Yuxarı

“5-ci kolon” hərəkətləndi

“5-ci kolon”  hərəkətləndi

 

“Bakıya Rusiya bayrağı asacağıq” deyənləri himayə edən kimlərdir?

Elçin Mirzəbəyli: “Onlar antimilli düşüncəli insanlardır”

Vüsal Qarayev: “Bu prosesə rəhbərlik edən və görünməyən qüvvələr var”

Azərbaycanda rusiyapərəst qüvvələr hərəkətə keçiblər. Sosial şəbəkələrdə fəallaşan bir sıra insanlar Azərbaycan əleyhinə təxribat sayılacaq çıxışlar edirlər. “Yaxın vaxtlarda Rusiya bayraqlarının Azərbaycanı bəzəyəcəyini” deyən rusiyapərəstlər eyni zamanda, Azərbaycanın “xilas yolu”nun Rusiyaya birləşməkdən keçdiyini də dilə gətirirlər. Sosial şəbəkə fəalı Zaur Bayramov adlı şəxs yazır ki, “Tezliklə Bakının hər yerində Rusiya bayraqlarını asacağıq. Bizi qarşılamağa hazırlaşın”.

Analitiklər meydanda boy göstərməyə çalışan Rusiya yönümlü insanların müəyyən mərkəzlərdən idarə olunduqlarını deyirlər. Hesab olunur ki, bu, ölkədə davam edən total iqtisadi böhranın yaratdığı siyasi və ideoloji boşluqdan istifadə etdirməyə çalışanların Azərbaycan əleyhinə hazırladıqları təxribatdır. Aparılan təbliğatdan da bu hiss olunur. Təbliğatçılar kommunist olduqlarını iddia edirlər və Rusiyaya birləşməyi də SSRİ-nin yenidən qurulması kimi qəbul edirlər. Hesab edirlər ki, Avrasiya İttifaqı daxlində Rusiyaya birləşmək Sovet İttifaqının yenidən qurulmasına zəmin yarada bilər. Təbliğatçılar son bir neçə ildə bir sıra dövlətlərin bu birliyə üzvlüyünün artıq bu prosesin başlanğıcı olduğuna da inanırlar.

“Təxribatdır”

BAXCP sədrinin müavini Elçin Mirzəbəyli “Cümhuriyət”ə deyib ki. Azərbaycanda Rusiya ilə bağlı hansısa ideologiyanın baş qaldırması inandırıcı deyil. E.Mirzəbəyli bunu Rusiyanın heç bir ideologiyası olmayan dövlət olmasıyla əlaqələndirib: “Sovet İttifaqının ideologiyası vardı, indi də bu yoxdur. Rusiya saxta vətənpərvərlik üzərində qurulmuş bir ölkədir. Əgər Azərbaycanda kimsə Rusiya millətçiliyini təbliğ edirsə, bu, ilk növbədə onun antimilli düşüncəli insan olmasının göstəricisidir. Həmin şəxslər açıq formada Azərbaycana aid olmadıqlarını bildirirlər. Bir sıra insanlar keçmiş SSRİ ilə Rusiyanı səhv salırlar. Hər ikisi də ambision və imperiya maraqlarından çıxış edən ölkələr idilər. Amma sistemləri fərqliydi. Hazırda qarşımızda kapitalist-burjua Rusiyası var. Burjua Rusiyasının da məqsədi rus imperiyasının sərhədlərini genişləndirməkdən ibarətdir, dünyada ədaləti bərpa etməkdən ibarət deyil. Həmin təbliğatı aparanlarla müvafiq orqanlar məşğul olmaldırlar. Bu, şərh ediləsi məsələ deyil, təxribatdır. Təxribatın qarşısı da hüquq-mühafizə orqanları tərəfindən alınmalıdır”.

“Azərbaycan seçimini etməlidir”

AXCP Mətbuat Xidmətinin rəhbəri Vüsal Qarayev “Cümhuriyət”ə bildirib ki, Rusiyanın təbliğatını aparanlar sosialistlər bir sıra məsələləri səhv salırlar. V.Qarayev baş qaldıran Rusiya yönümlü ideologiyanın hökumətinin balanslaşdırılmış xarici siyasətinin olmamasıyla əlaqələndirib: “Sosializm Rusiya, SSRİ demək deyil. Qeyd etdiyiniz kimi, sosial şəbəkələrdə özlərini sosialist kimi göstərib, Azərbaycanda Rusiya bayraqlarının dalğalanmasını arzulayanlar da belələridir, yəni məlumatsız insanlardırlar. Amma bu prosesə rəhbərlik edən və görünməyən qüvvələr var. Təbii ki, bu sistemli fəaliyyətdir. İnsanların şüuraltına düşünülmüş şəkildə informasiya ötürülür. Son zamanlar Azərbaycanın dövlət siyasətinin Rusiyaya meyllənməsi Azərbaycanda oturan rusiyapərəstləri daha da ümidləndirib, yəqin ki, bu, onlara stimul verib. İndi biz bu insanları qınaya, onları təhlükəli hesab edə, antimillilikdə ittiham edə bilərik. Amma o zaman da onlar cavab verə bilərlər ki, ölkəni Qərbə, Avropaya, ABŞ-a inteqrasiyaya səsləyənlər, bu yönümdə təbliğat aparanlar da var, guya Qərb, Avropa, ABŞ çox safdır? Bu suala cavab vermək çətindir”.

AXCP yetkilisi hesab edir ki, Azərbaycan kimi ölkələrin tam müstəqil formada ayaqda qalması qeyri-mümkündür: “Mütləq kiminsə himayəsini qəbul etməlisən, bu birmənalıdır. Azərbaycan isə sanki, hələ də axtarışdadır, qərar verə bilmir. Məsələn, Gürcüstan radikal addım atdı, itkiləri və qazancı nəzərə alaraq seçimini etdi. Biz hələ edə bilmirik. Ona görə də Rusiya, ABŞ, yaxud Avropa meyilli insanların bu tip təbliğatları normaldır. Bugün ölkədə kifayət qədər Türkiyə meyillilər də var. Azərbaycanın Türkiyə ilə birləşməsini arzu edənlər də az deyil. Turançılar var, islamçılar var, hətta İrana birləşməmizi istəyənlər də var. Səbəb isə, Azərbaycanın istər daxili, istər xarici oturuşmuş, belə desək, daşlaşmış dövlət siyasətinin olmamasıdır. Biz bu günümüzü qurtarmaq üçün siyasət yürüdürük. Bundan nəinki 100 il, heç 10 il sonranı da düşünmürük, nəzərə almırıq”.

Mənsur





Həftənin ən çox oxunanları