Yuxarı

Məhkəmə qərarlarının icra problemi, yoxsa qeyri-peşəkar davranış?

Məhkəmə qərarlarının icra problemi, yoxsa qeyri-peşəkar davranış?

Gülnar Nəzərli: “Uşağı zorla atasına vermək doğru deyildi”\\Əsabəli Mustafayev: “Məhkəmə qərarı dəyişməli idi”\\Sosial şəbəkədə yayılmış video cəmiyyətdə rezonans doğurdu. Videoda əks olunan məhkəmə icra məmurlarının 10 yaşlı Nurayı xalasından alaraq atasına verməsi birmənalı qarşılanmadı. Videoda icra məmurlarının aşkar kobud davranışı müşahidə olunurdu. Bu isə sosial şəbəkə istifadəçilərini özündən çıxarıb və sözügedən məsələ bütün dövlət xadimlərindən tutmuş, şou-biznes nümayəndələrinə qədər hər kəsin diqqətini çəkdi. Kimisi atanı, kimisi icra məmurlarını, kimisi isə məhkəmənin qərarını ittiham etdi.\\Daha çox insan isə icra məmurlarının özbaşınalığından, kobud davranışından yazdı və xeyli sayda insan onların cəzalandırılması tələbi ilə də çıxış etdi. Məsələ ilə bağlı Nurayın xalası Mehriban Eldarovanın vəkili Gülnar Nəzərli ilə əlaqə saxladıq. İcra məmurlarının davranışı qanunvericiliyə uyğun idimi? Məhkəmənin qərarının icrası hansı şəkildə həyata keçirilməli idi?\\“Psixoloqun iştirakı ilə danışıqlar aparılmalı idi”\\Sualı cavablayan vəkil icra məmurlarının davranışı ilə yanaşı ümumi məsələyə də aydınlıq gətirməyə çalışdı. O deyir ki, məhkəmənin icrası faktiki olaraq mümkünsüzdür: “Razıyam, ölkəmizdə məhkəmə qanunları məcburi şəkildə icra olunmalıdır. Amma praktikamızda kifayət qədər icranın mümkünsüzlüyü halı ilə də rastlaşmışıq. İcranın mümkünsüzlüyü nə deməkdir? Bu gördüyünüz Nuray situasiyası idi. Bu ev, əmlak deyil, kiminsə məcburi şəkildə mülkünə daxil olması halı deyil. Bu insan həyatıdır. Ələlxsus da, bu azyaşlı bir qız uşağıdır. Siz də gördünüz ki, orada azyaşlı uşağı sürüyürlər. O özü bunu istəmədiyi halda. Orada məhkəmə qərarının icrası üçün saatlarla, günlərlə psixoloqun iştirakı ilə, müəllimənin iştirakı ilə danışıqlar, psixoloji söhbətləşmələr aparılmalı idi. Bunlar olmadığı halda zor tətbiq edərək uşağı atasına vermək doğru deyildi”.\\Vəkil hesab edir ki, əgər uşağın bioloji anası dünyasını dəyişəndə onun bioloji atası irəli durub, uşağına sahib olsaydı, indi onun qəyyumu Mehriban xanım olmazdı: “Əgər 10 yaşına çatmış uşaq özünü o ailədə görmürsə, özünü o ailənin bir üzvü hesab etmirsə, o insanı tanımırsa, əlbəttə, bu icra mümkünsüzdür, necə ki mümkünsüz oldu. Siz təsəvvür edin ki, o uşaq evdə anası hesab etdiyi xalası ilə dalaşır ki, niyə mənim gündəliyimdə sizin soyadınız, atamın (Xalasının yoldaşı) soyadı yoxdur, hansısa başqa bir adamın soyadını daşıyıram mən? Deyir, niyə mən Eldarova deyiləm, Bayramova kimdir ki? Faktiki olaraq onun qəyyumu onun xalası Mehriban Eldarovadır. Uşaq ortalıqda qalmışdı, atası irəli durmadı, ona görə də xalası Mehriban xanım onu qəyyumluğa götürdü. Uşaq yaşlarından, hələ anası xəstəykən Mehriban o uşağa öz övladı kimi baxıb”.\\“Onun atalıq haqqı yoxdur”\\Sosial şəbəkələrdə məhkəmənin qərarını müdafiə edərək, uşağın atasına verilməsinin tərəfdarı olan bir qism insanlara səslənən vəkil Gülnar Nəzərli deyib: “Hər dünyaya uşaq gətirən şəxs ana olmur.\\Elə analar görmüşük ki, uşağı dünyaya gətirib zibil qabına atırlar. Hələ mən atalardan danışmıram. Zibil qabına atsa da bioloji olaraq onun anası sayılır. Bu işdə də bioloji olaraq atası o şəxsdir. Bunu nə qanunlar nə də biz danmırıq. Sadəcə olaraq, ata valideynlik borcunu yerinə yetirməyib, biz də atanın valideynlik hüququndan məhrum edilməsi üçün məsələ qaldırmışıq. Ata uşağına sahib çıxmalı, ona yiyə durmalı idi. Uşağı körpə olanda ona sahib çıxmır, böyüyəndən sonra gəlir ki, uşaq mənimdir. Uşaq bioloji olaraq atanın ola bilər, amma onun üzərində atalıq haqqı yoxdur. Fakt fakt olaraq qalır ki, uşağa körpə yaşlarından bu günə kimi xalası baxıb, qayğısını xalası çəkib. Bu danılmazdır”.\\“İcraçılar qeyri-peşəkar davrandı”\\Tanınmış vəkil Əsabəli Mustafayev məhkəmə qərarının icrasının məcburi, lakin icraçıların qeyri-peşəkar olduğunu qeyd elədi: “Məhkəmə qərarının icrası məcburidir. İcraçılar məhkəmə qərarının icrası üçün məsuliyyət daşıyırlar. Ancaq bu məsələdə situasiya başqadır. Onlar da situasiyaya uyğun hərəkət etməli, hüquqi addımlar atmalı idilər. Görəndə ki, uşaq bioloji atası ilə qalmaq istəmir, onunla getmək istəmir, məhkəmə qərarını icra etmək mümkün deyil, o zaman icraçılar məhkəmə qərarının icrasının mümkünsüzlüyü barədə qərar çıxartmalı idilər, qərar qəbul edərək icranı təxirə sala bilərdilər. \\Ümumiləşdirsək, məsələnin hüquqi müstəvidə həlli yolları var. Yəni, icraçıların belə bir vəziyyəti konflikt səviyyəsinə gətirib çıxartması, adətləri üzrə davranışları, səriştəsizliyi, peşəkarlıq səviyyələrinin olmaması qəbuledilməzdir. Bunun hüquqi həlli yolları olduğu halda, onlar məsələni bu cür dramatikləşdirdilər. Görünür, o icraçılar uşaqla davranış qaydalarını bilmirlər. İndi onlara irad tutulacaq ki, siz niyə əlinizdə olan o hüquqi vasitələrdən istifadə etməmisiniz? \\Və həmin hüquqi prosedurlardan istifadə edilməməsi həm onların qeyri-peşəkarlığının göstəricisi idi, həm də onlar bu hərəkətlərinə görə də məsuliyət daşıyırlar”. \\Vəkil deyib ki, məhkəmə məmurları uşağın bioloji atasının kobudluğuna mane olmalı idi: “Həmin videogörüntülərə baxdım, bəzi yerlərdə həmin kadrlarda yayımlanan söyüşlərə blok qoyulsa da, bəzi yerlərdə açıq-aşkar söyüş söyürdü uşağın bioloji atası. Buna da birbaşa olaraq icra məmurları məsuliyyət daşıyır ki, məhkəmə qərarnın icrası zamanı atası kobud şəkildə müdaxilə edir və təhqiramiz ifadələrə yol verir. Buna icra məmurları imkman verməməlidirlər. Burada məhkəmə qərarı da müzakirə edilməlidir. Çünki məhkəmənin qərarı qanuni ola bilsə də bəzən ədalətsiz olur”.\\Rövşən Əsədov





Həftənin ən çox oxunanları