Yuxarı

Oliqarxlar özlərinə aeroport tikdirir?

Oliqarxlar özlərinə aeroport tikdirir?

Natiq Cəfərli: “Bu layihənin arxasında başqa maraqlar var”\\Hökumətin böhrandan çıxmaq üçün hazırladığı yeni iqtisadi modeldə (Strateji Yol Xəritəsi) regionlarda hava limanlarının tikintisi nəzərdə tutulur. Bu gün bəzi regionlarda hava limanı var və onların bir çoxuna da heç ehtiyac yoxdur. Əhali onsuz da bu hava limanlarından az istifadə edir. Bunun da əsas səbəbi qiymətlərin çox yüksək olmasıdır. Bu gün regionlarda olan aeroportlardan normal işləyən Gəncə və Naxçıvan hava limanlarıdır. Zaqatalada olan aeroportdan demək olar ki, heç kim istifadə etmir. Yalnız daxili uçuşlar həyata keçirən aeroportlarda bilet qiymətləri yüksək olduğu üçün insanlar adətən, marşrutlardan istifadə etməyə üstünlük verirlər. Bəs sərnişinsiz region aeroportlar kimə və niyə lazımdır?\\Aeroportların tikintisinə külli miqdarda vəsait ayrılır. Ölkənin hazırkı durumunu nəzərə alsaq, bu iqtisadi baxımdan da effektsizdir. Dövlət əhəmiyyətli tikinti layihələrində isə layihənin smeta dəyərindən əlavə külli miqdarda yeyinti halları olur. Bu günə qədər həyata keçirilən tikinti layihələrinin demək olar ki, hamısında bu cür halların şahidi olmuşuq. Regional aeroportların da tikintisində yəqin ki, belə olacaq. Məlumdur ki, bu gün ölkənin ağır böhran keçirməsi bəzi monopolist məmurları “gəlirsiz” qoyub. Onlar da özlərinə yeni “qazanc” yerləri axtarırlar. Bir müddət öncə Bakının Ələt qəsəbəsində tikilməsi nəzərdə tutulan Avtovağzal da məhz bu məqsədlər üçün hazırlanmış layihə idi. Ancaq bu layihə böyük narazılığa səbəb oldu və nəticədə layihənin sadəcə söz olaraq deyildiyi iddia edildi. Ümumiyyətlə, ölkənin gələcəyi üçün effektsiz, büdcəyə gəlir gətirməyən “yeyinti layihələri”nin icrası yalnız bəzi monopolist məmurların maraq dairəsində olan məsələlərdir. Məmurlar vertolyotlardan, təyyarələrdən daha rahat şəkildə istifadə etmək üçün regionlarda özlərinə “pist”lər düzəldirlər. Ancaq bunu dövlət büdcəsi hesabına etməyə çalışırlar.\\“Bu layihə səmərəsizdir”\\\\İqtisadçı-ekspert Natiq Cəfərli “Cümhuriyət” qəzetinə şərhində deyir ki, Azərbaycanın ərazisi kiçikdir və burada çox sayda hava limanlarının olması məntiqsizdir. Bu layihə ən azından iqtisadi baxımdan səmərəsizdir: “Naxçıvandan başqa, ölkə ərazisində yük, sərnişindaşıma üçün böyük aeroportların tikintisi lüzumsuzdur. Çünki Naxçıvanla quru sərhədlərimiz yoxdur və hava nəqliyyatından istifadə labüddür. Regionlarda tikilən aeroportların işlməsi praktikada da səmərəsiz oldu və Bakı-Lənkaran, Bakı-Qəbələ reysləri bir müddət sonra ləğv edildi. Amma Gəncə kimi böyük şəhərdə hava limanının olması normaldır.\\Azərbaycan kimi kiçik bir ölkədə bütün regionlarda tikiləcək hava limanlarının effektivliyi sıfıra bərabərdir. Avtomobil yollarında hərəkət normal təmin olunursa, hava limanına ehtiyac da yoxdur. Dövlət büdcəsindən bu cür tikililərə milyonlarla vəsait xərclənir. Məsələn, Lənkəranda inşa edilən hava limanına 57 milyon manata yaxın vəsait xərclənib. Amma bunun iqtisadi səmərəliliyi olmadı. Tikintidən əlavə hər il həmin limanların saxlanılmasına da dövlət büdcəsindən milyonlarla vəsait xərclənir. Bunun başqa yolu var. Bu işlər özəl şirkətlərə həvalə olunmalıdır və onlar bütün riskləri gözə alaraq regionlarda hava limanlarının tikilməsinə qərar verməlidir ki, bu dövlət büdcəsinə ziyan verməsin.\\Özəl sektorun özü qərar verəcək ki, harada hava limanına ehtiyac var və bu biznesin inkişafı üçün şərait yaxşıdır. O, zaman həmin hava limanlarının tikintisinə özəl sektorlar və ya xarici investorlar qərar verə bilər. Əgər belə bir özəl sektor və ya xarici investor yoxdursa, dövlətin bu işdə aktiv olması büdcə vəsaitlərin effektsiz xərclənməsindən başqa bir şey deyil”.\\Azərbaycana xarici aviaşirkətlərin cəlb olunmasına toxunan ekspert bildirib ki, hal-hazırda AZAL-ın tək inhisarçı olmasında maraqlı olan qüvvələr var. N.Cəfərli qeyd edir ki, regionların inkişafı ilə bağlı hazırlanan bu tip layihələrin arxasında bəzən başqa maraqlar olur:\“Bu gün də bəzi regionlarda hava limanları fəaliyyət göstərir. Əgər hökumətin xarici şirkətləri bazara daxil etmək fikri varsa, bunu indi də edə bilər və daha ucuz uçuşlar təşkil edə bilər. Əgər bu indiyə qədər mümkün olmayıbsa, demək ki, burada digər maraqlar önə çıxır. AZAL-ın bazarda tək inhisarçı olmasında maraqlı olan insanlar, qüvvələr var ki, bu günə qədər bu baş verməyib. Əslində bunun baş verməsi labüd idi. Əgər hökumət regionlardakı hava limanlarının inkişafında maraqlı olsaydı, bu günə qədər xarici şirkətləri bazara dəvət edib ən azından həmin aeroportların işlətmə xərclərindən azad olardı.\\Bir neçə dəfə belə cəhdlər oldu, amma uğursuzluqla nəticələndi. Yaradılan şərait xarici şirkətləri qane etmədiyindən uçuşlar dayandırıldı. Regionaların inkişafı üçün beynəlxalq təcrübələr var ki, onlardan istifadə etmək lazımdır. Məsələn, Gürcüstan ikinci böyük şəhəri olan Kutaisini inkişaf etdirmək istəyirdi. Hökumət xaricə, xüsusilə də Avropaya ucuz uçuşlar təşkil edən 12 aviaşirkəti bazara buraxdı və bununla da Kutaisinin inkişafında ciddi rol oynadı. Bizdə də hər şey hökumətin verəcəyi qərarlardan asılı olacaq”.\\Vilayət Muxtar





Həftənin ən çox oxunanları