Yuxarı

“Yaşıl turizm”ə sertifikat səddi

“Yaşıl turizm”ə sertifikat səddi

Qiymət artımına səbəb olacaq, yoxsa?\\Elçin Bayramlı: “Tələblər tam dəqiq və açıq şəkildə qoyulmalıdır ki, kimsə onlardan rüşvət tələb edə bilməsin”\\Azərbaycanda kənd-yaşıl turizmi ilə məşğul olmaq istəyən ailə kəndli təsərrüfatları sertifikasiyadan keçməli olacaqlar. Bu, yeni hazırlanan “Turizm haqqında” qanun layihəsində nəzərdə tutulub. Layihəyə görə, kənd-yaşıl turizmi ilə məşğul olmaq istəyən ailə kəndli təsərrüfatının ən azı bir üzvü turizm sahəsi üzrə sertifikasiyadan keçməlidir. Sertifikasiya “Ailə kəndli təsərrüfatları haqqında” qanunun tələbləri əsasında həyata keçiriləcək. Təsərrüfat subyektləri bunun üçün nəzarət orqanına yazılı müraciət etməlidirlər. Bildiriş daxil olduqdan sonra nəzarət orqanı ailə kəndli təsərrüfatının kənd-yaşıl turizmi ilə məşğul olmaq imkanlarını yoxlayacaq.\\Xatırladaq ki, kənd-yaşıl turizmi kənd ərazilərində turistlərin yerləşdirilməsi, qidalanması, nəqliyyatı, istirahəti, eləcə də kənd ərazilərinin zəngin təbii, tarixi və mədəni dəyərləri ilə məlumatlandırma xidmətlərinin göstərilməsi ilə müşayiət olunan turizm növüdür. Görəsən yeni qaydalara yerli turizmin inkişafına, yoxsa məhdudlaşmasına səbəb olacaq?\\“Dövlətin də qazancı çox olacaq”\\“Altay” Sosial Araşdırma Mərkəzinin rəhbəri, iqtisadçı Elçin Bayramlı “Cümhuriyət” qəzetinə bildirib ki,Azərbaycanda ən çox inkişafda olan sahə kənd turizmidir: “Böyük turizm mərkəzlərinin yaradılması böyük də vəsait tələb edir. Ölkədə çox az turizm mərkəzi var. Ölkəyə çox turisti gələrsə, həmin mərkəzlər onları qarşılamaq gücündə deyil. Bu da var ki, həmin mərkəzlərdə xidmətlər çox baha olur. Turistlərə dağ rayonlarının kəndində ev götürüb qalmaq sərf edir. İlk növbədə yeni qaydalar problemlər yaradacaq. Ev turizminin standartları olmalıdır.\\Bəziləri yemək təklif edir. Burda zəhərlənmə hadisəsi baş verə bilər. Yaxud evdə təhlükəsizlik qaydalarına əməl olunmalıdır. Bu kimi standartların hamısı lisenziyalaşdırılmalıdır. Normalara cavab verən təsərrüfat sahiblərinin evləri turistin tələblərinə cavab vermiş olur. Əgər həmin turist ucqar bir kənddə xəstələnsə, onun tibbi yardım almasından tutmuş digər xidmət növləri əlçatan olmalıdır. Bu dəyişiklik yaxşıdır, sadəcə açıq şəkildə tələblər qoyulmalıdır ki, həmin şəxslər inkişaf edə bilsin, çatışmamazlıqlar aradan qaldırılsın. Bunun özü ölkədə turizmin inkişafını təmin edir, digər tərəfdən kənd rayonlarında işsizlik problemini həll edir. Üstəlik turist qəbul etmə potensialını artıracaq. Təbii ki, burda dövlətin də qazancı olacaq. Belə ki, ev turizmi ilə məşğul olan şəxslər hansısa formada vergiyə cəlb olunacaq”.\\“Sahibkarlara güzəştli kreditlər verilməlidir”\\Elçin Bayramlı onu da qeyd edib ki, ailə kəndli təsərrüfatları əlavə vergiyə cəlb olunması və sertifikasiyadan keçməsi qiymətlərə də təsir göstərəcək: “Rayonlarda sadələşmiş vergi 2 faiz tətbiq etməklə hesablanır. Əgər sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər sadələşmiş vergiyə cəlb olunarsa, bu, qiymətlərə heç bir təsir göstərməyəcək. Əgər əlavə vergiyə cəlb olunsalar, təbii ki, bu, qiymət artımına səbəb olacaq. 2017-ci ilin dövlət büdcəsi vergilərlə formalaşır. Bölgələrdə vergi çox aşağıdır. Rayonların dotasiyadan məhrum olması düşünülmüş bir addımdır. Dotasiyadan məhrum edilən rayonların potensial gəlir mənbəyi məhz ev turizminin inkişaf etməsidir. Həmin rayonlara əlavə imkanlar yaradılacaq. Vergi vasitəsilə rayon büdcəsini formalaşdıra biləcəklər. \\Vergi bütün dünyada tətbiq olunur. Hər bir fəaliyyət vergiyə cəlb olunmalıdır. Sadəcə vergi minimum qoyulmalıdır ki, işdə problemlər yaratmasın. Kənd turizmi ilə məşğul olan şəxslər üçün minimal tələblər, normalar təyin olunmalıdır. Həmin tələblər tam dəqiq və açıq şəkildə qoyulmalıdır ki, kimsə onlardan rüşvət tələb edə bilməsin. Qanunu fəaliyyət göstərənlərin işgüzarlığının təmin olunması, həm rayon büdcəsinin inkişafına, həm ölkəyə turistin cəlb olunmasına, həm də büdcəyə valyuta gətirməyə səbəb olur. \\Yaxşı olardı ki, sertifikasiyadan öncə həmin sahibkarların problemləri öyrənilib onlara aşağı faizlərlə güzəştli kreditlər verilsin. Bu təmin olunarsa, hesab edirəm ki, Azərbaycanda kənd turizmi sürətlə inkişaf edəcək. Bu isə həmin rayonlarda böyük məşğulluq səviyyəsi yaradacaq. Xüsusilə dağ rayonlarında əhalinin 90 faizinin evi turist qəbul etməyə imkan verir. Onu da nəzərə alsaq ki, manatın məzənnəsi xeyli aşağı düşüb xaricdən gələn turistlərin sayında da artım olacaq”.\\Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları