Yuxarı

Hökumət məhbusları yedirə bilmir

Hökumət məhbusları  yedirə bilmir

 

Dustaqlara yağsız, duzsuz yemək verilir

Mehman Sadıqov: “Dövlət tərəfindən kifayət qədər vəsait ayrılıb”

Qənaət rejimi ölkə təcridxanalarına da təsirsiz ötüşməyib. “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin keçmiş sədri, hazırda həbsdə olan Cahangir Hacıyev məhkəmədə bir müddət öncə verdiyi ifadəylə bunu təsdiqləyib. Dəfələrlə mediada məhkəmə prosesinin detalları işıqlandırılıb. Bakı İstintaq Təcridxanasında “dustaqların bir günlük yeməyinə 18 manat 50 qəpik pul ayrılır, amma heç 50 qəpiklik yemək vermirlər” deməsi də rezonansa səbəb olub.  Cahangir Hacıyevin məhkəmə çıxışından bu sitatı təqdim edirik:

“Dekabrın 19-dan qaldığım kameradan başqa korpusa köçürüldüm. Əvvəl qaldığım korpusda gündə iki dəfə su verilirdi. Burada isə fərqlidir, cəmi bir gündə 4 dəqiqə su verilir. Soyuducusu yoxdur”. C.Hacıyev həmçinin onu da bildirib ki, təcridxanaya, həftədə bir dəfə yemək qəbul edirlər: “Soyuducunun olmaması isə o deməkdir ki, həftənin  6 günü ac qalmalıyıq. Dustaqların bir günlük yeməyinə 18 manat 50 qəpik pul ayrılır. Amma heç 50 qəpiklik yemək vermirlər”. Keçmiş siyasi məhbus Tofiq Yaqublunun qızı Nigar Həzi də bir neçə ay öncə facebook sosial səhifəsində etiraz məzmunlu status paylaşmışdı: “Artıq 13 saylı CÇM-dəki durumla bağlı həyəcan təbili çalmaq lazımdır. Böhran həbsxanadan da yan keçməyib. Belə ki, artıq məhbuslara yemək verə bilmirlər. Onsuz da keyfiyyətsiz olan yeməklərinin də bir yaxantıdan fərqi yoxdur. Məhbuslar neçə gündür acdırlar. Adi çayı belə vermək imkanları yoxdur. Həm bu soyuq havada çöldə saxlanılırlar, həm də duzsuz, yağsız yemək verirlər. O yeməkləri yemək imkansızdı”. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi isə deyilənləri inkar edir. Yəni, rəsmin olaraq Azərbaycanda məhkumlar üçün təcridxanalarda normal şərait, qidalanmanın olması, yataq və geyim ayrıldığı qeyd olunur.

Qeyd edək ki, məhkumların yemək və maddi-məişət normaları mğvafiq icra hakimiyyəti tərəfindən müəyyən edilir. Məcəllənin 91-ci maddəsində müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslərin maddi məişət təminatından bəhs edilir. Qeyd olunub ki, müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdanməhrum etmə növündə cəzaya məhkumolunmuş şəxslər cəzaçəkmə müəssisələrində sanitariya və gigiyena qaydalarına uyğun zəruri maddi-məişət şəraiti ilə təmin olunurlar. Həmçinin qeyd olunub ki, məhkumlara fərdi yataq yeri və yataq ləvazimatı verilir. Onlar cinsləri, mövsüm və iqlim şəraiti nəzərə alınmaqla dövlət hesabına geyim, alt paltarı və ayaqqabı ilə təmin edilirlər. Məhkumlar gün ərzində orqanizmin normal fəaliyyətini təmin edən üç dəfə yeməklə dövlət hesabına təmin olunurlar. Məhkumları əməyə cəlb edən müəssisələrin hesabına onların müəyyən olunmuş normadan əlavə qidalanması təşkil edilə bilər.

Bu hadisələr təxminən 6 ay bundan öncə baş verib. Hələ o zaman bu qədər bahalaşma və infilyasiya  yox idi. Son zamanlar isə həbsxanalarda vəziyyətin daha acınacaqlı olduğu söylənilir. Qeyd olunub ki, ölkə qeyri-rəsmi olaraq keçdiyi qənaət rejimi ilə əlaqədar olaraq təcridxanalarda verilən qidaların həcmini azaldıb.

Penitensiar Xidmət təkzib edir: “Bu cür fikirlər əsassızdır”

Lakin Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Mehman Sadıqov səslənən fikirlərin əsassız olduğunu qeyd edib. Onun sözlərinə görə, burada heç bir qida azlığından şikayət edilə bilməz. M.Sadıqov bir dustağın gündəlik qida xərcinin nə qədər olması ilə bağlı sualımızı bu cür cavablandırıb: “Məhkumun saxlanılması, fiziki durumunun normal olması üçün dövlət tərəfindən kifayət qədər vəsait ayrılıb. Bir dustaq üçün nə qədər vəsait xərclənməsi fəsli xarakter daşıyan bir məsələdir. Amma onu qeyd edə bilərəm ki, rəqəmlər kifayət qədər yüksəkdir”. Rəqəmlərdə isə qeyd olunur ki, bir məhkum üçün gündəlik olaraq 700 qr buğda unu, 15 qr ikinci növ buğda unu, 25 qr makaron, 80 qram ət, 100 qram balıq, 0 qram bitki yağı, 30 qram şəkər tozu, 20 qram duz, 550 qram kartof, 250 qr tərəvəz, 10 qram kərə yağı, həftəlik iki ədəd yumurta verilir.

Nigar Məhərrəm





Həftənin ən çox oxunanları