Yuxarı

Azandan “ürkən” “müsəlmanlar”

Azandan  “ürkən”  “müsəlmanlar”

 

Hafiz Mirzə: “Azan ruhumuzdadır, onu yasaqlamaq olmaz”

Paytaxda yerləşən İlahiyyat məscidində azanın yüksək səslə verilməsi narazılıq doğurub. Məscidin yaxınlıqda yaşayan 400-dən çox insan Yasamal rayon Polis Şöbəsinə yazılı formada müraciət edərək azanın minarələrdən mikrofonla verilməsinə etiraz ediblər. Məsələ ilə bağlı “Cümhuriyət” qəzetinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə ünvanladığı sorğu cavabsız qalıb. Qurum hər hansı mövqe sərgiləməkdən yayınıb. Amma ekspertlər bu cür həssas məsələdə azan səsinə etiraz edənləri son dərəcə diqqətli olmağa çağırıblar.

“O məscidə ancaq vəhabilər yığışır”

Dini məsələlər üzrə ekspert, tanınmış yazıçı-publisist Hafiz Mirzənin sözlərinə görə, İlahiyyat məscidi daha çox vəhabilərin yığışdıyı bir ocaqdır: “Məlumatım var ki, o məscidə yalnız vəhabilər yığışır. Camaat da görür ki, övladları yoldan çıxarılır. Bu gün onların övladları o məscidə toplaşacaq, sabah isə onların səsi Suriyadan gələcək. Bu səbəbdən də həm məscid, həm də orada səsləndirilən azan camaatda qıcıq yaradır. Azərbaycanda istər dövlət, istərsə də sadə vətəndaşlar tərəfindən islama qarşı hər hansı həqarətin əleyhinəyəm. Biz müsəlmanıq, azan bizim ruhumuzdadır, qanımızdadır. Azana qarşı çıxan hər hansı adam əslində öz dininə, imanına və bütün milli-mənəvi dəyərlərinə qarşı çıxır. Kobud desək, belə şəxslər hətta azərbaycanlı deyil. Amma o Yasamaldakı məsciddə gedən proseslər insanı bir qədər başqa cür düşünməyə vadar edir. Burada sətiraltı məqamlar var. Ola bilsin ki, müəyyən qüvvələr azandan başlayaraq, etiraz edirlər, sonrakı mərhələdə isə proses başqa formalara keçəcək”.

“Hansı məsciddə proses siyasiləşdirilirsə...”

Ekspert əlavə edib ki, qeyd olunan məsciddə azan məsələsi bir bəhanədir: “Mən inanmıram ki, Yasamal rayonunda 400 nəfər azanın əleyhinə çıxsın.  Burada azan məsələsi bəhanədir. Söhbət o məsciddəki proseslərdən gedir. Əgər bu məsələdə etirazlar ictimailəşirsə, bunun arxasında başqa məqamlar var. Azan ibadətə çağırışdır, bir hökmdür. Bu səsin əleyhinə çıxmaq islamın əleyhinə çıxmaqdır.  Türkiyənin hər məhələsinin, küçəsinin,  özünün məscidi var. Bir küçədə 30-40 məscid var və onların hər biri azan səsi verir. Onlar niyə etiraz etmirlər?

Orada bir nəfər əbləh azana qarşı etiraz etmişdi, Konstitusiya Məhkəməsi onun ağzından şapalağı vurdu ki, bu xalqın istəyinin əleyhinə getməsin. Xalqın içərisində islama qarşı heç bir münasibət yoxdur. Ona görə də bir nəfərin mövqeyi xalqın mövqeyi ola bilməz. Azana qarşı çıxan bir sözlə, kafirdir. Fikrimcə,  bu etirazların arxasında hansısa bir tapşırıq və siyasi münasibətlər dayanıb. Eyni zamanda həmin məscidə toplaşanların özlərinin dinə münasibətləri nəzərdə tutulur. Azanı paytaxtın digər məscidlərində də verirlər. Niyə o məscidlərdə azanın səsinə etirazlar yoxdur? Nə oldu, azanın səsini ən ucadan səsləndirən məscid İlahiyyat məscidi oldu? Hansı məsciddə ki, proseslər siyasiləşdirilir və başqa ölkələrin barmağı var, Azərbaycan hökuməti azanı bəhanə etməmək şərtilə bu cür dini ocaqlara qarşı hərəkətə gəlməlidir.

Bir işi görmək üçün daha sivil qaydalara əl atmaq olar. Azanı ortaya qoymaq düzgün deyil. Bu səsə etiraz edənlər yəqin ki, müsəlman deyil”.

Alçina Amilqızı





Həftənin ən çox oxunanları