Yuxarı

Azərbaycan üçün FETÖ təhlükəsi

Azərbaycan  üçün FETÖ təhlükəsi

 

Elçin Mirzəbəyli: “Azərbaycanın təhlükəsizliyinin tam təmin olunduğunu düşünürəm”

Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətli ilə bağlı müxtəlif mülahizələr irəli sürülür.  Bu mülahizələrdən biri də törədilmiş terrorun FETÖ ilə əlaqələndirilməsidir. Hətta qətl hadisəsindən dərhal sonra Ankara Şəhər Bələdiyyəçisinin başçısı Melik Gökçə bu hadisəni Rusiyaya məxsus təyyarənin vurulması və Türkiyədə hərbi çevrilişin baş verməsi ilə bağlı hadisələri xatırladıb. O, çıxışında  son olayın izində də FETÖ-nun olduğuna işarə edib. Amma bu daha çox Türkiyə hökumət dairələrinin  və ona yaxın olan siyasilərin şəxsi mövqeyidir. Əsl həqiqəti Rusiya və Türkiyə tərəfindən birgə yaradılmış komissiya üzə çıxaracaq.

Bəzi politoloqların sözlərinə görə isə faktlar onu göstərir ki, bu qətli törədən şəxs keçmiş polis işçisi olub və FETÖ-çularla birbaşa əlaqəsinə görə tutduğu vəzifədən kənarlaşdırılıb. Bu mənada  səfirin qətli ilə bağlı yayılan versiyalarda da FETÖ-nun əl izinin olması öz doğruluğunu təsdiq edir. Bundan əlavə  törədilmiş qətl onu göstərir ki, bu, əvvəlcədən planlaşdırılmış və hazırlanmış sui-qəsddir. Ehtimal var ki, bəzi dünya gücləri FETÖ ilə əlbir olaraq bu qətlin törədilməsində sifarişçi rol oynayıblar. Amma bu fakt da təsdiqini tapmayıb.

“FETÖ amili çox şişirdilir”

Politoloq Elçin Mirzəbəyli “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, FETÖ xüsusi xidmət orqanlarının ümumiləşdirilmiş obrazıdır: “Yəni, Fətullah Gülən adlanan sıradan bir din adamı, daha doğrusu, din pərdəsi arxasında gizlənmiş bir məxluq böyük güc sahibi və bu boyda potensial sahib ola bilməz. Bəzən mən FETÖ ilə bağlı nağılları oxuyanda sadəcə gülürəm. Çünki həddən artıq bu məsələ şişirdilir və elə bir şərait yaradılır ki, sanki FETÖ böyük bir gücdür. Belə olduğunu düşünmürəm. Şübhəsiz, FETÖ Türkiyə hökumətinin əleyhinədir və Türkiyəyə qarşı təxribat törədir. Bu qrupların ola bilər ki, Türkiyənin ayrı-ayrı strukturlarında adamları var və ölkəyə qarşı təxribatlar törədirlər. Amma bu insanların ora necə gəlib çıxmasına da bir nəzər salmaq lazımdır. Qənaətimə görə o şəxslər ora təsadüfi halda gəlib çıxmayıblar,  onlar üçün xüsusi şərait yaradılıb. Xüsusən, son qətl hadisəsinin necə baş verdiyini nəzərə alanda, bir çox suallar ortaya çıxır. O polis ora necə düşmüşdü? Onun orada nə işi vardı? Necə olmuşdu ki, səfirin arxasında dayanmışdı? Çoxsaylı suallar var ki, bunlara cavab tapmaq lazımdır”. Elçin Mirzəbəyli deyib ki, ümumiyyətlə, elə tədbirlər görmək lazımdır ki, oxşar hadisələr baş verməsin: “Çünki heç kim bu hadisələrdən sığortalanmayıb. Qənaətimiə görə, Azərbaycan belə məsələlərdə Türkiyə və digər ölkələrlə yaxından əməkdaşlıq edir. Bütövlükdə FETÖ-ya qarşı deyil, ümumilikdə terror qruplarına qarşı Azərbaycan hər zaman birmənalı mövqe nümayiş etdirib  və bundan sonra da nümayiş etdirəcək. Azərbaycanın təhlükəsizliyinin tam təmin olunduğunu düşünürəm. Belə qrupların ölkəmiz üçün təhlükə yaradacağı fikrində deyiləm.

Təəssüflər olsun ki, bu gün beynəlxalq güclər terrora ikili standartlardan yanaşır, yaxşı və pis terrorçu amilini önə çəkir və bütün dünyada immunitetini zəiflədib.  Bu problemlərin aradan qaldırılması üçün bütövlükdə terrorizmə qarşı, FETÖ-ya və erməni terrorizminə qarşı birmənalı addımlar atmaq lazımdır”.

Alçina Amilqızı





Həftənin ən çox oxunanları