Yuxarı

Səngəçalda partlayış: SOCAR-ın səhlənkarlığı, yoxsa..?

Səngəçalda partlayış:  SOCAR-ın  səhlənkarlığı, yoxsa..?

İlham İsmayıl: “Bu, məsuliyyətsizlikdən irəli gələn məsələdir”\\İnternetdə azərbaycanlı “cihadçı”nın video-çıxışının yayılmasından qısa müddət sonra Səngəçal qəsəbəsinin Əzimkənd ərazisində qaz kəmərində ardı-arda güclü partlayışlar baş verdi. “Çıxın, vurun, öldürün, bıçaqlayın” başlığı ilə tirajlanan bu video Səngəçaldakı ilk partlayışdan 1 gün əvvəl - 26 dekabr 2016-cı ildə yayılıb. Bundan əlavə Dövlət Təhlükəsizlik Xidmətinin bir neçə ay əvvəl keçirdiyi əməliyyat da müəyyən şübhəli məqamlar yol açmış olur. Qurumun məlumatında zərərsizləşdirilən şəxslərin Azərbaycanda terror əməlləri planlaşdırdıqları xüsusi vurğulanırdı.\\Ölkənin rəsmi qurumları bir ayda 3 dəfə baş verən partlayışın texniki səbəblər üzündən yaşandığını əsas gətirsələr də, bu məsələdə gizli məqamların olması ehtimalı da az deyil. Bildirilir ki, Səngəçalda baş verən partlayışlar dünyada qlobal xarakter almış terror və ekstremizmin doğurduğu narahatlıqla əlaqədardır. Yəni, konkret olaraq bu qəzaların baş verməsində İŞİD, yaxud da digər bir radikal təriqətin izi görünür.\\Nəzərə alsaq ki, böyük terror qrupları təxribat törətmək istədiyi ölkələrdə əvvəlcədən insan itkisi olmadan xəbərdarlıq terrorları edirlər. Onu da qeyd edək ki, məhz bu ilki Dünya Həmrəyliyi Günü və Yeni İl ilə bağlı kütləvi tədbirlərin keçirilməsinin təxirə salınması da dini ekstremizmlər tərəfindən gələ biləcək hər hansı təhlükədən xəbər verir. Belə ki, paytaxtda və ətraf bölgələrdə dekabrın 31-də açıq havada nəzərdə tutulmuş bayram konsertləri ləğv olundu. Bu qərar dekabrın 27-də Səngəçal qəsəbəsində qaz kəmərində güclü partlayışdan sonra verildi. Qaz kəmərində baş verən partlayışlar terror aktı, yoxsa təsadüfi qəzadır? Əgər texniki səbəblər üzündən baş veribsə, bir ayda 3 dəfə eyni ərazidə niyə partlayış baş verir?\\“Texniki nasazlıqdır”\\Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl “Cümhuriyət” qəzetinə bildirib ki, rəsmi məlumatlara əsasən fikir yürütsək, deyə bilərik ki, bu terror aktı deyil: “Sadəcə olaraq texniki cəhətdən yaranmış nasazlıqdır və bu nasazlıqlar nəticəsində baş verən partlayışlardır. Bir məsələni qeyd etmək vacibdir ki, texniki cəhətdən bu məsələyə nə qədər səhlənkar yanaşılır ki, bir ayın içərisində 3 dəfə partlayış baş verir. Bu çox vacib bir strateji xəttdir. Üstəgəl, ətrafda yaşayış məntəqəsi olduğu üçün zərər gətirəsi bir məsələdir. \\Bu hadisəni terror aktı kimi qiymətləndirmək mümkün deyil. Bir terroru eyni yerdə 3 dəfə etmək heç terrorçuların da ağlına gəlmir. Belə bir şey etməklə özlərini tələyə salmış olurlar. İndiki prosesdə bu yalnız səhlənkarlığın, işə düzgün yanaşmamağın və texniki nasazlığın vaxtında aradan qaldırılmamasının, bununla bağlı profilaktik tədbirlərin görülməməsinin göstəricisidir. Məsuliyyətsizlikdən, səhlənkarlıqdan irəli gələn məsələdir. Əgər nə vaxtsa terror baş vermiş olsa belə, yenə də bunu terrorçuların üstünə yıxa bilməyəcəklər. Çünki terrorçular əsas gətirəcəklər ki, niyə əvvəl baş verən partlayışlarda terrorun adı çəkilmədi, amma indi çəkilir. Bununla terrorçuların əlinə bir fakt vermiş olurlar”.\\İlham İsmayıl qeyd edib ki, Azərbaycan terrorun hədəfində həmin partlayış səviyyəsində deyil: “Biz terrorçunun hədəfində bu səviyyədə deyilik. Yəni gəlib bir yerdə 3 dəfə qaz partlayışı etsinlər. Bu Azərbaycana təzyiq məsələsi deyil. Əgər bu təzyiq kimə edilsə də, Azərbaycan nəzərdə tutulmayıb. Bu Türkiyə və digər ərazilərdə ola bilərdi. İŞİD bu dəqiqə bəhanə axtarır ki, özünün də eləmədiyi məsələni boynuna götürsün və böyüklüyünü göstərsin. İŞİD bu məsələni öz üzərinə götürürmü? Bu mümkün deyil”.\\“Əhalinin köçürülməsi çətin məsələdir”\\Səngəçal qəsəbəsi ətrafındakı yaşayış məntəqəsində yaşayan əhalinin köçürülməsi məsələsinə gəlincə, ekspert buna lüzum olmadığını deyib: “Əhalini köçürmək lazım deyil. Sadəcə, normal texniki cəhətdən tədbirlər həyata keçirmək lazımdır. Heç əhali də oradan köçməz. Çünki əhalinin köçürülməsi çox çətin məsələdir. Əhali etiraz edə bilər ki, bu məsələ birdəfəlik həll olunsun. Əhali qarşısında isə normal izahat aparılmalıdır ki, qəzanın yaranma səbəbləri nədir və bunun perspektiv təhlükəsi olacaq, ya olmayacaq? Əgər perspektiv təhlükəsi varsa, dövlət özü əhalini köçürməlidir. Oranın təhlükəsizliyinə cavabdeh olan qurumlar bu məsələ barədə əhaliyə izahat verməlidir”.\\Alçina Amilqızı





Həftənin ən çox oxunanları