Yuxarı

Maaşımızın yarısını alan dayanacaqlar

Maaşımızın yarısını    alan dayanacaqlar

 

Bakı parklanma yerlərindəki qiymətlər “cib yandırır”

Paytaxt Bakının bir çox küçələrində və böyük ticarət və əyləncə mərkəzlərində maşın parklanma yerlərinə, dayanacaqlara rast gəlirik. Lakin həmin dayanacaqlar üçün təyin edilmiş qiymət heç də ürəkaçan deyil. İri ticarət və əyləncə mərkəzləri dayanacaqlar üçün istədikləri qiymətləri təyin edib. Daha dəqiq desək, bu barədə heç bir normativ, heç bir qiymət və sənəd qəbul edilməyib. Hətta dayanacaqların qiymətlərinə nəzarət edəcək bir qurum da mövcud deyil. Buna görə də bu sahədə kifayət qədər boşluğu müşahidə etmək mümkündür.

Paytaxt küçələrində xırda bir reyd etdik. Şəhər mərkəzində yerləşən Mc Donalds -da bir saatlıq dayanacaq üçün təyin edilmiş qiymət 0.7 AZN təşkil edir. Dayanacaq o qədər də böyük olmadığı və qiymətin digər yerlərə nisbətən ucuz olması üçün kifayət qədər sıxlığı müşahidə etdik. Məsələnin digər maraqlı tərəfi isə bir neçə saatlıq dayanacaq xidmətindən istifadə etmək istəyənlər üçün isə qiymətin 1 AZN-dən hesablanmasıdır. Məsələn, 12 saatlıq dayanacaqdan istifadə etmək üçün 12 manat ödəniş edilməlidir. Qeyd etmək yerinə düşərdi ki, sözügedən dayanacaqdan istifadə edənlər bir neçə saatlıq istifadə edir və uzunmüddətli dayanacaq xidmətindən istifadə edilmir. Səbail rayonu, Fəvvarələr meydanı, Nigar Rəfibəyli küçəsində yerləşən özəl dayanacaqda isə qiymətlər fərqlidir. Bir saat üçün ödəniş 1 AZN, 1-3 saat 2 AZN, 3-6 saat 3 AZN, 6-12 saat 6 AZN, 12-24 saat 10 AZN. Qiymətlərin baha olmasına baxmayaraq maşınların sıxlığı da diqqətimizdən yayınmadı. Dənizkənarı Milli Parkda yerləşən Park Bulvar Ticarət Mərkəzinin zirzəmisində yerləşən dayanacaqda isə qiymətlər demək olar ki, bahalığına görə “öndə gedir”. Belə ki, hər saatına görə 1 AZN ödəniş edilməlidir. 24 saatlıq dayanacaq üçün 24 AZN ödəniş tələb edilir. Qiymətin rekord olmasına baxmayaraq xeyli sayda dayanacaq istifadəçisi də gözümüzdən yayınmadı.

“Qiymətlərə yenidən baxmaq lazımdır”

Bakı dayanacaqlarından qiymətlərin baha olması hətta Milli Məclisdə belə səslənib. YAP-çı millət vəkili Siyavuş Novruzov Milli Məclisin plenar iclasında bu barədə məlumat verib. Millət vəkili deyib ki, parklanma yerlərinə elə qiymət qoyublar ki, orada siçanlar oynayır: “Maşın adında heç bir şey yoxdur. Bəs nədən ötrü tikilib istifadəyə verilib? Hər saatına da 1 manat pul qoyublar. Bir şəxs idarədə işləyirsə, gəlib orada avtomobilini saxlayırsa, hər həftə ərzində beş günlük iş həftəsidirsə, hər həftəyə 40 manat pul ödəməlidir. Ay ərzində 200 manat edir. Bir vətəndaş bir avtomobilinə aldığı əməkhaqqının 30-40 faizini ödəməlidir. Buna görə də heç kim orada maşın saxlamır. Məcbur olur ki, qadağan olunmuş yerlərdə saxlasın. 1-2 manatla günü yola versin”.

Deputat deyib ki, hökumətin tikdiyi, təhvil verdiyi yerlər boş qalır. Ona görə də qiymətlərə yenidən baxmaq lazımdır: “Kim hansı qiyməti istəyirsə, onu müəyyənləşdirir. Bir ticarət obyektinin gəlirləri yaxşıdırsa, müştəriləri çoxdusa, saatı 2 manat edir. Başqa biri başqa qiymət müəyyənləşdirir. O baxımdan yeraltı parklanma yerlərinin istifadəsi zamanı oradan dövlətə gələn rüsum qeydiyyatdan keçməlidir. Ödədiyi vəsait də avtomatik müəyyənləşdirilir və dövlətə vergi verilir. Ona görə də kim qoltuğuna bir parkomat vurursa, hara istəyir, qoyur. Nə hesabatı var, nə də başqa şeyi. Kim hardan istəyir, ordan da pul götürür. Dövlətə də xeyri yoxdur. Tıxac yaradır, vətəndaşlara problem yaradır. Elə qiymət müəyyənləşdirilsin ki, vətəndaşlar gəlib orada maşın saxlasınlar”.

Hündürmərtəbəli binalarda da dayanacaq xidmətləri dəhşətli dərəcədə baha qiymətə təklif edilir. Yasamal rayonu ərazisində yerləşən hündürmərtəbəli bir maşınlıq yerin daimi satılması üçün mənzil qiymətinə 5 min AZN də əlavə olunduğu sirr deyil. Hətta daimi qaraj almağa imkanı olmayanlar üçün aylıq 100-200 AZN civarında qiymətlər də dəyişir.

Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən yaradılmış dayanacaqlarda isə qiymətlər nisbətən daha münasibdir. Belə ki, dayanacaqlarda yerləşdirilmiş parkomatlarda bir saat dayanmaq üçün 0.5 AZN ödəniş tələb edilir. Və bu uzunmüddətli dayanacaqdan yararlanmaq üçün də dəyişmir. Yəni, 10 saatlıq dayanacaq xidmətindən yararlanmaq üçün 5 AZN ödəniş ödəməli olacaqsınız.  Qonşu Türkiyədə isə bu qiymətlər olduqca münasibdir. Şəhər mərkəzlərində belə dayanacaqların saatı üçün 0.2 AZN qiymət müəyyənləşib və bütün dayanacaqlar da məhz bələdiyyə nəzarətindədir. Oradan gələn gəlir isə Azərbaycandakından fərqli olaraq ciblərə deyil, dayanacaq xidmətlərinə və hər hansısa bir yolun bərpası üçün xərclənir.

Hətta Rusiyada da bu qiymətlər Azərbaycandakından ucuzdur. Paytaxt Moskva küçələrində dayanacaq xidmətindən yararlanmaq istəyənlər hər saat üçün 0.1 AZN pul ödəyirlər.

Rövşən Əsədov





Həftənin ən çox oxunanları