Yuxarı

İnhisarçılar əti də bahalaşdırdı

İnhisarçılar əti də bahalaşdırdı

Hökumət hamımızı vegetarian etmək istəyir

Sevgim Rəhmanov: “Bahalaşmanın səbəbi məmurlardır”

Artıq bir neçə gündür ki, paytaxtda mal ətinun 1 kiloqramı 9. 50-10 manata satılır. Bu isə o deməkdir ki, son günlərdə mal ətinin hər kiloqramı təxminən 1-2 manat bahalaşmaya məruz qalıb. Gözləntilərə görə, bu, son hədd deyil, qiymət bahalaşması davam edəcək. Belə ki, qarşıdan gələn Yeni il ərəfəsində mal ətinin bir kiloqramı 12 manata, qoyun əti isə 10 manata satılacaq.

Cari ilin iyul avqust ayında mal əti 7 manat 50 qəpiyə idi. Bu məsələdə sürətlə bahalaşmanın baş verməsi anlaşılan deyil. Ekspertlər hesab edir ki, ətin sürətlə bahalaşmasına səbəb ət qıtlığı, gömrük rüsumunun artırılması və ilin yağıntılı keçməsi ilə əlaqədar ölkədə iribuynuzlu mal- qara üçün ot ehtiyatının azalmasıdır. Hazırda bir yonca bağlaması 5-6 manat arası təklif olunur. Yem isə 6-7 manata satılır. Bu da kəndlilərin və fermerlərin cibinə uyğun olmadığına görə onlar çəkdikləri xərci çıxarmaq üçün ətlik mal-qaranı baha qiymətə satır. Əvvəlki illərdə Azərbaycana xaricdən, əsasən isə Gürcüstandan ətlik iri və xırda buynuzla heyvan idxal olunurdu. Bu isə bazarda qiyməti qismən sabit saxlamağa imkan verirdi. Mütəxəssislərin bildirdiyinə görə bu məsələdə gömrük rüsumunun artırılması çox səhv addım idi.

“Subsidiyalara nəzarət artırılmalıdır”

Tacirlər və İstehlakçılar Birliyinin sədri Sevgim Rəhmanov “Cümhuriyət” qəzetinə açıqlamasında bu günlərdə Kənd təsərrüfatı nazirinin məsələ ilə bağlı verdiyi açıqlamanı absurd adlandırıb: “Kənd təsərrüfatı naziri çox absurd bir açıqlama ilə çıxış etdi. Deyir bu gün biz idxalı qadağan eləmişik. Yəni ki, gömrükdən keçməsini tənzimləmək üçün qiymətləri qaldırmışıq ki, yerli istehsala kömək olsun. Bilirsiz, bu nə deməkdir? Əvvəla, bu yerli istehsala kömək olmayacaq. Təbii ki, bu qiymət artımına gətirib çıxaracaq. Yerli istehsalın iqtisadi mexanizmləri, yem tədarükü var. İki- üç günə inək balası 200-300 kiloqram ət verməyəcək ki? Bunun üçün aylar, illər lazımdır. Hesab edirəm ki, bu məsələ də hökumətin buraxdığı səhvlərin cərgəsindədir. Yem niyə bahadır, necə oldu ki, baha oldu? Bunun bir dayaq nöqtəsi olmalıdır. Bunun cavabını tapmayanda cürbəcür yollara əl atırlar. Kənd Təsərrüfatı Nazirliyi bu açıqlamanı saxlayıb yeni ildən sonra verərdi. Bu gün sahibkarlar və fermerlərin kifayət qədər mal-qarası yoxdur ki, bazara daxil olsunlar. Bu sahə bəzi məmurların, iş adamlarının vəzifədə olanların əlindədir. Əslində ətin qiymətinin artması həmin o vəzifəlilərə kömək oldu. Kəndlilərə, fermerlərə verilən subsidiyalar isə sadəcə görüntü xatirinə oldu. Kənd Təsərrüfatı Nazirliyi tərəfindən verilən subsidiyalara nəzarət, məsuliyyət olmalı idi. Nəzarət və hesabat yoxdur. Sadəcə veriləndə elan olunur ki, filan qədər subsidiyalar verildi. Amma nəticəsi nə oldu, arxasınca gedən yoxdur. Mən kifayət qədər vəzifədə olan adam tanıyıram ki, onların xeyli həm xırda, həm də iribuynuzlu mal-qarası var. Axtarsanız, görərsiniz ki, onların əslində adları sahibkardır, özləri isə yüksək rütbəli, vəzifəli şəxslərdir. Bu məsələ yalnız onlar üçün xeyir verə bilər. Sadə adamın bir-iki mal-qarası var, onu da kəsməyəcək. Mal və qoyun ətinin qiymətləri xeyli aşağı düşmüşdü. Nə oldu buna? Əksinə indiki vaxtda hamıya yaxşı məlumdur ki, kəsim çoxalır. Çünki hər insanın mal-qaranı qışda saxlamağa imkanı yoxdur. İnsanları bu günə niyə salırlar? 200 manat pensiya alan 320-330 dollar edirdi. İndi isə bu məbləğ 120 dollar edir. Bunu nəzərə almaq lazımdır. Özlərinin dediyi kimi inflasiya 12 faiz deyil axı... İnsanların ağlında bu cür qalmaq üçün sərsəm açıqlamalar verirlər”.

“Qiymət bir az da bahalaşacaq”

Ekspert deyib ki, yaxın günlərdə ətin qiymətinin daha da artacağı istisna deyil: “Qiymət daha da qalxacaq. Çünki bazar elə bir sistemdir ki, bunu yalnız elə bazarın özü həll edir. Daha doğrusu, bu gün bu məsələni məmurlar həll edir. Məmurun bazara müdaxilə etməyə heç ixtiyarı yoxdur. Amma eləyirlər”.

Sevgim Rəhmanov sözügedən məsələdə dövlət tənzimlənməsinə ehtiyac olduğunu deyib: “Dövlətin inkişafı üçün pambıq lazımdır. Hökumət səmdar cəmiyyətləri yaratdı, torpaqları ayırdı və səpin, dərman üçün pul ayırdı. Deməli bu iqtisadi yoldur. Hökumət deyirdi ki, tut ağaclarını kəsin ki, baramanı inkişaf etdirək. Yaxud da başqa bir addım atın ki, hansısa sahə inkişaf etsin. Kənd Təsərrüfatı Nazirliyi kənd təsərrüfatının siyasətini qorumalıdır. Nazirlik yarmarkalarla başını qatır, amma bu işlərlə məşğul olmur. Administrativ yolla kənd təsərrüfatını inkişaf etdirmək nəyə lazımdır?

Əgər elədirsə, Kənd Təsərrüfatı Nazirliyi və orada çalışan yüzlərlə insan nəyə lazımdır? O zaman qərarı Prezident Administrasiyası verərdi, məsələ də bitərdi. Bazar iqtisadiyyatına baxış, onu bilmək, bu sahədə olanları proqnozlaşdırmaq, aqrar siyasəti düzgün qormaq lazımdır. Əfsuslar olsun ki, bu sahəsdə axsamalar var ”.

Alçina Amilqızı





Həftənin ən çox oxunanları