Yuxarı

Əli Abbasovu “unutdurmaq” planı

Əli Abbasovu  “unutdurmaq” planı

 

Korrupsioner sabiq nazirləri himayə edən kimlərdir?

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin aparat rəhbəri olmuş Vidadi Zeynalovun və həmin nazirliyin tabeliyindəki qurumlara rəhbərlik etmiş daha 10 nəfərin istintaqı yekunlaşdırılıb. Bu cinayət işindən başqa bir iş də ayrılmışdı. Avqustun 26-da ayrılmış həmin cinayət işi üzrə hələ də Korrupsiyaya qarşı Mübarizə İdarəsində istintaq gedir.

Rabitə sistemində dövlətin on milyonlarla manat pulunu mənimsəməkdə ittiham olunanlar Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunan 11 nəfərlə bitmir. Ayrılmış cinayət işində keçmiş nazir Əli Abbasovla bağlı da araşdırma aparılır. Səbəb də odur ki, indi məhkəməsi gedən 11 nəfərin bir neçəsi, o cümlədən, aparat rəhbəri olmuş Vidadi Zeynalov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin sabiq baş direktoru Beytulla Hüseynov Əli Abbasovun əleyhinə ifadə veriblər.

Keçmiş nazirin işi niyə ayrıldı?

Əli Abbasovun işinə ayrıca baxılması başqa məsələlərdən xəbər verir. Ehtimal edilir ki, bu, sabiq nazirin müdafiə edilməsi və həbsxanaya gedən yolunun bağlanılmasıdır. Gələn məlumatlara görə, Abbasovun adının “rabitəçilərin işi”ndən çıxarılması üçün ciddi işlər gedir. İşə ayrıca baxılması da planın tərkib hissəsidir. Belə ki, Əli Abbasovu müdafiə edənlər məsələni saxlanılmış müavinləri və nazirliyin bir neçə digər keçmiş yetkilisi ilə bitirmək istəyirlər.

RİTN ətrafında baş verənlər ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyi (MTN) və bu qurumun keçmiş rəhbəri Eldar Mahmudovun işinə oxşayır. Məlumdur ki, MTN ləğv olunduqdan sonra bu orqanın və Eldar Mahmudovun adı ağır cinayətlərdə hallandırıldı. Lakin həbs olunmadı, indi də azadlıqdadır. Mahmudovun əvəzinə MTN-nin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, Antiterror Mərkəzinin rəis müavini vəzifəsində çalışmış polkovnik İlqar Əliyev,  Energetika və Nəqliyyatda Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, qurumun sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanov həbs olundular. Əsas diqqət Akif Çovdarovun üzərində idi. Çünki o, birbaşa MTN daxilində yaradılmış kriminal dəstəyə başçılıqda ittiham olunurdu. Lakin naməlum səbəblərdən nə Çovdarov, nə də digər MTN-çilər keçmiş “şef”lərini ələ vermədilər. Görünür ki, ya Eldar Mahmudov onları, yaxud ailələrini şantaj edir, ya da hökumət daxilindəki dəstəkçiləri (hansı ki, Mahmudov həbs olunsa, onların cinayətləri ifşa oluna bilər) buna imkan vermirlər.

Abbasovu kim müdafiə edir?

Əvvəlki yazılarımızda qeyd etmişdik ki, Əli Abbasovla Eldar Mahmudov müttəfiqdir. MTN “şef”inin oğlu Anar Mahmudovun adının “rabitəçilərin işi”ndə hallandırılması da bundan xəbər verirdi. Bu baxımdan əgər Əli Abbasovun işinə ayrıca baxılacağı ilə bağlı mediaya nəzəri məlumat verilirsə, bu fonda o, rahat şəkildə etiraf edirsə ki, 2 min manat maaş aldığı halda ayda şəxsi problemləri üçün 300 min manat xərcləyib, demək, keçmiş RİTN başçısı həbs olunmayacaq. Müttəfiqi Eldar Mahmudovu kim, yaxud kimlər müdafiə edirsə, Əli Abbasovu da onlar həbs təhlükəsindən sığortalayırlar. Hər iki şəxsin niyə həbs olunmamasına gəlincə, əvvəlki saylarımızda yazmışdıq ki, bu, onların hansısa məxfi məlumatlara sahib olmaları, yaxud hal-hazırda hökumətdə təmsil olunan yüksək rütbəli məmurlarla vaxtilə işbirliyində olmalarıyla bağlı ola bilər. İndi də görünən budur ki, işin daha da böyüməsinin qarşısını almaq istəyənlər Əli Abbasovu da milyonlarla manat dövlət vəsaitini mənimsəməsinə baxmayaraq, azadlıqda saxlamaqda israrlıdırlar. Proseslərin axarında RİTN məsələsinin MTN işinin təkrarı olacağı şəksizdir.

“Rabitəçilər”in “Akif Çovdarov”u

Əli Abbasov RİTN-nin rəhbəri olduğu dövrlərdə sözügedən quruma qarşı sürülən korrupsiya və rüşvət almaq, o cümlədən, 8 milyon dövlət vəsaitinin mənimsənilməsi ittihamları Nazirliyin keçmiş Aparat rəhbəri Vidadi Zeynalovun üzərinə yönəldilib. V.Zeynalov istintaqa ifadəsində də ittihamları qəbul etdi, hətta hər ay 30 min manatın olduğu paket aldığını da etiraf edib. Belə bir etiraf Əli Abbasovun da var, lakin buna baxmayaraq o həbsdə deyil.

Bu da o ehtimalı yaradır ki, MTN cinayətləri Akif Çovdarovla, RİTN məsələsi də Vidadi Zeynalovla yekunlaşdırılacaq. Hər iki qurumun keçmiş rəhbərləri, strukturlar daxilində yaradılmış qruplaşmaların, həmçinin ifşa olunmuş cinayətlərin rəhbərləri - Əli Abbasov və Eldar Mahmudov azadlıqda qalacaqlar. Şübhəsiz ki, ilk növbədə Abbasov və Mahmudov saxlanılmalıydılar. Çünki inandırıcı deyil ki, hər iki şəxsin icazəsi olmadan müavinləri hansısa qanunsuz addımlar atsınlar. Söhbət milyonlarla manatdan gedir.

Əfqan Ədilov

 





Həftənin ən çox oxunanları