Yuxarı

Su yerinə içdiyimiz zəhər

Su yerinə içdiyimiz zəhər

Dövlət Məmmədov: “Krandan gələn su plastmas qablardakından daha keyfiyyətlidir”\\Azərbaycanda satılan qablaşdırılmış suların təhlükəli olması ilə bağlı məsələ gündəmə gəlib. Əsasən plastik qablarda satılan sular insan orqanizmi üçün olduqca zərərlidir. Ekspertlər alıcıların bu məsələyə olduqca diqqətli yanaşmalarını tövsiyyə edirlər. Çünki bu qablara müəyyən rəng çalarları vermək üçün əlavələr olunur. Həmin əlavələr sularla qarışıq halına gətiriləndə isə məhsulun tərkibi zərərli bakteriyalarla əhatələnir. Bununla da suların tərkibində müəyyən təhlükəli qatqılar qalır.\\İnsanların əksəriyyəti qablaşdırılmış suların keyfiyyətliliyinə inanaraq kran suyunun əvəzinə marketlərdən hazır qablaşdırılmış sular alırlar. Gündəlik tələbatları kimi istifadə etdikləri plastik qablardakı suların zərərliyindən isə xəbərsiz qalırlar. Ən azı plastik qablarda olan suların günün müxtəlif saatlarında günəş şüaları altında saxlanılması da olduqca təhlükəlidir. Belə məhsulların istehsalında kimyəvi, xüsusilə də ağır sənayedə tətbiq edilən maddələrdən istifadə edilir ki, həmin maddələr də günəş şüasının təsiri altında olduqda zəhərli toksinlər buraxır. Yəni, suların günəş altında saxlanılması heç də məsləhət deyil. Bəzi ekspertlər hesab edir ki, üzərində yalnız xüsusi nişan olan qablardan istifadə etmək lazımdır. Alıcılar gün qabağında qoyulub satılan plastik qablarda qablaşdırılmış malları, istər su, istərsə də digər məhsulları almasınlar. Sulardan istifadə zamanı zəhərli toksinlər insan bədəninə daxil olur və müəyyən fəsadlar yaradır. Bununla da təhlükəli və müalicəsi olmayan xəstəliklərə yol açır.\\Bu qablardakı sular içməli deyil...\\Su İstehsalçıları Birliyinin (SİB) sədri Dövlət Məmmədov “Cümhuriyət” qəzetinə bildirib ki, Azərbaycana xaricdən sonsuz sayda keyfiyyətsiz suallar daxil olur. Əksəriyyəti Azərbaycanda fəaliyyət göstərən sexlərdə qablaşdırılan sulardır: “Ümumiyyətlə, ən təmizi şüşə qablarda təmizlənmiş sulardır. Bu şüşə qablarda olan su heç bir günəş şüaları ilə təmasa girmir, hətta ona günəş şüaları dəysə belə, heç suyun tərkibinə o qədər təsir eləmir. Dünya miqyasında bəzi məhsulları, suları plastmas qablarda qablaşdırırlar. Ona görə plastmas qabda qablaşdırırlar ki, daşımaq asan olsun. Şüşə qablar ağır olduğu və tez sındığı üçün eləmirlər. Digər tərəfdən plastmas qablar bu gün zavod tərəfindən istehsal olunursa, bütün sanitar normalara cavab verir. Ola bilsin ki, plastmas qabda suyun keyfiyyəti xarab olsun və yaxud da standartlara cavab verməsin. \\Bu gün Azərbaycanda düzgün ticarət getmədiyi üçün, ticarət obyektlərində keyfiyyətli suyun hamısını çevirib keyfiyyətsiz edirlər. Sular günəş şüaları altında qalır. Sudaşıyan maşınlar suları günəş şüaları altında açıq şəkildə aparır. Su həmin plastmas qabda olan kimyəvi maddələrlə reaksiyaya girir, su öz keyfiyyətini itirir və yararsız hala düşür. Bu vəziyyətdə plastmas qabda olan sular qorxuludur və təhlükəlidir. Bu da istehsalçının deyil, həmin ticarət təşkilatlarının, ticarətə nəzarət edən qurumların günahı ucbatından baş verir”.\\“Tam və qoxu hiss etdikdə...”\\Ekspertin sözlərinə görə, plasmas qabın tərkibindəki kimyəvi elementlərlə suyun tərkibindəki elementlər reaksiyaya girir, su tamını, keyfiyyətini itirir: “Sudan qoxu gəlir, insan orqanizminə, bağırsaqlara təhlükə yaradır. Bu hal daha çox uşaqlara təsir göstərir. Tam və qoxu hiss etdikdəsu içilməməli, kənara qoyulmalıdır. Bu məsələdə ticarətə nəzarət edən qurumlar məsuliyyət daşıyır. Çünki keyfiyyətə nəzarət etmirlər. \\Heç kim baxmır. Deyirlər ki, mala sertifikat vermişəm. Bir mala bir il sertifikat verirlər. Siz, mən və ya başqası yaxşı mal hazırlayıb apararıq ki, sertifikat alaq. Sonra başlayırlar pis mal istehsal etməyə...Suyun saxlanma qaydaları var. Orada yazılıb ki, suları günəş şüalarının altında saxlamaq olmaz. Amma Azərbaycanın bütün nöqtələrində pəncərənin altında, günəş altında suları saxlayırlar. Buna baxan yoxdur. Bu millət niyə qırılır? Yediyimiz ərzaqların 60-70 faizi keyfiyyətsizdir, tərkibi yoxlanılır. Respublika Gigiyena və Epidemiologiya Mərkəzi də yoxlaya bilmir. \\Çünki əmr yuxarıdan gəlir, yoxlamayın, eləməyin... Aldığımız, yediyimiz nə varsa, onun tərkibini bilmirik. Məcburuq ki, gedib dükandan alaq, yeyək, vəssalam...Başqa heç nə bilmirik. İnsanların xəbəri varmı ki, hansı yağları yeyirik? “Ruskiy kontrol” saytı var, hər həftə hər bir ərzağın tərkibini yoxlayırlar və filan ərzağı adı ilə, qorxmadan deyirlər ki, yemək olmaz. Azərbaycanda isə rüşvət alırlar, göz yumurlar, heç bir ərzağı - yağı, kolbasanı, əti, pendiri, şoru, smetanı, meyvəni yeyiləsi, suyu içiləsi deyil. Bununla necə uşaq böyüdək, zəhərləyirik hamısını...”\\Dövlət Məmmədov qeyd edib ki, Azərbaycanda “Slavyanka”, “Badamlı”, “Sirab” suları əsl içməli sulardır: “Bu sular dağdan gəlir, içiləsi sulardır. Hansı sular ki, mənbəyində, yəni, su çıxan yerdə qablaşdırılır, deməli, o sular keyfiyyətlidir. Bu gün çoxu krandan gələn suyu qablaşdırırlar. İnanın ki, krandan gələn su qabın içindəki sudan yaxşıdır. Çünki hansı şəraitdə o qabların yuyulması məlumdur. Bu da dəhşətli vəziyyət deyil. Ən dəhşətlisi odur ki, suların dükanlara gətirilib saxlanması məsələsidir. Hər şey oradan baş verir”.\\Alçina Amilqızı





Həftənin ən çox oxunanları