Yuxarı

Ekspertlər danışdı: ATV-nin “Yoxlama”sı qanunidirmi?

Ekspertlər danışdı: ATV-nin “Yoxlama”sı qanunidirmi?

Kamran Əsədov: “Jurnalistlər yalnız dərs prosesini lentə almaq üçün xüsusi icazə almalıdırlar”\\Ələsgər Məmmədli: “Jurnalist ictimai əhəmiyyət kəsb edən obyektlərə  xəbərdarlıq etmədən daxil ola bilər”\\Eyyub Hüseynov: “Çəkiliş zamanı onların yanında heç aidiyyatı sahə üzrə eskpert də olmur”\\Bu günlərdə Dövlət Təhlükəsizlik Xidmətinin reket jurnalistlərə qarşı keçirdiyi xüsusi əməliyyat nəticəsində bir neçə jurnalist saxlanıldı və onların məmurları şantaj etdikləri aşkarlandı. Genişmiqyaslı xüsusi əməliyyatların aparılması  ölkədə kifayət qədər reket jurnalistlərin olduğunu deməyə əsas yaradır. Hər hansı bir dövlət, yaxud özəl müəssisəyə xəbərdarlıq etmədən daxil olub onların işlərini, araşdırmaq, onları hər hansısa bir özbaşınalıqda, qanunsuzluqda ittiham etmək nə dərəcədə doğrudur?\\Dəfələrlə qalmaqallarla gündəmdə olan “Azad Azərbaycan” televiziyasında (ATV)  yayımlanan “Yoxlama” verilişinin son günlər məktəbdən etdiyi çəkilişlər bizi bu suallar ətrafında araşdırma aparmağımıza səbəb oldu.  “Yoxlama” verilişinin qapalı müəssisə sayılan təhsil ocaqlarına icazəsiz daxil olması, direktoru fəaliyyətsizlikdə ittiham etməsi və veriliş kontingentində təhsil ekspertinin təmsil olunmaması düzgündürmü?\\“Orada şou göstərirdilər”\\\\Bu barədə Cebhe.info-ya danışan təhsil eksperti Kamran Əsədov bunun qanunlara zidd olduğunu qeyd etdi: “İstər cəmiyyətimizə, istərsə də mediaya müəssisənin daxilində olan vəziyyət maraqlıdır. Və həmin daxildən olan informasiyaların kənara çıxması cəmiyyətdə rezonans yaradır. “Yoxlama” verilişinin də bir təhsil müəsisəsinə daxil olması bir şou xarakterli idi. Onlar orda şou göstərirdilər. 2011-ci il Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “Orta Məktəblərin ümumi nizamnaməsi”ndə təhsilə aid olmayan şəxslərin təhsil müəssisəsinə buraxılması qəti şəkildə qadağandır. Amma reallıqda bu belə deyil. Çünki aidiyyatı sahə üzrə polis inspektoru normal şəkildə məktəblərə daxil ola bilir. Həmçinin də valideynlər.\\Lakin bir məsələ var. Ölkə başçısı da bütün çıxışlarında qeyd edir ki, siz bizə çatışmayan cəhətləri, nöqsanları göstərin ki, biz onları düzəldək. Və həmin verilişin hansısa bir təhsil müəssisəsində çəkib göstərdikləri nəinki həmin nömrəli məktəbdə, ümumi Azərbaycandakı məktəblərin göstəricisi idi.  Demək olar ki, bütün məktəblərdə vəziyyət belədir. İsitmə sistemləri düzgün işləmir, elektrik sobaları uşaqların həyatı üçün təhlükəlidir. Bunları təbii ki, çəkib göstərmək lazımdır”. \\“Direktorlar məktəblərdə “at oynadırlar””\\Ekspert deyir ki, əgər bir qanun jurnalistin məktəbə daxil olmasına qadağa qoyursa, onlarla qanun jurnalistin məlumat almaq hüququnu təsdiq edir: “Jurnalistlər yalnız dərs prosesini lentə almaq üçün xüsusi icazə almalıdırlar. Ümumilikdə isə bu cür məktəbləri çəkib xalqa göstərmək lazımdır. Ona görə ki, məktəblərdə direktorlar “at oynadırlar”. İstədikləri kimi davranırlar. Hələ elə direktorlar var ki, imtahandan keçməyə intellektləri çatmır. Bəzi məktəb direktorları da var ki, heç bir əsas olmadan  jurnalistin qarşısını  kəsirlər ki, çəkiliş etmək olmaz. Onları məktəbə buraxmırlar. Deyirlər, get, Təhsil Nazirliyindən icazə al. Burada bir məqam da var   ki, nazirliyin, təhsil idarəsinin mətbuat xidmətləri yaxşı işləsələr, heç jurnalistin məktəbə gəlməsinə ehtiyac qalmaz. Özləri bu qüsurları ictimailəşdirərlər. \\Jurnalistlər yazır-pozur, amma mətbuat xidmətlərindən səs-soraq yoxdur. Məlumatın yayılmasından bir ay sonra bir açıqlama yayırlar, aidiyyatı məsələdən başqa hər şeyə toxunurlar. Bu da o deməkdir ki, nəinki direktorlar, hətta ictimaiyyətlə əlaqələr şöbəsi də passiv işləyir. Mənim özüm də hər hansı bir müraciət göndərirəm, 3 ay sonra cavab verirlər, onda da “şablon” cavablarla başımızı aldadırlar”. \\“Yoxlama gizli aparılmalıdır”\\Kamran Əsədov hesab edir ki,  bu kimi yoxlamalar gizli şəkildə müəyyən ara fasilələri ilə aparılmalıdır: “Bakıda, regionlarda da bu tip yoxlamalar olmalıdır.  Onlara bütün qapılarımızı açmalıyıq, tam şəffaf şəkildə fəaliyyət göstərməliyik. İndi hər birimizdə belə fikir var ki, əgər jurnalist icazəsiz məktəbə daxil olubsa demək ki, o reketdir, bu düzgün yanaşma deyil”.\\“Jurnalist spontan xəbər verə bilər”\\\\Məsələni şərh edən hüquqşünas Ələsgər Məmmədli jurnalistə qoyulmuş hər hansı bir qadağanın qanunsuz olduğunu bildirdi: “Jurnalist birmənalı olaraq ictimai əhəmiyyət kəsb edən obyektlərə heç bir xəbərdarlıq etmədən daxil ola bilər. Və daxil olaraq oradan spontan məlumat əldə edə bilər. Əgər jurnalist hansısa bir iaşə obyektində, mağazada satışda olan, istifadə müddəti keçmiş məhsulu çəkərək onu hər kəsə göstərirsə bu normal bir haldır. Çünki jurnalist hər kəsi xəbərdar edir. Siz təsəvvür edin ki, jurnalist öncədən xəbərdarlıq edir və satıcı da istifadə müddəti keçmiş məhsulları vitrindən götürür, jurnalist gedəndən sonra yenə satışa buraxır. Bu nə dərəcədə doğru olar? Heç bir halda jurnalisti əngəlləmək, ona mane olmaq olmaz ”. \\“Jurnalist geyimlə təchiz olunmalıdır”\\Jurnalistin hansısa bir müəssisəyə daxil olarkən geyim və davranış qaydalarını pozmasına gəlincə, ekspert deyib ki, jurnalisti də elə həmin sözügedən müəssisə xüsusi geyimlə təchiz etməlidir: “Əgər təchiz etmirsə, bu yenə müəssisənin nöqsanıdır. Yəni, jurnalist bir restoranın mətbəxinə adi geyimdə, əl, üst və baş geyimsiz daxil olursa, burada yenə müqəssir müəssisədir ki, jurnalisti geyimlə təchiz etməyə imkanları yoxdur. Bununla yanaşı jurnalist də səlahiyyətlərindən sui-istifadə etməməlidir. Reketlik edərək, sənin haqqında onu yazacam, bunu yazacam, birinin də üstünə beşini qoyacam deməsi qanunsuzdur.\\Jurnalistin qanuni peşə fəaliyyətinə zor tətbiq etməklə  mane olmaq cinayət məsuliyyəti yaradır, zor tətbiqi yoxdursa, sadəcə girişinə icazə verilmirsə o zaman da inzibati məsuliyyət yaradır. Əgər peşə fəaliyyətindən sui-istifadə edərsə, yalan məlumatlar yayarsa, kiminsə şərəf və ləyaqətini alçaldarsa, onun işgüzar nüfuzuna xələl gətirərsə, o zaman jurnalist də müvafiq qaydada məsuliyyətə cəlb edilir. Qarşılıqlı olaraq tərəflərin məsuliyyəti var bu işdə. Jurnalist təhsil müəssisəsinə gedirsə, dərs prosesinə, səhiyyə müəssisəsinə gedirsə, oradakı xəstələrin müayinə prosesinə mane olmamalıdır. Təhsil müəssisəsi qapalı obyekt deyil, heç bir halda jurnalisti məktəbdən kənarlaşdırmaq doğru deyil”. \\“Bu cür məsələlərin ictimailəşdirilməsi yaxşı haldır”\\\\Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə sözügedən verilişə canlı çəkiliş zamanı ekspert qismində deyil, yalnız hazır çəkilmiş süjetləri şərh etmək üçün dəvət edildiyini qeyd etdi: “Mən çəkiliş vaxtı orda olmamışam, dəvət də edilməmişəm. Yalnız çəkilmiş hazır süjetləri şərh etmək üçün dəvət edilmişəm. Mən hətta onların verilişinə müraciət etdim ki, mən sizə konkret ünvan və imzalı rəsmi müraciətlər verə bilərəm ki, rəsmi müraciət əsasında reyd-yoxlama təşkil edək restoranlara, müəssisələrə və istehlakçıların hüquqlarını qoruyaq. Onlar mənim təklifimi qəbul etmədilər. Heç bir müraciət olmadan obyektə daxil olurlar və yoxlama aparmağa başlayırlar. Onların yanında heç aidiyyatı sahə üzrə ekspert də olmur. Bu barədə mənə müraciət də edilməyib. Lakin mənə hazır çəkilmiş süjetlərin şərh olunması üçün dəvətlər edilib.\\Mən də süjetlərə baxıb müşahidələr aparmışam və məmnuniyyətlə obyektiv şəkildə şərh edərək istehlakçıların aldadılmasını qeyd etmişəm. Ümumiyyətlə, onu qeyd edim ki, bu tip verilişlərin, bu tip layihələrin olması, bu cür məsələlərin ictimailəşdirilməsi yaxşı bir haldır. Çünki istehlakçını aldatmaq olmaz və bu hal aşkarlanmalı və aradan qaldırılmalıdır. Ona görə vacib məsələdir ki, ölkədə istehlakçının hüquqlarının qorunması bərbad səviyyədədir, qidanın təhlükəsizliyi haqqında qanun belə yoxdur. İlk öncə onu deyim ki, ölkədə Azad İstehlakçılar Birliyindən başqa onlarla belə təşkilatlar yaradılmalıdır, onlarla qurum fəaliyyətə başlamalıdır ki, nəzarət gücləndirilsin. Mən sizin qəzetiniz və saytınız vasitəsilə də bütün Kütləvi İnformasiya Vasitələrinə səslənirəm ki, bizdə yüzlərlə belə müraciətlər var. Əsaslı, imzalı rəsmi müraciətlər ki, istehlakçıların hüquqları pozulur. O müraciətləri yoxlama verilişi qəbul etməsə də, biz istənilən bir telekanala yaxud KİV-ə verməyə hazırıq ki, araşdırılsın, fakt aşkara çıxarılsın. Günahkar şəxslər müvafiq şəkildə cəzalandırılsın”. \\“Müəssisənin qapısı jurnalistə açıq olmalıdır”\\Yoxlama zamanı jurnalistin yanında ixtisaslı ekspertin olub-olmamamsına gəlincə, AİB sədri deyib: “Bir kobud el misalı var. Deyir ki, kor da bilir ki, balıq duzludur. Eynən o misal kimi. Baxmayaraq ki, bu jurnalistin ixtisası deyil və hansısa bir sahə üzrə kimisə ittiham etməyə münasibət bildirməyə ixtiyarı yoxdur, amma bunu hamı bilir ki, keyfiyyətlidir, yoxsa keyfiyyətsizdir. Yəni əgər məhsulun istifadə müddəti bitibsə, burada hansısa bri xüsusi ekspertə ehtiyac yoxdur. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunda da qeyd edilir ki, istehlakçı məhsul haqqında məlumat əldə etmək ixtiyarına sahibdir və müəssisə rəhbəri, yaxud istehsalçı da istehlakçıya bu barədə məlumat verməyə borcludur.\\Yəni. jurnalist məhsul haqqında istənilən sualı verib məlumat əldə edə bilər. Siz dediyiniz, yəni, jurnalistin xüsusi peşə tələb edən sahələrə münasibət bildirməsi mübahisəli məsələdir. Amma hər bir halda müəssisələrin qapısı jurnalistin, istehlakçıların üzünə daim açıq olmalıdır və onlar istədikləri vaxt müəssisəyə daxil olaraq məhsul haqqında məlumat əldə edə bilərlər və bunu tələb də edə bilərlər”. \\Rövşən Əsədov\\ 





Həftənin ən çox oxunanları