Yuxarı

Putin Obama ilə razılığa gələ bilmədi

Putin Obama ilə razılığa gələ bilmədi

Yaxın Şərqdə münaqişələr daha da alovlanacaq

US President Barack Obama (L) holds a bilateral meeting with Russian President Vladimir Putin during the G8 summit at the Lough Erne resort near Enniskillen in Northern Ireland, on June 17, 2013. The conflict in Syria was set to dominate the G8 summit starting in Northern Ireland on Monday, with Western leaders upping pressure on Russia to back away from its support for President Bashar al-Assad. AFP PHOTO / JEWEL SAMAD (Photo credit should read JEWEL SAMAD/AFP/Getty Images)

ABŞ və Rusiya prezidentlərinin Nyu-Yorkda keçirilən görüşü nəticəsiz başa çatıb. Danışıqların predmetinin əsasən Ukrayna probleminin olacağı xəbər verilsə də müzakirələr daha çox Suriya böhranına həsr olunub. Yekunda isə Barak Obama və Vladimir Putin tərəflər arasında fikir ayrılığının qaldığını deyiblər. Daha doğrusu, heç bir kompromis əldə olunmayıb. V. Putin BəşərƏsəd rejiminə dəstəkdən imtina etməyin səhv olduğunu bildirib. BMT Baş Assambleyasında çıxışı zamanı Rusiya prezidenti Suriya ordusunun “İslam dövləti” terror qruplaşmasına qarşı mübarizəyə yönəlməsini yanlış addım adlandırıb.

Onun sözlərinə görə, hazırda Suriya ordusu İŞİD-lə mübarizə aparan yeganə qüvvədir. “Hesab edək ki, hökumət qüvvələrinin Suriya hakimiyyəti ilə əməkdaşlıq etməsi səhv addım olub, bəs o halda kim kişi kimi cəsarət edib terrorla üzbəüz mübarizə aparacaq?”-deyə Putin öz fikrini əsaslandırmağa çalışıb. “Nəhayət qəbul etmək lazımdır ki, prezident Əsədin hökumət qoşunları və kürd yaraqlılarından başqa Suriyada “İslam Dövləti” və digər terrorçu qruplara qarşı heç kim vuruşmur”-Putin belə bəyan edib. “The Guardian” qəzetinin verdiyi məlumata görə isə, ABŞ və Rusiya dövlət başçılarının zirvə görüşündə Suriya münaqişəsinin adı altında əslində Bəşər Əsədin gələcək taleyi müzakirə olunub. Barak Obama isə öz çıxışında “Əsədin hakimiyyətdən uzaqlaşdırılmasının keçid dövrünü təşkil etmək üçün” Rusiya və İranla əməkdaşlıq etməyə hazır olduğunu söyləyib. Lakin ABŞ prezidenti “Suriyanın müharibədən əvvəlki status-kvoya qayıtmasıının qeyri-mümkün olduğunu”bəyan edib. Onun bu açıqlaması ABŞ-Rusiya münasibətlərində gərginliyin ən yüksək həddi kimi qiymətləndirilib. Problemin həllinə dair aparılan siyasi analizlərdə Suriya böhranının yalnız ABŞ-Rusiya danışıqları müstəvisində həllinin qeyri-mümkün olduğu qənaətinə gəlinir. Çünki Suriyadakı vəziyyətlə bağlı hazırda Türkiyə, İran, Səudiyyə Ərəbistanı, Misir kimi dövlətlərin rolunu nəzərə almamaq mümkün deyil. Türkiyə mövcud şəraitdə Bəşər Əsədin hakimiyyətdən getməsində maraqlı olan ən birinci ölkədir. Bunun əksinə olaraq, İran və Rusiya Əsəd rejiminə aktiv dəstək verir. İŞİD-lə mübarizənin gücləndirilməsində maraqlı olan Misir Əsəd hakimiyyəti ilə diplomatik əlaqələri bu yaxınlarda bərpa edib. Eyni zamanda, həmin bölgədə İŞİD terror təşkilatı kök salıb. Bunun da arxasında böyük sünni icması, o cümlədən, Səudiyyə Ərəbistanının maliyyə dəstəyi və sələfilik ideologiyası dayanır. Ona görə də Səudiyyə Ərəbistanını bir siyasioyunçuolaraq qəbul etməmək mümkün deyil. Bu səbəbdən ekspertlər hesab edir ki, İranın ABŞ-la müzakirəsi çox sərt alındığı üçün Səudiyyə Ərəbistanının prosesə cəlb edilməsi anlaşmanın əldə olunmasını asanlaşdıra bilər. Ancaq Əsəd hakimiyyətdən gedəcəyi təqdirdə, ölkənin gələcək siyasi sistemi hansı formada qurulacaq? Suriyanın gələcəkdə sabit bir ölkəyə çevrilməsi üçün strateji plan varmı? ABŞ prezidenti 2017-ci ilə qədər B.Əsədin hakimiyyətdən gedəcəyini bəyan etsə də Suriyanın gələcək keçid hökuməti barədə heç bir təklif irəli sürməyib. Qeyd edilən sualların cavabı açıq qaldığı üçün analitiklər yaxın gələcəkdə Yaxın və Orta Şərqdə, eləcə də Suriya ərazisində mərkəzdənqaçma hallarının artacağını proqnozlaaşdırırlar. Bu isə etnik və məzhəblərarası münaqişələrdən törəyən çoxsaylı kiçik dövlətlərin yaranmasına gətirib çıxara bilər. Ona görə də Türkiyə vəziyyətin bu istiqamətdə inkişafından narahatlıq keçirir və post-Əsəd dövrünün formulunu dəqiq cızmağı təklif edir. Böhranın bütün tərəflərin iştirakı ilə aradan qaldırılması yollarını tapmaq üçün ABŞ, Rusiya, Türkiyə, İran, Səudiyyə Ərəbistanı və Misirin iştirakı ilə yeni formatın yaradılması təklifi də gündəmə gəlib. Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanovun açıqlamasına görə, adıçəkilən birliyin ilk toplantısı bu ay keçirilə bilər. BMT Təhlükəsizlik Şurasının digər üç daimi üzvünün- Böyük Britaniya, Fransa və Çinin bu müzakirələrə dəvət edilməməsi diqqəti cəlb edib. Buna baxmayaraq, ABŞ və Rusiya prezidentləri arasında Suriya məsələsində ortaq məxrəcin tapılmaması yaxın vaxtlarda hansısa format çərçivəsində hər hansı danışıqların baş tutacağına ümid vermir. “Ağ Ev” bəyan edib ki, Rusiya İŞİD-lə mübarizə apardığını təsdiqləmək üçün Bəşər Əsədin istefaya getməsində təkid etməlidir. Onun rejiminin dinc əhaliyə qarşı törətdiyi qanlı cinayətlər, yaşayış binalarının mütəmadi olaraq  bombalanması təsdiq edir ki, onun hakimiyyətdə qalması ekstremistlərin təmin edilməsinə töhfə verir. Əsəd rejiminin cinayətini tamamilə inkar edən V.Putin isə bəyanatı “anti-Suriya təxribatı” adlandırıb. Problemin həllinə dair fikir ayrılığı qalsa da hər iki tərəfin xarici siyasət vektorunun son vaxtlar Suriya böhranına yönəlməsi diqqəti cəlb edir. Həm ABŞ-ın, həm də Rusiyanın Suriya üzərindən Yaxın və Orta Şərqdə geosiyasi mövqelərini möhkəmlətmək istiqamətində fəal hərəkətlənməsi müşahidə olunur. Son 4 ildə Suriyadakı qanlı müharibə prosesinə “kimyəvi silah xəbərdarlığı” istisna olmaqla ciddi reaksiya verməyən ABŞ-ın indi Bəşər Əsədi diktator adlandıraraq onun istefası təklifi ilə çıxış etməsi təsadüf hesab edilə bilməz. Eyni zamanda, son vaxtlar Rusiyanın da öz diqqətini Ukraynadan sanki ayıraraq, Suriyaya hərbi qüvvələr göndərməsi həmin regionda gərginliyi artıran əsas amillərdən birinə çevrilib. Yəni, Rusiyanın bölgədə hərbi iştirakı artdıqdan sonra “Ağ Ev” düyməyə basaraq, Bəşər Əsədi hakimiyyətdən uzaqlaşdırmağa çağırdı. Bütün bunlar Rusiyanın 1700 hərbçi və çoxsaylı hərbi texnikasını Suriyaya yeritməsinin ABŞ-ı narahat etdiyini təsdiq edir.Kreml ilkin mərhələdə “Putin planı”nı ortaya atmaqla Qərblə və İranla müştərək şəkildə B.Əsədi istefa verib sürgünə göndərəcəyinə beynəlxalq ictimaiyyəti inandırmağa çalışdı. Ancaq çox keçmədən Rusiya tankları Suriyada göründü. Rusiya siyasətçiləri bu faktı B.Əsədin doğulduğu Lazkiyə bölgəsini qorumaq məqsədi daşıdığını iddia edirdilər. suriyaÇünki Lazkiyə bölgəsində əsasən ələvilər və şiələr yaşayır. Ona görə də Rusiya Əsədin hakimiyyətdən salınmasından sonra İŞİD-ə dəstək verən böyük sünni icmasının qisas almaq məqsədilə ələvilərə və şiələrə qarşı silahlı hücuma keçəcəyini bildirirdi. Eyni zamanda İran da məhz Lazkiyə bölgəsindəki şiələr üzərindən Suriyadakı geosiyasi üstünlüyünü saxlamağa çalışır. Türkiyə kəşfiyyatının əldə etdiyi məlumatlara görə, Lazkiyədən qalxan Rusiya hərbi təyyarələri İraq və İran üzərindən keçməklə Rusiyaya uçur. Bütün bunlar da ABŞ-ın diqqətindən yayınmaya bilməz. “Ağ Ev” bu vəziyyəti regionda gərginliyin artmasına yönəlmiş siyasət hesab edir. Lakin siyasi analitiklərin fikrincə, Rusiyanın son vaxtlar Suriyada fəallaşmasının arxasında daha məxfi və strateji amillər dayanır. Ekspertlər “Primakov formulu” adlanan bu siyasətin vaxtilə SSRİ-nin Yaxın Şərq üzrə tanınmış diplomatı Yevgeni Primakov tərəfindən hazırlandığı bildirlir. Həmin strateji plan Rusiyanın “daima Yaxın və Orta Şərqdə mövqeyə malik olması”nı nəzərdə tutur. Lakin ABŞ-ın İraqı tutması və Səddam Hüseynin devrilməsi, ardınca “Ərəb baharı”nın baş verməsi ilə Liviyada Müəmmar Qəzzafi rejiminin devrilməsindən sonra Kreml Orta Şərqdə mövcud olan üç strateji müttəfiqinin ikisini itirib. Bəşər Əsəd rejimi isə artıq Rusiyanın yardımı olmadan təkbaşına hakimiyyətdə qalmaq gücündə deyil. Suriyada mövqelərin itirilməsi Rusiyanın Yaxın Şərqdən Aralıq dənizinə yeganə çıxış yolunu bağlayır. Belə olan vəziyyətdə görünür, Rusiya vəziyyətə kobud şəkildə müdaxilə etmək qərarına gəlib. Əks təqdirdə Rusiya Yaxın və Orta Şərqi tərk etmək məcburiyyətində qala bilər. Bundan sonra küncə sıxışdırılan Rusiyanı Ukrayna cəbhəsindən və Cənubi Qafqazdan çıxartmaq Qərb üçün çətin olmayacaq. Kremlin bu addımını həm də İranın regionda artması gözlənilən siyasi fəallığını qabaqlamaq cəhdi kimi də başa düşmək olar. Belə ki, son vaxtlar ABŞ-la siyasi barışıq əldə edən İranın Yaxın və Orta Şərqdə nüfuz dairəsini genişləndirmək üçün hərəkətə keşəcəyi Rusiya, Səudiyyə Ərəbistanı, Türkiyə kimi dövlətləri narahat edir. Hətta İranın hansısa siyasi anlaşma müqabilində Bəşər Əsədə dəstəyini geri çəkməyəcəyi məlum deyil. Ona görə də Rusiya Suriyada hərbi-siyasi iştirakını artırmaqla həm özünün mövqeyini qorumağa, həm də “Qərbin gələcək müttəfiqi” İrana qarşı müqavimət əmsalını artırmağa çalışır.

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları