Yuxarı

Qarabağ: Sülhə daha bir ümid

Qarabağ: Sülhə daha bir ümid

Türkiyə-Rusiya yaxınlaşması düyünü çözəcəkmi?

Arzu Nağıyev: “Ankara və Moskva daha çox öz maraqlarına üstünlük verir”

Türkiyənin baş naziri Binəli Yıldırımın Rusiyaya səfərindən sonra iki ölkə arasında əlaqələr bir qədər də yaxınlaşıb.Binəli Yıldırımın Moskvaya yola düşməzdən öncə verdiyi açıqlama da Türkiyənin xarici siyasətində Rusiyanın əhəmiyyətinin artmasından xəbər verir. Türkiyənin baş nazirinin və xarici işlər nazirinin birinci səfərini Şimali Kipr Türk Cümhuriyyətinə, ikincini Azərbaycana etdiyini xatırladan B.Yıldırım üçüncü olaraq Rusiyanı seçməsini bu ölkə ilə münasibətlərə xüsusi önəm verməsi ilə izah edib.

Ekspertlərin fikrincə, B.Yıldırımın bu məsələni vurğulaması Türkiyənin yaxın gələcəkdə xarici siyasət dairəsində Rusiyanın aparıcı yer tutacağına işarədir.2016-cı ilin yayında Türkiyə-Rusiya münasibətlərində siyasi barışığın əldə olunmasından sonra tərəflər arasında müşahidə olunan strateji yaxınlaşma bir sıra sahələrdə öz təsirini göstərir.Suriya münaqişəsində birbaşa iştirak edən Ankara və Moskva arasında bir sıra məsələlərdə fikir ayrılığı qalmaqda davam etsə də taktiki baxımdan üst-üstə düşür.Rusiya Hələb şəhərinin Suriya hökumət qüvvələrinin əlinə keçməsi üçün Türkiyənin güzəştə getməsini istəyir.Artıq Fərat çayının sol sahilində möhkəm mövqe tutmuş Türkiyə isə PYD/YPG və İŞİD üzərində üstünlük qazandığından Hələbin Əsəd rejiminin əlinə keçməsi ilə razılaşmır.Əks halda bu, Bəşər Əsədin hakimiyyətdə qalmasını təmin etmiş olar.Buna baxmayaraq, Ankara Rusiyanın Suriyada hərbi iştirakına etiraz etmir.

Türkiyə ilə Rusiya qarşılıqlı iqtisadi əməkdaşlığın dərinləşməsində daha çox maraqlı görünür. Danışıqların nəticəsi kimi dünən Rusiyanın “Qazprom” şirkəti Amsterdamda İsveçrənin “Allseas Group S.A.” şirkəti ilə “Türk axını” qaz kəmərinin ikinci qolunun inşasına dair müqavilə imzalayıb. Razılaşmaya görə, İsveçrə şirkəti Qara dənizin dibi ilə 900 km uzunluğunda kəmər çəkəcək.Bundan başqa, Rusiya prezidenti Vladimir Putin Türkiyə ərazisində “Akkuyu” AES-in inşasının başa çatdırılmasının vacibliyini xüsusi vurğulayıb.

Türkiyə ilə Rusiya arasında müşahidə olunan bu yaxınlaşma Ermənistanda narahatlıqla qarşılanır.Ermənilər Rusiya- Türkiyə tərəfdaşlığının Dağlıq Qarabağ probleminin həllində situasiyanı Azərbaycanın xeyrinə dəyişə biləcəyindən ehtiyatlanır.

Bir sıra siyasi ekspertlər isə Türkiyə ilə Rusiya arasında müşahidə olunan tərəfdaşlığın Dağlıq Qarabağ probleminin həllinə hər hansı müsbət təsirinin olmayacağı qənaətindədir.

Politoloq Arzu Nağıyevin fikrincə, Ankara və Moskva öz maraqlarına daha çox üstünlük verir: “Məlumdur ki, həm Türkiyənin, həm də Rusiyanın iqtisadi maraqları tərəfləri maraqlandıran ən mühüm məsələdir. Bu da hər iki dövlətin regiondakı meqalayihələrdən ibarətdir.Amma onların Suriya məsələsinə, Dağlıq Qarabağ probleminə münasibətdə mövqe ayrılığı qalmaqdadır.Erməniləri narahat edəcək məqam Türkiyənin Azərbaycanla dostluq və strateji müttəfiqlik əlaqələrinin olmasıdır.Eyni zamanda, Rusiya Türkiyə tərəfdən Ermənistanla sərhəddin açıqlaması təklifini qaldırmaq iqtidarındadır.Amma unutmaq lazım deyil ki, Türkiyə NATO-nun üzvüdür, Ermənistanla həmsərhəddir.Qərb bu münaqişənin həllində SSRİ-nin varisi kimi Rusiyanın rolunu nəzərə alır.

Bundan başqa, yeni prezident seçilmiş Donald Trampın xarici siyasət kursunun, o cümlədən, dövlət katibi vəzifəsinə kimin təyin edilməsinin də kimliyi mühüm təsirə malikdir.Düşünürəm ki, ermənilər siyasi oyunlar oynayır və Türkiyə-Rusiya münasibətlərinin təsirindən heç bir söhbət gedə bilməz.Sadəcə olaraq, işğalçılar Azərbaycanın ərazilərindən çıxdıqdan sonra bu münaqişə həll oluna bilər”.

Arzu Nağıyev hesab edir ki, Ermənistan-Azərbaycan münaqişəsinin həllinə yanaşma xarakterinə görə Suriya böhranından fərqlənir. Suriyanın Türkiyə ilə həmsərhəd ərazilərində kürd dövlətinin yaradılması təhlükəsi var ki, bu da Ankaranı narahat edir: “Bəşər Əsəd dövlət başında qalsa da, qalmasa da Qərb bunun sonunun olmadığını bilir. Rusiyaya Əsədin hakimiyyətini möhkəmlətməsi lazımdır.Ona görə də Rusiya ilə Türkiyənin bu məsələdə maraqları üst-üstə düşə bilməz.

Türkiyə NATO üzvü kimi yaxşı başa düşür ki, söhbət burada “Böyük Orta Şərq” layihəsindən gedir.Rusiya orada öz maraqlarını müdafiə edir. Ukraynadan, Dağlıq Qarabağdan, Dnestryanı bölgədən, Abxaziyadan diqqəti yayındırmaqla orada öz missiyasını yerinə yetirir”. 

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları