Yuxarı

Oliqarxlarımızın xaricdəki milyardlıq mülkləri

Oliqarxlarımızın  xaricdəki  milyardlıq mülkləri

  Azərbaycanlı oliqarxların xalqdan gizlətdikləri sərvətlərini ölkə xaricinə çıxarması haqqında çox yazılıb. Məlumata görə azərbaycanlı varlı məmurların xarici ölkələrdə saysız-hesabsız daşınmaz əmlakı, bank hesabları, iri ticarət obyektləri var. Yayılan məlumatlara görə oliqarxlarımız kapitallarını əsasən Avropa ölkələrinə yatırıblar. Varlı məmurlarımızın Böyük Britaniyanın paytaxtı Londonda dəyərli milyardlarla ölçülən çoxlu daşınmaz əmlaka sahib olduqları deyilir. Məlumatlara görə Londonda daşınmaz əmlak alan oliqarxlar bunu əsasən Britaniyanın Virgin adalarında qeydiyyatdan keçmiş hansısa ofşor şirkətlərin adlarına rəsmiləşdirirlər. Bu səbəbdən onların əsl sahibinin kimliyini bir çox hallarda müəyyənləşdirmək mümkün olmur. Azərbaycanlı oliqarxları kapital yatırdıqları digər ölkə Çexiyadır. Hələ bir neçə il əvvəl yayılan məlumatlarda göstərilir ki, azərbaycanlı oliqarxların Çexiyanın Karlovı Varı şəhərində mülkləri, iri şirkətləri və digər dəyərli daşınmaz əmlakları vardır. Məlumatlarda həmçinin göstərilir ki, Çexiyanın ən iri şirkətlərində də azərbaycanlı milyarderlər pay sahibidir. Qardaş Türkiyə də bu siyahıda ön sırada yer alan ölkələrdəndir. Bu gün kifayət qədər Azərbaycan vətəndaşının Türkiyənin müxtəlif şəhərlərində mülkləri var və hətta bəzi milyarderlərin ailə üzvləri Türkiyədə yaşamağı üstün tuturlar. Dünyanın ən iri meqapolislərindən biri hesab olunan İstanbul şəhəri azərbaycanlı oliqarxların da diqqətini cəlb edir. Qeyd edək ki, Türkiyədə fəaliyyət göstərən bir çox iri turizm obyekləri, otellər şəbəkəsi də məhz azərbaycanlılara məxsusdur. Hesab olunur ki, azərbaycanlı milyarderləri Türkiyəyə cəlb edən bu ölkənin yüksək turizm potensialıdır. Digər turizm ölkəsi sayılan və bu sahədə liderliyini daim qoruyan Birləşmiş Ərəb Əmirliyi də (Dubay) azərbaycanlı oliqarxların diqqət mərkəzində olan ölkələrdəndir. Məlumatlara görə Dubayda azərbaycanlılara məxsus kifayət qədər mülk var. Ancaq məlumatlarda mülklərin konkret olaraq kimlərə məxsus olması haqqında dəqiq faktlar yoxdur. Amma faktın olmaması bunların varlığını istisna etmir. Adı çəkilən ölkələrlə yanaşı Rusiya, Yunanıstan, Ukrayna, Amerika Birləşmiş Ştatları (ABŞ) və digər bir çox ölkələrdə azərbaycanlı oliqarxlar mülk sahibləridir. Ancaq siyahıda kimlərin adlarının olması müəmmalı məsələdir. Çünki oliqarxların aldıqları mülklər, adətən, onların öz adlarına rəsmiləşdirilmir. Bu da kimin nə qədər kapitala, mülkə sahib olduğunu müəyyənləşdirməyi mümkünsüz edir. Burada kilid nöqtəsi isə ofşor zonalarda qeydiyyatdan keçirilən şirkətlərdir ki, bu ölkələr heç bir halda “müştəriləri” haqqında məlumat vermirlər. Bu baxımdan da uzun illərdir müzakirə olunsa da, bu məsələyə hələ də aydınlıq gətirmək mümkün olmayıb. Müxtəlif zamanlarda aparılan araşdırmaların nəticəsi də qənaətbəxş olmayıb. Ekspertlər hesab edirlər ki, ofşor zonalarda fəaliyyət göstərməyin mümkünlüyü ölkə iqtisadiyyatına ciddi zərbə vurur. Ofşor zonalar isə bu gün kifayət qədər çoxdur. Azərbaycan hökumətinin təsdiqlədiyi 17 ofşor zona, Anqola, Antiqua və Barbuda, Aruba, Baham adaları, Beliz, Kuk adaları, Qrenada, Maldiv adaları, Nauru, Antill (Niderland), Panama, Samoa, Sent-Kits və Nevis, Seyşel, Turk və Kaykos, Vanuatu və ABŞ-ın Virgin adalarının demək olar ki, hər yerində azərbaycanlı oliqarxların sərmayələri var. Vilayət Muxtar





Həftənin ən çox oxunanları