Yuxarı

Böhran artdıqca, ölkə kriminallaşır

Böhran artdıqca,  ölkə kriminallaşır

 

Psixoloq Təhminə Yaqubova: “İnsanlara pulsuz psixoloji dəstək verilməlidir”

Son zamanlar ölkəmizdə ailə-məişət münaqişəsi zəminində baş verən qətllərin sayı durmadan artır. Məsələ burasındadır ki, ailələrdə baş verən bu cür münaqişələrin qarşısının alınması və valideynlərin bu prosesdə iştirakının təmin olunması məsələsində heç bir addım atılmır. Hər gün səhəri qana susamış qatı cinayətkarların xəbərləri ilə açırıq. Dəhşətlisi isə odur ki, son vaxtlar qatı cinayət törədən şəxslərin etdikləri əməllər ağlasığmaz tərzdədir. İstənilən şəxs bu tip xəbəri oxuyarkən göz önündə cinayətkarın ifrat dərəcədə vicdansız və qana susamış şəxs obrazını canlandırır. Çünki əksini demək mümkün deyil. Belə davam edərsə, yaxın vaxtlarda Azərbaycan kriminal ölkələr sırasında ən “öncül” yerlərdən birini tutacaq.

Bu günlərdə Neftçalada atasını öldürən 21 yaşlı gəncin atasını və daha sonra taksi sürücüsünü qətlə yetirməsi ilə bağlı xəbəri gündəmi zəbt edib. Ailə münaqişəsi zəminində baş vermiş bu hadisə həzm ediləsi deyil. Belə ki, qətli törədən 1992-ci il təvəllüdlü Emil Heybətov 1961-ci il təvəllüdlü atası Aydın Heybətovu qətlə yetirdikdən sonra meyiti yandıraraq külünü Kür çayına atıb. İstintaq araşdırması zamanı Aydın Heybətovun ailə üzvləri tərəfindən hansı səbəbə görə öldürülməsi üzə çıxıb. Məlum olub ki, oğul atasına ov tüfəngindən iki dəfə atəş açaraq qətlə yetirib, sonra anası Tükəzban və bacısı ilə birgə meyiti həyətdə yandırıb. Onlar yanmış meyitin qalıqlarını kisələrə yığaraq evlərinin yaxınlığından keçən Kür çayına atıblar.21 yaşında əlini ata qanına bulayan Emil, cəsədin qalıqlarını Kürə atan zaman Neftçalada taksi sürücüsü işləyən Kamal Rüstəmov hadisəyə şahidlik edib. İlkin ehtimal budur ki, bu şahidlik taksi sürücüsünün ölümünə də səbəb olub.

İnsan affekt durumuna necə düşür?

Qeyd etdiyimiz qətlin timsalında bu tip kriminal hadisələrin sayı Azərbaycanda kifayət qədərdir. Kriminalistlərin fikrincə, əslində bu cür cinayətləri törədənlərə psixoloji problemləri olan şəxs kimi baxmaq düzgün deyil. Çünki istənilən anlaqlı şəxs bu cür cinayətləri törədə bilər. Yetər ki, bunun üçün məsələnin köklü səbəbləri olsun. Psixoloqlar isə hesab edirlər ki, ailə-məişət münaqişələrin son illər daha çox qabarması problemi həll etmir, onu daha da dərinləşdirir.

Media qətliam xəbərlərini adiləşdirir

Psixoloq Təhminə Yaqubova “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, əslində hər birimizdə affekt hal baş verə bilər: “Hər hansı gözləmədiyimiz bir şey baş verən zaman affektiv bir hərəkət göstəririk. Lakin nəzərə alaq ki, sosial medianın, KİV-in təsiri insanlara böyükdür. Hal-hazırda televizoru açdıqda yalnız cinayət xəbərləri göstərilir. Kim kimi necə, hansı şəkildə qətlə yetirdisə, təfərrüatı ilə nümayiş olunur. Əslində bir məsələ haqda ən çox danışılırsa, bu hal artmaqdadır. Yəni, bu tip xəbərlərin mütəmadi yayınlanmasından zərər çəkənlər çoxdur. Çünki xəbərlər yayılanda altından yazılan şərhlər də bizim psixologiyamıza təsir edir. Məsələn, ən adi intihar xəbəri yayılanda , o insan haqda mənfi rəylər formalaşır ki, bütün bunlar da təsiredici amillər sırasındadır. Əgər xəbərlərin mütəmadi yayılmasından müsbət nəticə götürənlər varsa, bu tip hadisələrin sayı niyə atmaqda davam edir? Əvvəl intihar hadisələri çox az idi. Digər məsələlərin qloballığı az haldadır, nəinki işğalçı durumlar... Azərbaycanda psixoloji maarifləndirmə aşırı dərəcədə aşağıdır. Valideynlərin maddi durumunu anlayıram. Bir balaca da iş psixoloqların üzərinə düşür. Psixoloji mərkəzlərdə durumun paket sisteminə keçirilməsi, insanların məvacibinə uyğun olan dəyərləndirmənin aparılmaması, psixoloq statusu qazanmamış şəxslərin fəaliyyəti də bu problemin çoxalmasına şərait yaradır. Məktəblərdə psixologiya fənninin tədris olunmasına ciddi ehtiyac var”.

“Heç kim məni anlamır”, “dostum yoxdur”...

Psixoloqun sözlərinə görə, əsasən kriminal hadisələrin çoxu rayonlarda baş verir. Psixoloji maarifləndirmə rayonlarda demək olar ki, yoxdur: “Valideynlərin uşaqlara verdiyi tərbiyə başqadır. Ona görə də bu şəxslər affekt durumuna daha çox rast gəlirlər. İntihar halları, valideyn qətlləri daha çox rayonlarda olur. Çünki məhz uşaqların şəxsiyyətinin alçaldılması halları daha çox məhz rayonlarda böyükdür. Bakı digərlərinə baxanda daha rahatdır. Çünki psixoloqlarla birgə işləmək mexanizmi paytaxtda daha çox formalaşıb. Zəif iradəli, lakin psixoloji problemləri normal olan şəxs belə affektiv duruma düşə bilər. Yəni, intihar, cinayət edə bilər”.

Psixoloq yuxarıda qeyd etdiyimiz olaya da toxunub. O, deyib ki, məişət zəminində baş verən bu cinayət hadisəsinə bir pəncərədən baxmaq düzgün deyil: “Biz bir istiqamətdə olaya yanaşıb, ataya “niyə belə davrandı” deyə bilmərik. Hələ əsl problemi də bilmirik. Həmçinin o atanın övladının şəxsiyyətini alçaltdığı və alçaltmadığını da bilmirik. Yəni, yalnız bir pəncərədən yanaşıb uşağı qınamaq da düzgün deyil. Biz ailədəki problemi fərqli şəkildə bilirik. Heç bir insan durduğu yerdə digər insana zərər yetirməz. Əvvəlki insanlarla indiki insanların düşüncə və xarakterlərində kifayət qədər fərqlilik var.

O dövrün insanları bir qədər əzilməyə, valideyn sözünü dinləməyə daha meylli idilər. Lakin indi xarici filmlərin təsiri nəticəsində uşaqlarda azadlıq hissi artmış vəziyyətdədir. Eyni zamanda digər ölkələrin adət-ənənələrinə daha çox maraq göstərirlər. Nəticədə ailədə problemlər, söz-söhbətlər daha da artır. Hazırda yeniyetmələrlə söhbət aparsaq, böyük faizi, yüzdə 70 faizi “heç kim məni anlamır”, “mənim ən yaxın dostum yoxdur” düşüncəsindədir. Çünki bu xarici kinolardan uşaqlarımıza gələn bir mesajıdır. Ən böyük tövsiyyəm - psixoloji əhəmiyyətli məsələlər fonunda insanlara pulsuz psixoloji dəstək göstərsək, problemləri xeyli axsatmış olarıq. Məncə, təşəbbüsümə digər psixoloji mərkəzlər də dəstək verəcəklər”.

Alçina Amilqızı





Həftənin ən çox oxunanları