Yuxarı

Qarabağda savaş rüzgarı

Qarabağda  savaş rüzgarı

 

İtkidən necə qaçmalı?

Üzeyir Cəfərov: “Döyüşdə itki qaçılmazdır”

Ramil Məmmədli: “Azərbaycan artilleriya və raket zərbələrindən istifadə etməlidir”

Ermənistan tərəfinin Azərbaycan qarşısında irəli sürdüyü qəbuledilməz şərtlər, ATƏT-in Minsk Qrupunun passivliyi Dağlıq Qarabağ münaqişəsində iştirak edən tərəflər arasında növbəti müharibə riskini artırır. Üstəgəl, Rusiya və Ermənistan arasında yaradılmış birgə qoşun növü də Azərbaycanı savaşa təhrik edir. Qarşı tərəfin və Ermənistanın hərbi müttəfiqlərinin pozuculuq fəaliyyətinə adekvat olaraq, Pakistan, Türkiyə və Azərbaycan arasında hərbi ittifaqın qurulması məsələsinin gündəmə gəlməsi də ciddi məsələlərdən xəbər verir.

Ekspertlər müharibənin görünməyən tərəflərinə diqqət çəkirlər. Qeyd olunur ki, 1990-cı illərlə müqayisədə həm Ermənistan, həm də Azərbaycanın daha müasir silahlarla təchiz olunması olacaq itkilərin sayını daha qorxulu edə bilər. Nəzərə alsaq ki, I Qarabağ savaşında Azərbaycan tərəfi 20 min canlı itki vermişdi, Ermənistanda bu rəqəm 30 minə yaxın idi, bu baxımdan müasir və kütləvi qırğın silahlarının iştirak edəcəyi növbəti savaşda itkilərin sayının daha çox olacağı istisna olunmur.

“Müharibənin yazılmamış qanunları var”

Hərbçi-ekspert Üzeyir Cəfərov “Cümhuriyət”ə bildirib ki, müharibəylə bağlı proqnoz vermək çətindir, dəqiq rəqəmləri də səsləndirmək düzgün deyil. Ekspertə görə, döyüşün gedişindən çox şey asılıdır: “Müharibənin yazılmamış qanunları var. 1994-cü ildə Horadiz əməliyyatları zamanı yaşayış məntəqlərini azad edərkən, 3 gün ərzində verdiyimiz itkilərin sayı cəmi 17 nəfər idi. Amma son aprel döyüşlərində itkilərimizin sayı dəfələrlə çox oldu. Ermənilər rahatlıqla kəndləri, qəsəbələri işğal edə-edə Beyləqana doğru gəlirdilər. Amma sonradan qısa müddətdə düşmən ağır zərbə aldı, 23 yaşayış məntəqəsi azad olundu. Heç bir komandir itkinin olmasını istəmir. Amma bu real döyüşdür, itkinin olması qaçılmazdır. İkinci Dünya Müharibəsində Hitler Almaniyası Moskva yaxınlığına gəlib çıxmışdı. Lakin müharibənin gedişatı dəyişdi, nasist ordusu darmadağın edildi. Düzdür, bu milyonlarla insanın həyatı bahasına oldu və 600 min azərbaycanlı həyatını itirdi. Adətən, hücum edən tərəf müdafiə olunan tərəfdən daha çox itki verir. Amma Azərbaycan komandanlığının bacarıq və döyüş qabiliyyəti yetəri qədərdir. Çalışacaq ki, maksiumum düşmən zərbələrindən az itkiylə çıxaq”.

Üzeyir Cəfərov deyib ki, 1990-cı illərdə biz çox çətinliklərlə Ermənistana qarşı döyüşürdük: “Amma indi pilotsuz uçan aparatlar, pilotsuz zərbə aparatları, uzaqmənzilli artilleriya, düşməni yer üzündən silmək gücündə olan yandırıcı silahlarımız var. Yəni, Azərbaycanın düşmənə ağır itkilər verəcək silahları mövcuddur. Son illərdə İsrail, Pakistan və digər ölkələrdən alınan müasir silahlar imkan verir ki, az itki verməklə az müddətdə qələbə qazanaq”

“Qısamüddətli döyüş taktikasına üstünlük verəcəyik”

Hərbçi-ekspert Ramil Məmmədli “Cümhuriyət”ə deyib ki, Azərbaycan əraziləri işğal olunduğuna görə, hərbi əməliyyatlar zamanı hücum edən tərəf biz olacağıq. R.Məmmədli hesab edir ki, müharibədə hücum edən tərəf həmişə müdafiə olunandan daha çox itki verir: “Əgər əməliyyatlar açıq ərazilərdə aparılırsa, müdafiə olunan tərəfdə ilkin olaraq, itki 5-7 nəfər arasında olur, hücum edən tərəfdə də bu sayda itki olur. Qismən qayalıq və dağlıq ərazilərdə gedən döyüşlərdə hücum edən tərəfin itkiləri bir az daha azalır, təxminən 4 nəfər olur. Şəhər əməliyyatları barədə isə birmənalı fikir söyləmək mümkün deyil. Çünki şəhər əməliyyatlarında döyüşlərin taktikası və dəyərləndirilməsi tamam başqa formadadır. Müasir hərbdə şəhərə girişə üstünlük verilmir. Daha çox düşməni şəhər ətrafından mühasirəyə alaraq, hücumlara üstünlük verilir. Bu baxımdan Azərbaycan hücum edən tərəf olduğu üçün itkiləri bir qədər çox olmalıdır. Amma hücum edən tərəf müasir silahlarla təchiz olunubsa, az itkiylə mövqelərini möhkəmlətməyi bacara bilir. Bunu artilleriya və hərbi hava qüvvələrinin raket zərbələri ilə həyata keçirmək mümkündür. Biz bunu ABŞ və NATO-nun Yaxın Şərq ölkələrinə qarşı həyata keçirdikləri hərbi əməliyyatlarında gördük. Yuqoslaviya və İraq müharibələrində ABŞ ordusu ilkin olaraq, hava zərbələri ilə qarşı tərəfin əsas strateji mövqelərini məhv etdi. Bundan sonra şəhərlər və digər məntəqələr ABŞ-ın hücumlarına məruz qaldılar. Azərbaycan da növbəti əməliyyatları bu formada başlasa, itkilərinin sayı daha az ola bilər”.

Ekspert qeyd edib ki, ermənilər aprel döyüşlərində daha çox yaşayış məntəqələrinə atəş zərbələri endirdilər: “Azərbaycan bunu nəzərə alaraq, işğal altında olan ərazilərini geri qaytarmaq üçün hərbi əməliyyatlara başlayarsa, yaxşı olardı ki, cəbhə xəttinə yaxın olan yaşayış məntəqələri 20-25 kilometrədək boşaldılsın.

Bu zaman ordu daha rahat şəkildə əməliyyatları keçirib, işğal ərazilərini azad edə bilsin. İtkilərimizin sayını artırmamaq üçün bu addımları atmaq məcburiyyətindəyik. Hesab edirəm ki, növbəti əməliyyatlarda Azərbaycan döyüşləri qısa zamanda başa çatdırmağa çalışacaq. Lakin müharibədə itkilərin nə qədər olacağı barədə əvvəldən proqnoz vermək mümkün deyil.

Çünki 1990-cı illərlə müqayisədə həm Ermənistan, həm də Azərbaycan daha müasir silahlarla təchiz olunub. Hər ikisinin uzaqmənzilli raketləri, dağıdıcılıq qabiliyyəti yüksək raketlər, müasir artilleriya qurğuları var. Hər halda bu müharibə daha ağır olacaq və itkiləri də çox olacaq. Azərbaycan hərbi əməliyyatlara başlayarsa, bu itkilərin olacağı qaçılmazdır. Azərbaycan qarşısında duran əsas vəzifə - nəyin bahasına olursa-olsun, Ermənistanı layiqli şəkildə cəzalandırmaqdır”.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları