümhuriyət” qəzetinə şərhində siyasi ekspert, hüquqşünas Ələsgər Məmmədli deyib ki, Azərbaycan Avropa Birliyi arasında Şərq Tərəfdaşlıq kateqoriyaları istisna olmaqla birbaşa rəsmi öhdəlikləri yoxdur. Amma təbii ki, Avropa Birliyi və Avropa Şurası ölkələri nəticəyə önəm verir: “Bu da o deməkdir ki, qurum o qədərdə önəmli deyil, ancaq qurumu təmsil edən ölkələrin iddiaları daha çox əhəmiyyətlidir. Yəni Avropa Birliyini ölkələrindən Azərbaycana qarşı hər hansı bir mənfi bəyanat verilirsə bu, Azərbaycanın beynəlxalq imicinə mənfi təsir göstərən məqamdır. Azərbaycan əslində Avropa Birliyi ilə 2015-ci ilin sentyabr ayında əməkdaşlığı dayandırdığını bəyan etmişdi. Amma yeni-yeni münasibətləri təkrar bərpa edirdi. İndiki halda belə bir tələbin gəlməsi onu göstərir ki, Avropa Birliyi heç də imitasiya proseslərinə uymur və Azərbaycandan konkret addımlar istəyir. Xüsusilə də günahsız şəkildə saxlanılan İlqar Məmmədov və digər şəxslərin olunmasını tələb edir. Avropa Məhkəməsi də İlqar Məmmədovun azad olunması ilə bağlı bilavasitə qərar çıxarıb, onun mühakimə olunmasını hüquqa zidd hesab edib.

Bununla bağlı Avropa Şurasının saysız hesabsız qərarları var ki, Azərbaycan tərəfi Avropa Məhkəməsinin qərarlarını icra etməlidir. Avropa Birliyinin Azərbaycana qarşı bununla bağlı olan tələblərinin üst səviyyədən gəlməsinin altında duran məqam isə Azərbaycanın artıq manevr imkanlarının olmamasıdır. Azərbaycan hökuməti artıq bu mənasız inadlaşmadan imtina etməlidir və öz vətəndaşlarının hüquq və azadlığına daha sayqılı yanaşmalıdır”.

“Dəyirman öz işində, çax-çax baş ağrıdır”

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) mətbuat xidmətinin rəhbəri Vüsal Qarayev isə bildirib ki, Azərbaycanda hər zaman siyasi məhbus problemi olub, Aİ də hər zaman hökumət qarşısına bununla bağlı şərtlər qoyub və bu şərtlər də çox nadir hallarda təmin edilib: “Heç vaxt da Azərbaycana qarşı sərt təziqlər göstərilməsinin şahidi olmamışıq. Nə Aİ tərəfindən, nə də digər beynəlxalq qurumlar, dövlətlər tərəfindən. Bu məsələlər biraz “demokratiya-demokratiya” oynamağa bənzəyir. Yaxud, dəyirman öz işində, çax-çax baş aparır. Yəni mənim işim sənə xəbərdarlıq etməkdir, edirəm, gerisini özün bilərsən, öz işindir. O ki, qaldı niyə məhz İlqar Məmmədov məsələsinə, düşünürəm ki, buna əsas səbəb reklamın güclü aparılmasıdır. Bəli, Azərbaycanda siyasi görüşlərinə görə şərlənərək həbs edilən xeyli müxalif fikirli insan var, amma onlar İlqar Məmmədov qədər ictimailəşdirilmədi, kobud desək, reklam olunmadılar.

Üzücü də olsa reallıq budur. Onu da unutmayaq ki, heç bir beynəlxalq qurum, heç bir ölkə, məsələn ABŞ, gəlib Azərbaycanda hansısa vətəndaşın hüquqlarını müdafiə edəsi deyil. O halda edərlər ki, bu məsələdə onların öz siyasi, dövlət maraqları olsun. İlqar Məmmədov məsələsində Aİ nə qədər maraqlıdır, onu deyə bilmərəm”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları