Yuxarı

Eldar Mahmudov təzyiq altında

Eldar Mahmudov təzyiq altında

Sabiq “MTN şefi” pulları qaytarmasa, həbs olunacaq\\Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyi (MTN) ətrafında baş verən ilginc gəlişmələr bu qurumun keçmiş başçısı Eldar Mahmudovu addım-addım həbsxanaya yaxınlaşdırır. Artıq E.Mahmudovun vaxtilə MTN adına işlədiyi cinayətlər də yüksək səviyyədə ifşa olunmağa başlanılıb. Belə ki, keçmiş rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovdan sonra “METAK” MMC-nin rəhbəri Alik Kərimov da odioz generalın təzyiq və şantajıyla üzləşdiyini istintaqa açıqlayıb.\\A.Kərimov istintaqa ifadəsində bildirib ki, MTN-nin hazırda həbsdə olan əməkdaşı Natiq Alıyev onu şantaj edərək, Eldar Mahmudovun göstərişi ilə ondan 500 min manat tələb edib: “Natiq Alıyev məndən 500 min manat pulumu alacağını dedi. Bu məbləğin çox olduğunu dedikdə, Natiq Alıyev mənə “nazir Eldar Mahmudov deyib ki, bir yerə bir dəfə girib, bir dəfəlik götürmək lazımdır, nazirliyin adı var. Ona görə 500 min manatı hazırla” dedi”.\\Gəlişmələrin görünməyən tərəfləri\\Baş verənlər Eldar Mahmudovun həbs olunması üçün açıq hədəfə gətirilməsi ehtimalını yaratsa da, gəlişmələrin görünməyən tərəfləri var. Bu da o ehtimaldır ki, Eldar Mahmudova vaxtilə təhdidlərinə məruz qalmış qurbanları tərəfindən təzyiq olunur. Təzyiqlər də ona hesablanıb ki, fəaliyyətdə olduğu 10 il ərzində ölkədən çıxardığı pulları geri qaytarsın və çıxarma əməliyyatında müəyyən kanallar vasitəsilə kömək etdiyi şəxslərin adlarını açıqlasın. Söhbət 2004-2014-cü illər ərzində Azərbaycandan qanunsuz yollarla çıxarılaraq ofşor zonalara yönəldilən 90 milyard, o cümlədən Cahangir Hacıyevin rəhbərliyi dönəmində Beynəlxalq Banka ayrılmış 9 milyard dollar dövlət vəsaitinin mənimsənilməsindən gedir.\\Eldar Mahmudovun bu fantastik məbləğin üzərinə təktərəfli formada oturmadığı şübhəsizdir. Lakin ona şübhə yoxdur ki, bu pulların müəyyən qisminin sahibidir, yerdə qalan qismi də vəsaitlərin Azərbaycandan çıxarılmasında yardım etdiyi şəxslərə məxsusdur. Elə Cahangir Hacıyev məhkəmədəki çıxışında milyardlarla dollar vəsaitin təzyiqlər altında “əritməyə” məcbur olduğunu dolayı yolla açıqladı. Burada maliyyə naziri Samir Şərifovun adını çəksə də əks tərəfdə Mahmudov və mafiyasının olduğu şübhəsi vardı. Vaxtilə MTN-nin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi Akif Çovdarovun Hacıyev və ailəsinin “qoruyucu mələyi” olmasını nəzərə alsaq, banka məxsus pullaırn mənimsənilməsində Mahmudovun rolunun olduğuna şübhə yeri yoxdur. Elə Çovdarov-Mahmudov dueti Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanı DİN-in Cinayət Axtarış Baş İdarəsinin keçmiş baş əməliyyat müvəkkili, kriminal dəstə başçısı Hacı Məmmədovun əlindən xilas etmişdi. Bu, “yaxşılığı” qarşısında Hacıyevin Mahmudovu istədiyi vaxt pulla təmin etmək və lazım olan şəxslərin pullarını ölkədən çıxarılması işində tapşırıqlarını yerinə yetirmək öhdəliyini də üzərinə götürmüşdü. Eldar Mahmudovu da azadlıqda saxlayan əsas amillərdən biri də məhz çıxarılmış pulların geri qaytarılmasıyla bağlıdır. O, təzyiqlər altında pulları geri qaytarmalı və pul çıxarmağa vasitəçilik etdiyi şəxslərin adlarını açıqlamalıdır.\\Eldar Mahmudov sistemi elə qurumuşdu ki, pulların çıxarılması üçün həm bank, həm də informasiya sistemində təzyiq altında saxladığı güclü şəbəkəsi vardı. Həmin əməliyyatların gizli saxlanılması üçün Əli Abbasovu da öz təsirinə salmışdı, təhlükəsizlik sisteminin də öz nəzarətində olduğunu nəzərə alsaq, Mahmudov çox rahatlıqla öz cinayət əməllərini sorğu-sual olmadan, heç kəsdə şübhə oyatmadan həyata keçirirdi. Eldar Mahmudovdan bu pulları geri qaytarmaqla yanaşı, həm də o tələb oluna bilər ki, ölkədən çıxarılmış pullarda pay sahibi olan adamların adlarını açıqlasın. Əli Abbasovun dönəmində informasiya və rabitə sektorunun MTN “şef”inin nəzarətində olduğunu nəzərə alsaq, Mahmudov həmin şəxslərin kimliklərini də bilir. Müəyyən məbləğ qarşılığında onlara kömək edib. Yaranmış mənzərədən çıxan ehtimal budur ki, həmin şəxslərin kimliklərini Əli Abbasov və Cahangir Hacıyev də bilir. Əgər adlarını açıqlamırlarsa, bu da o şübhəni yaradır ki, həmin adamlar hökumət strukturlarında yüksək postları tuturlar və kifayət qədər nüfuzludurlar. Əgər Eldar Mahmudov Əli Abbasov və Alik Kərimovun etiraflarından sonra ən azından özünün əlində olan pulları geri verməsə, o zaman “B” planı kimi onun qurbanları (Əli Abbasov və digərləri) 90 milyardda pay sahibi olanların adını açıqlaya bilərlər.\\Şübhəsiz ki, belə bir vəziyyət də Mahmudovu azadlıqda saxlayanlar üçün lazım deyil. Çünki bu halda həm azadlıqlarından məhrum ola bilərlər, həm də sahib olduqları pulları geri qaytarmağa məcbur olacaqlar. Həmin şəxslər hakimiyyətdə elə bir postları tuta bilərlər ki, bu, hakim komanda daxilində parçalanma da yarada, bu da ölkəni siyasi böhrana sürükləyə bilər.\\Məhz bu amillərə və ölkənin sosial-iqtisadi vəziyyətinin böhranlı olmasının da gəlişmələri çərçivəsindən çıxaraq təhlükəli hala gətirəcəyi ehtimalına görə, Eldar Mahmudov məsələsinə bir qədər ehtiyatla yanaşılır. Şübhəsiz ki, Mahmudov təzyiqlər altında etiraf etsə, dərhal pulları ölkədən çıxaranlara qarşı hücuma keçilməyəcək. Bu tədiriclik və astagəllik tələb edən bir “təmizləmə əməliyyatı” olacaq ki, ağır nəticələr verməsin. Proseslərin hansı mənzərəni yaradacağı Eldar Mahmudovun etiraflarından asılıdır. Əgər Mahmudov özüylə yanaşı digərilərini də ələ versə, bunun yaradacağı nəticə ağır olacaq. Yox əgər Mahmudov kömək etdiyi adamlardan qarantiya alsa ki, pullar geri qaytarılacaq və o azadlıqda qalacaq, bu zaman özünü ələ verəcək.\\Əfqan Ədilov





Həftənin ən çox oxunanları