Yuxarı

“Motodrom” ətrafında gərginlik

“Motodrom”  ətrafında  gərginlik

 

“Başımızı aldadıb 600 manatla evimizdən çıxarmaq istəyirlər”

“Avtovağzal” metrostansiyası ətrafında narazılıq davam edir. Qeyd edək ki, metrostansiyanın inşası ilə əlaqədar olaraq Binəqədi rayonu “Motodrom” ərazisində 64 ev plana düşüb və yaxın gələcəkdə sökülməsi planlaşdırılıb. Lakin həmin evlərin sökülməsinə qərar verilsə də hələ də sakinlər xüsusi yerlərdə məskunlaşdırılmayıb və veriləcək kompensasiya da sakinləri qane etmir.

Bir neçə həftə öncə sakinlərə evlərinin sökülməsi üçün hər kvadratmetrə 500 manat kompensasiya müəyyənləşdirilsə də bu, sakinlərin ciddi narazılığı ilə qarşılandı. Hətta etiraz edən sakinlər Bakı-Sumqayıt yolunu kəsdilər. Aksiya böyük səs-küy doğurdu. Sakinlər etiraz əlaməti olaraq qapılarına “500 manata ev satılmır” şüarları yazsalar da yerli sahə müvəkkili tərəfindən bu plakatlar qapılardan söküldü. Sakinlərin Milli Məclis nümayəndələri ilə görüşündən sonra onlara evlərinin sökülməsi müqabilində kompensasiyanın məbləğinin artılrılması sözü də verildi. Lakin Milli Məclis nümayəndələrinin bu boş vədləri öz nəticəsini vermədi. Artıq parlamentdən ümidi kəsilən “Motodrom” sakinlərinin ciddi müqaviməti kompensasiyanın artması ilə nəticələndi. İndi hər kvadratmetr üçün təyin edilmiş 500 manat kompensasiya artırılaraq 600 manat müəyyənləşdirilib. Lakin bu da vətəndaşları qane etmədi.

“Məqsəd dövlət vəsaitini mənimsəməkdir”

Cebhe.info-ya açıqlamasında sakinlər bunun Binəqədi rayonu İcra Hakimiyyəti ilə “Bakı Metropoliteni” QSC-nin işi olduğunu, əsas məqsədin vətəndaşları hədə-qorxu ilə evindən çıxararaq külli miqdarda dövlət vəsasitini mənimsəmək olduğunu qeyd ediblər: “Biz dəfələrlə etiraz etdik, dəfələrlə aksiya etdik, amma heç nə dəyişmir. Yoli kəsdikdən sonra söz verdilər, and-aman etdilər. Yenə problem həllini tapmadı. Əvvəl buralarda yerləşən 4-cü kateqoriyaya aid evlər idi. Bildiyiniz kimi 12 kateqoriya evlər var. Ən birinci kateqoriyaya aid olan evlərin satışı hər kvadratmetrə 3200 AZN, 12-ci kateqoriyaya aid olan evlər isə hər kvadratmetrinə 1100 AZN təşkil edir. Əvvəl 4 idi. Bu söküntü işləri başlayanda buraları etdilər 2-ci kateqoriya ki, dövlət büdcəsindən külli miqdarda vəsait silinsin. 2-ci kateqoriyanın dəqiq qiymətini bilməsək də orta hesabla 2000-2500 AZN edir hər kavdratmetrə. İndi də bizim başımızı aldadıb 600 manatla evimizdən çıxarmaq istəyirlər və orda da özləri 1500 AZN hər kvadratmetrə görə pul mənimsəyəcəklər. Bunların əsas dərdi budur. Bu işlərin arxasında da Binəqədi rayonu İcra Hakimiyyətinin başçısı və Metropoliten rəhbərliyi dayanır. Həmin məbləğdə də şərikdirlər. Biz mətbuata çıxandan, aksiyalar edəndən sonra qışın oğlan çağında, qarda, çovğunda bizi təhdid edirlər ki, köçməsəniz, qazınızı, işığınızı, suyunuzu kəsəcəyik. Bu gün bizə son xəbərdarlıq ediblər ki, razılaşmasaq qazlar, işıqlar, sular kəsiləcək belə şey olar?”

“Hər gün gəlib hədələyirlər”

Bizə danışan yaşlı “Motodrom” sakini artıq belə yaşayışdan, təhdid dolu günlərdən bezdiyini qeyd edib: “Bala artıq hər gün gəlib bizi hədələyirlər. Yerli sahə müvəkkili və icra başçısının müavini buralarda gəzişir. Kim çıxır qabağına hədə-qorxu gəlir ki, razılaşın, alın pulunuzu, gedin. Hələ bundan başqa evimizi də düzgün ölçmürlər. Bina evində satılan evi içəridən ölçürlər, lakin həyət evində bayırdan ölçülməlidir. Lakin bunlar həyət evimizi içəridən ölçür, mətbəxi köməkçi tikili adı ilə hesaba daxil etmir. 90 kvadratmetr evi 48 kvadratmetr yazıb. Bu harda görünüb belə? Nə edək ölkədən baş götürüb gedək? Başqa ölkələrə vətəndaşlıq üçün müraciət edək? Sovet dövründə bunlar belə edə bilərdilər? Sovet vaxtı kimsə kimisə bu soyuqda bayıra atsaydı, onu Sibirə sürgün edərdilər. İndi onlara fürsət verirlər ki, qazını kəs, suyunu, işığını kəs, təki köçürt onları. Dəfələrlə televiziyaya müraciət etmişik, heç kim gəlib xalqın bu problemini işıqlandırmır. Sizdən xahiş edirik bizim dərdimizi işıqlandırın. Gələnlər də bizi aldadıb danışdırır sonra yayımlamırlar”.

“Söküntü qanunsuzdur”

Digər sakin isə bu söküntünün qanunsuz olduğunu bildirdi: “Bu söküntü birbaşa olaraq qanunsuzdur. Çünki biz bununla bağlı vəkilə, hüquq müdafiəçisinə müraciət etdik. Onlar bildirdilər ki, bu söküntü barəsində məhkəmə qərarı varmı, söküntü ilə bağlı vətəndaşlara bildiriş verilibmi? Bizə də nə söküntü ilə bağlı nə məhkəmə qərarı, nə bildiriş verilməyib. O zaman hüquq müdafiəçisi dedi ki, bu söküntü tamamilə qanunsuzdur.

Evinizdən bayıra çıxmayın. Sizi heç kim qanunsuz evinizdən çıxara bilməz. Əgər qanunsuzdursa, niyə bizi təhdid edirlər, təhrik edirlər ki, dəyər-dəyməzinə verib çıxaq evimizdən? Heç yana çıxmayacağıq. Qazı da, işığı da, suyu da kəssələr, burda öləcəyik”.

“Azəriqaz”: “Ərazinin qaz təminatı dayandırılmayıb”

Məsələ ilə bağlı Cebhe.info-ya danışan “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev deyilənlərin həqiqətə uyğun olmadığını qeyd edib: “Belə söküntülər olan zaman bizə rəsmi məktub və bildiriş gəlməlidir ki, oraya mavi yanacağın verilməsi təhlükəlidir. O zaman biz təchizatı dayandırırıq. Çünki söküntü zamanı hansısa xətdə zədələnmə ola bilər, bu da böyük fəlakət yaradar. Ona görə də biz belə təhlükəli yerlərdə təchizatı dayandırırıq. Lakin sözügedən ərazidə aparılan söküntü işləri ilə əlaqədar bizə heç bir rəsmi bildiriş, müraciət gəlməyib. Hal-hazırda “Motodrom” ərazisinə qaz təzhizatı dayandırılmayıb. Rəsmi müraciət olmadan dayandırıla da bilməz. Kiminsə  vətəndaşları belə təhdidlərlə hədələməsi mümkünsüzdür. Həmin şəxs heç vaxt “Azəriqaz” İstehsalat birliyinin əməkdaşı ola bilməz”.

“Azərsu” ASC mətbuat xidmətinin rəhbəri Anar Cəbrayılov isə sözügedən məsələ ilə bağlı araşdırmalar aparılacağını qeyd edib: “Biz bu məsələni araşdırmamış cavab verə bilmərik. Mən bu məsələni dərindən araşdırmalıyam. Kimsə “Azərsu” ASC adından istifadə edib nələrisə edə bilməz. Araşdırıldıqdan sonra dərhal məlumat veriləcək”.

Lakin “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevlə əlaqə saxlamağa çalışsaq da buna müvəffəq ola bilmədik.

Məsələni diqqətdə saxlayacağıq...

Rövşən Əsədov





Həftənin ən çox oxunanları