Yuxarı

Oqtay Əsədovun görə bilmədiyi turizm həqiqətləri

Oqtay Əsədovun  görə bilmədiyi  turizm həqiqətləri

 

Deputat Elşən Musayev Milli Məclisin iclasında deyib ki, ölkənin turizm sektorunda ciddi problemlər var.

O, sektorun inkişaf etmədiyini bildirib. Spiker Oqtay Əsədov cavabında Elşən Musayevi danlayıb. O, deputatı diqqətli olmağa çağırıb: “Elşən Musayev, əvvəla danışanda, bir az diqqətli ol. Necə yəni, ölkədə turizm inkişaf etməyib?! Fikirləri səsləndirərkən bir az diqqətli olun. Deyirsən ki, Azərbaycan Gürcüstandan geri qalar. Bu nə sözdür? Azərbaycanda turizmin inkişafı “başqa sözdür”, turizmin daha da inkişaf etdirilməsinə mane olan amillər başqa sözdür. Azərbaycanda bu il regionlarda turist əlindən tərpənmək olmurdu. Bunları görmürdünüz?! Gürcüstan Azərbaycanın bir əyaləti boydadır, necə yəni onlardan geri qalacağıq?!”.

Spikerin açdığı sirr

Elşən Musayev haqlıdır. Amma orada yanlış edib ki, Azərbaycanda turizmin olduğunu deyib və bu sektorun inkişaf etmədiyini deyib. Azərbaycanda turizm sektoru yoxdur, sadəcə turizmə aid edilən, inhisarçı şirkətlər, monopolist, oliqarx məmurlar tərəfindən tikilmiş bir neçə mehmanxana və bir sıra müəssisələr var. Turizmin olmamasına gəlincə, bu məsələnin sirri Oqtay Əsədovun deputata “Elşən Musayev, diqqətli ol!” xəbərdarlığında açılır.

Bu məsələyə birbaşa dəxli olmaması kimi görünə bilər, lakin məsələ elə budur. Çünki indiyədək dövlət adamları və məmur kateqoriyasına daxil olan, olmayan hökumət təmsilçiləri yalan rəqəmlərlə, şişirilmiş ifadələrlə ölkədə qeyri-neft sektorunun, elə turizmin olmasından danışıblar. Xalqı inandırıblar ki, Azərbaycan turizm, qeyri-neft sektoru ölkəsidir, neftdən gələn gəlirləri də gələcək nəsilləri üçün yığırlar. Həqiqətləri açıqlayanların da ağızlarından “sillə”ləyiblər. Neft ucuzlaşan kimi də məlum oldu ki, neft pulları yığılıbmış, amma Azərbaycanda yox.

Turist, yoxsa qaçqın?

Gürcüstan Azərbaycanın bir əyaləti, məsələn Yevlax boyda ola bilər, amma il ərzində bu ölkəyə orta hesabla 3 milyon əcnəbi turist gəlir. Azərbaycan üçün bu rəqəm 3 dəfə aşağıdır. Təxminən hər il Azərbaycana 1 milyona yaxın (800-900 min) turist gəlir. Düzdür, 2016-cı ildə ölkəmizə turist axını güclü idi. Statistikaya görə, bu il Azərbaycana 1.2 milyon turist gəlib ki, bunun da 90%-dən çoxu ərəblər idi. İsti aylarda gələn ərəblər hələ də Azərbaycandan getməyiblər. Qalanların turist olub-olmaması da şübhəlidir. Çünki bir sıra QHT-lərin araşdırmalarına görə, Bakı və rayonlarda artmağa başlayan ərəblər əslində Yaxın Şərq (İraq və Suriya) ölkələrindən gəlmiş qaçqınlar, yaxud miqrantlardır. Faktlar BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının hesabatında da yer alıb. Bildirilir ki, suriyalı qaçqınların Azərbaycana axını hələ 2015-ci ildən başlayıb. Araşdırmalara görə, Yaxın Şərqdən olan miqrantlar ölkəmizdə Türkiyə üzərindən gəlirlər. Ortada Türkiyə və Azərbaycan arasında əldə olunmuş anlaşmadan da söhbət gedir. Yəni, Azərbaycanda turist kimi görünən ərəblərin müəyyən qismi Yaxın Şərq bataqlığından çıxıb, ölkəmizə pənah gətirən adamlardır ki, onlar da turist deyillər və turizm sektoruna qazandıracaqları heç nə yoxdur. Əksinə, bizdən yeyirlər.

Xəzər blokadada

Dünya İqtisadi Forumunun (DİF son hesabatında Azərbaycan turizmin inkişafına görə, dünya ölkələri arasında 133-cü yerdədir. MDB ölkələrinin sıralamasında isə Gürcüstan və Rusiyadan sonra gəlir. DİF turizm sahəsindəki inkişaf indeksini açıqlayarkən turizm infrastrukturu və qanunvericiliklə bərabər səyahətlərlə bağlı şirkətlərdə olan işçilərin sayı, təbiətin mühafizəsi, bankomat və POS-terminallar şəbəkəsinin genişliyi, mehmanxana və nəqliyyatda olan tariflər, sanitar-epidemioloji mühit, turistlərin təhlükəsizliyi, vizaların verilməsi qaydaları, eləcə də yanacaq qiymətləri, yol-nəqliyyat hadisələrinin sayı, suvenir istehsalı, tibbi sığorta sisteminin tətbiqi, stadion və idman mərkəzlərinin vəziyyəti, internet və mobil rabitə şəbəkələrindən istifadə edənlərin sayı və 70 yaxın digər amil nəzərə alınır.

Ekspertlər bildirirlər ki, Azərbaycan DİF-in inkişaf indeksi üçün nəzərdə tutulmuş ölçü meyarlarına cavab vermir. Hökumət regionlarda və Bakıda turizm sektorunu inkişaf etdirməklə büdcəyə valyuta daxilolmalarını artırmaqla yanaşı, sahibkarlığın və qeyri-neft sektorunun digər sahələrinin inkişafı üçün də zəmin yarada bilərdi. Ölkənin iqlim şərtləri, tarixi abidələrin zənginliyi, torpaq və su resursları turizmin inkişafı üçün əlverişli olduğu halda, Azərbaycana il ərzində gələn turistlərin sayı dünyadakı turistlərin cəmi 0,002%-ni təşkil edirlər. Nəzərə alsaq ki, Azərbaycan dəniz dövlətidir və bundan istifadə edərək, Xəzər sahilləri Xaçmazdan Astarayadək turizmin dünya standartları səviyyəsində qurulmasına imkan verir. Lakin Xəzər sahilləri Xaçmazdan Astarayədək nazirlərin, dövlət komitələrinin rəhbərlərinin, bir sıra deputatların, bir sözlə, məmurların ixtiyarındadır. Dəniz məmurlar tərəfindən hasarlanıb. Xəzərin resurslarında olduğu kimi digər imkanlarından da məmurlar yararlanırlar. Sahillərini hasarlayan məmurlar xalqı dəniz üzünə həsrət qoyublar, qaldı ki, burada tikdikləri “qalaların” qapılarını turistlərin üzlərinə açsınlar, bu mümkün deyil. Bu, sektorda acınacaqlı vəziyyətin göstəricisidir. Lakin “Azərbaycanın bir əyaləti boyda” olan Gürcüstan ölkəyə gələn turistlərin hər birindən orta hesabla 1000 dollara yaxın gəlir qazana bilir. Statistik rəqəmlərdə göstərilsə də hər il Azərbaycana turist axını 10-11% artır, bu heç bir reallığı əks etdirmir. Azərbaycan turizmdən gəlir götürmək və ölkəyə turist cəlb edilməsi işində peşəkar deyil.

Problemin görünən və görünməyən tərəfləri

Azərbaycanda turizm sektoruna aid olduğu deyilən mehmanxanalar, restoranlar və digər növdən olan müəssisələr var. Lakin həmin müəssisələrdə göstərilən aşağı səviyyəli xidmət müqabilində nəzərdə tutulmuş qiymətlər həm yerli, həm də xarici turistlərin əllərini yandırmasına, bir daha geri qayıtmamaq şərtiylə Azərbaycandan qaçmalarına bəs edir. Ekspertlər, hətta deputatlar dəfələrlə təklif ediblər ki, ölkəyə gələn turistlərin sayını artırmaq üçün qiymət və tariflər optimal həddə endirilsin. Amma hökumət nə təklifə baxır, nə də özü bir iş görür. Əvəzində nə baş verir, turizm sektorunda hansı mənzərə ortaya çıxıb? Qiymətlər yüksək, xidmət aşağı, turistlərin Azərbaycana gəlmələri üçün istifadə etdikləri avia xətt çətin, mehmanxanaların əməkdaşları əcnəbi dilləri bilmirlər.

Dollar manat qarşısında bahalaşan kimi hökumət banklarda dollar satışını məhdudlaşdırdı, valyutadəyişmə məntəqələrini ləğv etdi. Əgər Azərbaycana gələn turist əlindəki pulu dəyişə bilməyəcəksə, niyə gəlsin? Yəni, turizmin inkişafına diqqət etmək istəyən hökumət ilk növbədə görünən problemləri həll etməliydi, sonrakı addımlarda yeni çarter reyslərinin açılması işini həll etməliydi ki, Azərbaycan əcnəbilər üçün diqqətçəkən olsun. Heç bir əcnəbi turist Azərbaycana gəlib, sutkalıq qiyməti 1000-1500 manat olan mehmanxanalarda xidmətçilərin dodaqaltı söyüşlərini eşidə-eşidə qalmaz. Qiymət yüksək də ola bilər, bəs göstərilən xidmət keyfiyyət? Mehmanxanaların əməkdaşları bura gələn turistlə danışmaq qabiliyyətini də bilmirlər.

Mənsur





Həftənin ən çox oxunanları