Yuxarı

Cəbhədə erməni fəallığı

Cəbhədə  erməni  fəallığı

 

İşğalçı kimə arxayındır?

Akif Nağı: “Azərbaycan kifayət qədər güclüdür və müharibəyə başlamalıdır”

Son günlər erməni birləşmələri cəbhədəaktivləşiblər. Təxribatçı hərəkətlərindən qalmayan erməni qəsbkarlarının azğınlığı vəziyyəti getdikcə ağırlaşdırır. İşğalçı Ermənistanın Azərbaycana qarşı təxribat-diversiya hərəkətlərinə əl atması hər an gözləniləndir. Siyasi şərhçilərin bildirdiyinə görə cəbhə bölgəsində durum yaxın günlərdə daha da ağırlaşacaq. Ermənistan ordusu sakitləşmək bilmir. Buna əsas səbəb isə onların Dağlıq Qarabağ münaqişəsinin nizama salınması məsələsində danışıqlara getməməsidir.

Bundan əlavə ATƏT-in Minsk qrupunun da ən böyük arzusu ermənilərin əli ilə vəziyyəti daha da gərginləşdirməkdir. Düşmən tərəf çalışır ki, vəziyyət tamamilə nəzarətdən çıxsın və müəyyən qədər məsələyə yuxarı çərçivədə müdaxilə olunsun.

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, Ermənistanın strategiyası ona yönəlir ki, müharibənin müəyyən mərhələsində əldə etdiyi “nailiyyətləri” möhkəmləndirsin: “Onlar Dağlıq Qarabağı və ətraf rayonları zəbt ediblər. İndi isə maksimum çalışırlar ki, nə qədər mümkündürsə, uzun bir müddət o ərazilərdə qalsınlar. Dəfələrlə bildirmişik ki, həmin ərazilərimizin işğaldan azad olunmasının həlli yalnız hərbi yolla mümkündür. Dünya da bu gün hərbi yolu qəbul etmir və Azərbaycan hökuməti cəsarət edib bu addımı atmır. Danışıqlar guya gedir. Ermənilərin isə məqsədi odur ki, istənilən vasitə ilə danışıqları uzatsınlar. Danışıqları uzatmağın bir yolu odur ki, vaxtaşırı müzakirə olunan məsələlərin tərkibinə elə elementlər atırlar ki, onun ətrafında gedib düşünmək və ya müzakirəyə çevirmək lazım gəlir. Bu məqsədlə də cəbhə bölgəsində daim qarışıqlıq yaratmağa və sakitliyi pozmağa çalışırlar ki, dünya bu problemlərlə məşğul olmağa başlasın. Ona görə də cəbhə bölgəsində atəşkəs rejiminin birmənalı şəkildə pozulması ermənilərin vaxt udmaq planına hesablanıb. Yəni, vasitəçilər torpaqların geri qaytarılması və ya referendumun keçirilməsi məsələsini deyil, cəbhə bölgəsində sabitliyin əldə olunması problemini müzakirə etsinlər. Bilirsiniz ki, xeyli vaxt Rusiyanın təlimi ilə cəbhənin təmas xəttində insidentlərin araşdırılması ilə bağlı komissiyanın yaradılması məsələsi ortaya qoyulub. Bu da birmənalı şəkildə ermənilərin maraqlarına cavab verir”.

“Xalq savaşa hazırdır”

QAT sədrinin fikrincə, Azərbaycan özü üçün qərar çıxarmalıdır: “Hətta prezident də Tərtər və Ağdam istiqamətinə səfərində də açıq mesajlar verdi ki, qanun, hüquq yoxdur. Beynəlxalq hüquq iflasa uğrayıb. Güclülük amili var. Yəni, hər yerdə güclülük amili rol oynayır. Bu gün Azərbaycan kifayət qədər güclüdür və nəyin bahasına olursa olsun, ölkəmiz müharibəyə başlamalıdır. Hansı itkilərin olmasına rəğmən Azərbaycan xalqı savaşa hazırdır. Sadəcə, bu Azərbaycan siyasi rəhbərliyinin qərarına baxır. Həmçinin Azərbaycanın hərbi yoldan başqa yolu yoxdur”.

“Pakistanla müttəfiqliyi gücləndirməliyik”

Akif Nağının sözlərinə görə, aprel döyüşlərindən sonra Ermənistan bir qədər geri çəkildi: “Zəif olduqlarını gördülər. Amma bir müddət keçdikdən sonra yenə də iddialı danışmağa başladılar.

Çox qəribədir ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da bildirdi ki, ermənilər danışıqlardan qaçır. Torpağı işğal altında olan və məsələnin dinc vasitə ilə nizama salınmasına daha çox təkid edən bizik. Hansısa beynəlxalq tədbirlərdə danışıqları davam etdiririk. Ermənilər amma işləmirlər. Ermənilərin belə iddialı çıxışları o demək deyil ki, onlar gücləniblər. Yenə də hər şey həmin o vaxtın uzadılmasına xidmət edir. Bundan əlavə bu məsələdə Rusiyanın da rolu var.  Çünki Rusiyanın Ermənistanla hərbi müttəfiqi yeni bir müstəviyə qədəm qoydu. Artıq birgə qoşun qruplaşmalarının yaradılması ilə bağlı mərhələ başlandı.

Ola bilər ki, Ermənistan bu məsələyə arxalanır. Bəlkə də Rusiyanın növbəti dəfə tapşırıqlarını yerinə yetirirlər. Amma Azərbaycan bu birgə gücü, yəni, Ermənistan və Rusiya qruplaşmasını da məğlub edə bilər. Əgər Ermənistan Rusiya ilə belə böyük müqavilə bağlayıbsa, ona adekvat olan müqavilə Azərbaycanla Türkiyə arasında və yaxud da Azərbaycanla Pakistan arasında bağlanmalıdır. Bildiyim qədər Azərbaycan prezidentinin Pakistana da səfəri gözlənilir. Kifayət qədər güclü Rusiya müttəfiqinə qarşı dayana bilən Pakistanla Azərbaycan real müttəfiqliyə getməlidir”.

Alçina Amilqızı





Həftənin ən çox oxunanları