Yuxarı

Xəzərdə daha bir neftçi faciəsi

Xəzərdə daha  bir neftçi faciəsi

 

Gecə saatlarında “Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin 1-ci mədənindəki təzə estakadada neftçilərin istirahət etdiyi budka dənizə düşüb. Cebhe.info xəbər verir ki, bunu Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri Mirvari Qəhrəmanlı deyib.

Onun sözlərinə görə, budkada 10 nəfər işçi olub: “Aldığım ilkin məlumata görə bir nəfərin cəsədi tapılıb. Qalan 9 nəfər itkin düşüb”. “Azneft” İB-nin mətbuat xidmətindən bildirilib ki, yaxın dəqiqələrdə hadisə ilə bağlı rəsmi açıqlama olacaq.

Dənizdə itkin düşənlərin siyahısı açıqlandı

“Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına NQÇİ-də baş vermiş hadisə ilə əlaqədar  ilkin məlumat yayılıb. Cebhe.info məlumatı təqdim edir: “15.12.2016-cı il tarixində səhər saat 05.00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək “Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yıığım Məntəqəsinin sag və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurmuşdur. Estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da uçurmuşdur. İlkin məlumata görə, hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşmüşdür:

  1. Zülfüqarov Güloglan - maşinist
  2. Zülfüqarov Azay - operator
  3. Qurbanov Vidadi - operator
  4. Həsənov Elçin - mexanik
  5. Hacıəliyev Həsənağa - operator
  6. Qafarov İlham - operator
  7. Əsədov Samir - operator
  8. Bəhrəmov Cavid - operator
  9. Abbasov Ramiz - maşinist
  10. Rüstəmov Qorxmaz - operator

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyi və ''Xəzər Dəniz Gəmiçiliyi'' QSC-nin gəmiləri cəlb olunmuşdur. Axtarış-xilasetmə işləri davam etdirilir. FHN, SOCAR və “Azneft” İB-nin rəhbərliyi hadisə yerindədir. Hadisənin araşdırılması məqsədi ilə birgə xüsusi komissiya yaradılmışdır. Araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcəkdir”.

Dənizdə faciə

Ekologiya və Təbii Sərvətlər Nazirliyi bir neçə gün əvvəl hava şəraitinin kəskin pisləşəcəyi barədə “Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinə xəbərdarlıq göndərib. Bu barədə məlumatı Cebhe.info-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gürşad Məmmədova bildirib. Onun sözlərinə görə, havanın kəskin dəyişməsi haqda məlumatlar əlaqədar qurumlara göndərilir: “Biz havanın kəskin dəyişəcəyi haqda məlumatları əlaqədar qurumlara çatdırmışıq”. Qeyd edək ki, bu gün səhər saat 05:00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub. Estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da uçurub.  İlkin məlumata görə, hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb. Hələ ki itkin neftçilərdən birinin cəsədi tapılıb

Neftçilərin axtarışına maneə

Bakıda müşahidə olunan güclü şimal-qərb küləyi itkin düşən neftçilərin xilasetmə əməliyyatına maneə yaradır. Axtarış işlərinə Fövqəladə Hallar Nazirliyinin 10 gəmisi, həmçinin, çətin hava şəraitinə baxmayaraq, FHN-in Aviasiya dəstəsinin bir helikopteri cəlb olunub. Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gürşad Məmmədova Cebhe.info-ya deyib ki, hazırda müşahidə olunan şimal –qərb küləyi mülayimləşib: “Şimal və şimal-şərq küləyi əsir. Küləyin sürəti 11-13 metrdir. Dalğanın hündürlüyü isə 3, 8 metrdir. Bu faktiki müşahidə olan hava şəraitidir. Ola bilsin ki, bir azdan sonra küləyin sürəti aşağı düşəcək”.

Hazırda müşahidə olunan hava şəraitinin Xəzər dənizində baş verən qəza zamanı itkin düşən neftçilərin xilasetmə əməliyyatına maneçilik edib-etməməsinə gəlincə, Gürşad Məmmədova “Biz deyirik ki, külək və dalğa budur. Artıq Fövqaladə Hallar Nazirliyinin belə havada işləyib-işləməməsi onların öz məsələsidir. Onların iş qabiliyyətinə müdaxilə edə bilmərik”,- deyə bildirib.

Alçina Amilqızı





Həftənin ən çox oxunanları