Yuxarı

Gömrükdə “yaşıl” islahat

Gömrükdə “yaşıl” islahat

Yeni fərman rüşvəti azaldacaqmı?

Hafiz Babalı: “Bu gömrük keçid məntəqələrində sıxlığın azalmasına səbəb olacaq”

Sərhəd keçid məntəqələrindəyaranan problemlər, ölkəyə gediş-gəlişin çətinliyi, orta və kiçik sahibkarların fəaliyyətinə yaradılan süni manelər bu sahədə islahatların aparılmasını zəruri edir. Bu gün demək olar ki, ölkə vətəndaşlarının əksəriyyəti  gömrük xidmətinin işindən narazıdır. Gömrükdə saatlarla növbələrin yaranması hər kəsin etirazına səbəb olur. Bu cür problemlər ölkəyə gələn turistlərin sayına da ciddi təsir edir. Bu da turizmin inkişafında böyük bir problemə çevrilib.

Ekspertlər isə bunun səbəbini görükdə olan monopoliya və  korrupsiya ilə əlaqələndirirlər. Baş verən neqativ halların aradan qaldırılması üçün bu günə qədər bir çox təkliflər səslənib, ancaq problemlərin həlli istiqamətində irəliləyiş yoxdur. Bu günlərdə isə malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün yeni buraxılış sistemləri tətbiq edilib. Belə ki, Azərbaycan prezidenti gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi məqsədi ilə qısa idxal bəyannaməsi əsasında malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə buraxılmasının yaşıl, mavi, sarı və qırmızı dəhliz buraxılış sistemlərinin tətbiq olunması haqqında sərəncam imzalayıb. Sərəncamda həmçinin bildirilir ki, malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

“Cümhuriyət” qəzetinə şərhində iqtisadçı-ekspert Hafiz Babalı bildirib ki, bu qərar xarici ticarət iştirakçılarının, vətəndaşların sərbəst və maneəsiz keçidinə şərait yaradacaq çox vacib addımlardan biridir. Onun sözlərinə görə, bu zolaqların yaradılmasının özü böyük bir prosesdən xəbər verir, yanaşmanın düzgün olduğunu göstərir: “Hansı vətəndaşlar ki, heç nəyi bəyan etməyəcəklər və ya bəyan etdikləri malların dəqiqliyinə əmindirlər, onlar yaşıl zolaqdan keçəcəklər. Əgər gömrük orqanı əməkdaşının bəyannamələrdən hansısa şübhəsi olarsa, onlar şübhələndiyi şəxsləri digər zolaqlardan keçməyə dəvət edəcək. Bu gömrük keçid məntəqələrində sıxlığın azalmasına səbəb olacaq. Xarici ticarət iştirakçıları da digərləri kimi çoxsaylı prosedurları keçməyə məcbur idilər. Bunlar da vaxt itkisinə səbəb olurdu. İndi isə bəyannaməsində hər şeyi düzgün qeyd etdiklərinə əmin olduqları zaman heç bir əlavə prosedurdan keçmədən yaşıl zolaq vasitəsilə gömrük keçid məntəqəsindən rahat şəkildə keçə biləcəklər.

Ümumiyyətlə, bu zolaqlar həm gömrükdən istifadə edənlər, həm də gömrük əməkdaşları üçün çox əhəmiyyətli olacaq. Bu çox lazımlı addımdır və əslində bu günə qədər də bu üsul müəyyən qədər tətbiq olunurdu. Ancaq artıq gömrük keçid məntəqələrində prosedurlar diferensiallaşdırılır”.

Broker şirkətlər korrupsiyaya xidmət edir

Ekspert broker şirkətlərinin fəaliyyətinə də toxunub. Bildirib ki, Azərbaycanda bu şirkətlər inhisarçılığa və korrupsiyaya xidmət edir: “Bütün dünyada gömrük nümayəndələri, brokerləri gömrük orqanları iləşirkətlər arasında çox əhəmiyyətli bir alətdir. Bu, sadəcə düzgün işləməlidir, səlahiyyətlərindən sui-istifadə etməməli və korrupsiya alətinə çevrilməməlidir. Gömrük sahəsindəki liberallaşmaya qədər broker şirkətlər gömrükdə inhisarçılığa, korrupsiyaya xidmət edən bir orqan olub. Hansı mallar ki, bəyan edilmədən gömrükdən keçirdi və gömrük orqanlarında çalışanlar üçün böyük bir korrupsiya imkanı yaradırdı, bunlar hamısı broker instutları tərəfindən baş verirdi. Təbii ki, bu məsələ ilə hüquq-mühafizə orqanları maraqlanmalı idilər ki, məhz hansı şirkətlər bu işlərlə məşğul olurlar. Bununla bağlı çoxsaylı şikayətlər mediada yayılırdı, dövlət orqanlarına çatdırılırdı. Ən azından biz bunların şahidi olurduq ki, gömrükdə bu cür proseslər gedir. Broker şirkətləri lazımlıdır, ancaq bu cür neqativ halların qarşısı da alınmalıdır. Broker şirkətlərin gömrükdən kənarlaşdırılması qərarı çıxandan sonra bu müəyyən qədər problemlərin aradan qalıdırlmasına xidmət etdi. Bu gün o proseslər var və ya yoxdur təəssüf ki, bu haqda xarici ticarət iştirakçıları heç bir məlumat vermir. Ola bilər ki, hələ də hansısa problemlər qalır”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları