Yuxarı

Polisə əlavə səlahiyyət: Vəziyyət nəzarətdən çıxa bilər

Polisə əlavə  səlahiyyət: Vəziyyət  nəzarətdən çıxa bilər

 

Şəmsəddin Əliyev: “Fövqəladə vəziyyətin yaradılmasına ehtiyac var”

Milli Məclisdə Cinayət Prosessual Məcəlləsinə dəyişiklik edilib. Məcəllənin 236.4 və 244.1-ci maddələrinə edilən düzəlişlərə görə hüquq-mühafizə orqanlarının hal şahidləri olmadan axtarış və müsadirə həyata keçirməsinə imkan veriləcək. Eyni zamanda bundan sonra prosesin video çəkilişi aparılırsa, hüquq-mühafizə orqanları əməkdaşlarının hal şahidləri olmadan da axtarış və müsadirə həyata keçirə biləcəklər. Layihələr səsə qoyularaq qəbul olunub.

“Polisə dəstək” İctimai Birliyinin sədri, kriminalist Şəmsəddin Əliyev “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, burda məqsəd su-istifadəyə yol verməkdən getmir: “Sovet dönəmindən bu günə qədər hüquq-mühafizə orqanları, hətta məhkəmələr belə prosesin gedişində prosessual hərəkətlərin həyata keçirilməsi zamanı mütləq mənada 2 hal şahidinin iştirakı vacib sayılırdı. Onlarsız hər hansı bir prosessual hərəkətin həyata keçirilməsi Cinayət Prosessual qanunvericiliyinə zidd addım kimi qəbul olunurdu. Yəni, bu hüquqi əsas kimi qəbul olunmurdu.Amma burda başqa hallar var. Təbii ki, cəmiyyət inkişaf edir, insan olan yerdə həmişə problem var. Son zamanlar bu problemlər aktuallığı ilə seçilir.Beynəlxalq aləmdə soyğunçuluğa, dini radikalizmə çox geniş şərait yaranıb. Bu qüvvələr bəzən cəmiyyətdə sezilməyib, onların hərəkəti barədə hüquq- mühafizə orqanlarına çox nadir hallarda məlumat verilir.Hesab edirəm daha çox ciddi məsələlər var ki, burda Cinayət Prosessual Məcəlləsinə dəyişiklik edilməsi üçün əsas verilib”.

 Ekspertin qənaətincə,  polis öz səlahiyyətini aşa bilməz: “Çünki hər yerdə videokameralar var, polisin cəmiyyətə zidd davranışlarını çəkib saytlarda yayırlar. Bunun özü polislərin şərti fəaliyyətini araşdırmaq üçün kifayət qədər əsasdır. Bu gün Suriyada, İraqda müxtəlif təriqətlərə xidmət edən və şübhəli həyat tərzi keçirən radikal insan qrupları var. Onların Azərbaycana gəlişi üçün münbit şərait var. Onların sırasında azərbaycanlılarla yanaşı digər xalqlardan olan müsəlmanlar da var. Onlar həm yaşamaq üçün, həm də öz fəaliyyətlərini davam etdirmək üçün daha geniş və müstəqil məkan axtarırlar.

Yaxınlarda Zaqatala, Oğuz, Balakən rayonlarında Azərbaycan polisi Rusiyanın təhlükəsizlik orqanları ilə birlikdə reyd keçirdilər. Əsas niyyət də belə halların qarşısını almaqdan ibarətdir.Orda hərbi sursat aşkarlanıb, 13 nəfər həbs olunub. Hesab edirəm ki, fövqəladə vəziyyətin yaradılmasına ehtiyac var. Bu gün insanlığa qənim kəsilmiş qruplar Azərbaycana üz tuta bilər və hər şey nəzarətdən çıxa bilər. Hesab edirəm ki, hələlik 3 ay müddətində fövqəladə vəziyyətin yaranması üçün prezident fərman imzalamalı və onu Milli Məclisə göndərməlidir.Azərbaycan dünyaya sabitliyin qorunmasında nümunəvi bir ölkədir.Niyə bu sabitliyin pozulması üçün imkan yaradaq?”

Şəmsəddin Əliyevin sözlərinə görə, Cinayət Prosessual Məcəlləsinə edilmiş dəyişiklik baş vermiş cinayət hadisəsində şəxsiyyətin müəyyən olunması üçün geniş imkanlar açır: “Keçmiş illərdən bağlı qalan kifayət qədər cinayət hadisələri var. Həmin cinayətlərin əksəriyyətində cinayətkarın şəxsiyyəti bilinmir. Bəlli olanların yaşadığı yer məlum deyil. Amma indiki məqamda elə məlumat daxil ola bilər ki, axtarışda olan, xüsusilə təhlükəli cinayətkarın hansı ünvanda gizləndiyi bilinər və ora dərhal məhkəmə qərarı olmadan çevik reaksiya göstərib obyektə daxil olmaq olar. Bu həm də cinayətkarlıqla mübarizə istiqamətində vəziyyəti yaxşılaşdıran hallardan biridir.Burda qeyri-adi bir şey axtarmağa dəyməz. Söhbət cinayətkarlıqla mübarizədən gedir.Burda dinc əhaliyə qarşı tələ qurmaqdan söhbət getmir. Bunu başqa cür də yozmaq olar.

Sərhəd keçid məntəqələrində və yaxud da qaçaqmalçılıq yolu ilə sərhədlərdən narkotik maddələrin aşkarlanması halları aşkarlanır.Əksər hallarda vətəndaşlar hal şahidi qismində cəlb olunmaqdan yayınır.Əməliyyat işçisinin tərtib etdiyi akta, protokola imza atmaqdan yayınır.Belə hallar narahatlıq doğurduğundan, bəzən də cəzasızlıq mühiti yarandığından burda da hal şahidlərinin olmasına zərurət yaranır.Bütün bu addımlarda məqsəd bilavasitə cinayətkarlıqla mübarizənin istiqamətinə çevik reaksiya vermək və vaxtında onu zərərsizləşdriməkdən gedir”.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları