Yuxarı

Büdcədən oğurlayıb sahibkarları soyan icra başçıları

Büdcədən oğurlayıb  sahibkarları soyan  icra başçıları

  Hafiz Babalı: “Abadlaşdırma işləri ilə bağlı ayrılan pullar icra hakimiyyətləri tərəfindən mənimsənilir” İcra hakimiyyətlərinin dövlət büdcəsindən abadlaşma üçün ayrılan vəsaiti aidiyyəti üzrə xərclənmir. Danılmaz faktdır ki, bu qanunsuzluq üzə çıxsa da, heç vaxt lazımi tədbirlər görülməyib. Əhalinin həyat şəraitinin yaxşılaşdırılması, rayon və şəhərlərin, eləcə də idarələrin, müəssisələrinin zəruri və əsaslı təmir-bərpa işlərinə, inventar və avadanlıqların alınması üçün dövlət büdcəsindən ayrılan milyon manatlarla vəsait təyinatı üzrə xərclənmir. Ayrılan vəsait icra başçısının və müavinlərinin şəxsi büdcəsinə gedir. Onlar dövlətin rayonlara və şəhərlərə ayırdığı vəsaiti inkişaf adı ilə tar-mar edirlər. Reallıqda isə yerlərdə heç bir quruculuq və abadlıq işlərindən söhbət belə gedə bilməz. İcra başçıları dövlət büdcəsindən oğurladığı milyon manatlarla vəsait hesabına dəyəri milyon manatlarla ölçülən villalar, lüks avtomobillər alır, bəzən də fermer təsərrüfatı yaradırlar. Bu durumu bütün icra başçılarına şamil etmək olmaz. Çünki onların bir qisminin fəaliyyətinə nəzər salanda tamamilə fərqli mənzərənin şahidi oluruq. Odur ki, şəhər ərazisində sakinlərin istirahəti üçün park salınması məqsədilə dövlət büdcəsindən külli miqdarda pul ayrılır və xüsusi tapşırıqlar verilir. Amma icra başçıları ayrılan vəsaiti yastıq altına qoyub, abadlıq işlərini ərazidə fəaliyyət göstərən sahibkarlar və ya imkanlı şəxslər hesabına aparır. Belə ki, tikinti sektorunda fəaliyyət göstərən sahibkardan nisyə götürdüyü külli miqdarda inşaat materialının pullarını vermirlər. Bəzən vəziyyət o həddə çatır ki, hətta işləyən fəhlələrin maaşlarını belə verməkdən boyun qaçırırlar. Tapşırılan işlərin tamamilə hazır olmasına baxmayaraq, icra hakimiyyətləri nə iş adamlarının, nə də fəhlələrin əmək haqlarını vermir. Bir sözlə, ayrılan pullar icra başçıları tərəfindən mənimsənilib havaya sovrulur. İcra başçıları və onun komandası bu vəsaiti şəxsi malları kimi bölüşdürür, sənədləşmə də rayonun inkişafına sərf olunması adı altında rəsmiləşdirilir. Dəfələrlə olub ki, Maliyyə Bazarlarına Nəzarət Palatası rayon icra başçılarının qanunsuz əməllərini aşkarlayıb. Bu hallar özünün “Yolların əsaslı təmiri” xərc indən tutmuş, “Abadlaşdırma xidmətləri haqqının ödənilməsi”, vəsaitlərin istifadəsi zamanı işlərin dəyərinin və iş həcmlərinin artırılması hallarına yol verilməyə, eləcə də quraşdırılmış işıq dirəkləri və xətləri əsas vəsait kimi uçota alınmamasına kimi göstərib. “Nə podratçısı məlumdur, nə də müqavilələrdə şəffaflıq var” İqtisadçı-ekspert Hafiz Babalı “Cümhuriyət” qəzetinə bildirib ki, dövlət büdcəsindən şəhər və rayonların təmir-tikinti işləri üçün ayrılmış vəsaitin təyinatı ilə bağlı xərclənməməsi məsələsi aktualdır: “Hələ ötən ilin sonları Sumqayıt şəhər İcra Hakimiyyətinin sahibkarlarını pullarının verilməməsi ilə bağlı bir məsələ oldu. Sumqayıtda dənizkənarı bulvarda və bir istirahət parkının müxtəlif istiqamətlərdə müasir infrastruktur layihələrinin icra olunması ilə bağlı bir ideya var idi. Şəhər icra hakimiyyəti sözügedən bulvarın salınması ilə bağlı bəzi addımlar atdı. Sahibkarlarla ikitərəfli razılaşma qaydası ilə maliyyə ayrılacaqdı və orada hansısa tikintilər aparılacaqdı. Faktiki olaraq orada aparılan tikinti işlərinin nə smetası məlum oldu, nə də layihəyə ümumi sərf olunan vəsaitin məbləği açıqlandı. Orada müəyyən inşaat işləri aparıldı və daşınmaz əmlak obyektləri, restoranlar tikildi. Amma onların nə podratçısı məlumdur, nə də bağlanmış müqavilələrdə hansısa bir şəffaflıq var. Ötən gün ölkə başçısı Yevlax şəhərində çoxmənzilli yaşayış binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzaladı. Sərəncama əsasən Yevlax şəhərində qəzalı vəziyyətdə olan 10 binada yaşayan ailələrin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün 45 mənzilli yeni yaşayış binasının tikintisi məqsədi ilə Prezidentin ehtiyat fondundan Yevlax şəhər İcra Hakimiyyətinə 3 milyon manat ayrıldı. Prezidentin səfərinin nəticəsi olmalıdır. Prezident səxavətli olaraq hansısa rayon və ya şəhər icra hakimiyyətinə vəsait ayırır. Bunun mexanizmi belə olmalı deyil. Əslində dövlət büdcəsindən sərf olunan vəsaitin təyinatı üzrə xərclənməsi məsələsi, hələ də açıq olaraq qalır. Bu vəsaitlər əslində layihələrə sərf olunmalıdır. Hökumət əvvəldən harada qəzalı vəziyyətdə binanın olması barədə məlumatlı olur. Artıq bilinir ki, həmin binalar haqqında tədbir görülməlidir. Əslində bu tipli işlər Prezidentin Ehtiyat Fondu hesabına yox, dövlət investisiya layihələri hesabına maliyyələşməlidir. Prezident hansısa rayona gedir oranın abadlaşdırılması üçün müəyyən vəsaitlər ayırır. Onların heç bir hesabatlılığı yoxdur”. “Hökumət köhnə stereotiplərdən əl çəkmir” Ekspertin sözlərinə görə, abadlaşdırma işləri ilə bağlı ayrılan pullar rayon icra hakimiyyətləri tərəfindən mənimsənilir: “Bir çox hallarda Hesablama Palatasının hesabatlarından da vəsaitlərin xərclənməsi ilə bağlı qanunsuzluqlara rast gəlinir. Əgər bu problem varsa, həlli də olmalıdır. Ayrılan vəsaitlərin sərf olunma mexanizmi bu cür olmalı deyil. İllərdir ki, bu problemlər həll edilmir. Sanki bir təəssürat yaradılmağa çalışılır ki, prezident gəldi və problemi həll etdi. Bu, belə olmalı deyil. Əgər problem varsa, hökumətə çatdırılmalı və vaxtında həll olunmalıdır. Hökumətimiz hələ də köhnə stereotiplərdən əl çəkmir. Tək bu hadisə deyil. Cənab prezident nə üçün parkların təmiri ilə bağlı hər dəfə sərəncam verməlidir? Dövlət büdcəsi haqqında fərmanlardan da gördük ki, bütün maliyyə məsələləri prezidentin əlində cəmləşib. Halbuki bu məsələlər əvvəlki illərdə Nazirlər Kabinetinin sərəncamları ilə tənzimlənirdi. Hafiz Babalının qənaətincə, dövlət büdcəsindən ayrılan vəsaitlərin hara və necə xərclənməsi barədə ictimaiyyət məlumatlı olmalıdır: “Vətəndaş cəmiyyəti bilməlidir ki, bu il dövlət investisiya proqramı üzrə nəzərdə tutulmuş hansı layihələr maliyyələşəcək və bu layihələrə nə qədər vəsait sərf olunacaq? Tam qapalı bir sistem yaradılıb. Azərbaycanda ələlxüsus da, dövlət büdcəsindən ayrılan vəsaitlərin xərclənməsi istiqamətində qeyri-şəffaf mühit formalaşıb. Hesab edirəm ki, bununla bağlı qanunvericilikdə dəyişikliklərə ehtiyac var. Məsuliyyətli dövlət büdcə fondlarının daha da şəffaflaşması və mexanizmin necə olması ortaya çıxarılmalıdır. Həmçinin Nazirlər Kabinetinin tabeliyində olan ehtiyat fondunun, eyni zamanda Prezidentin Ehtiyat Fondunun və Məqsədli büdcə fondlarının fəaliyyətlərinin tənzimlənməsi olmalıdır. Məqsədli avtomobil yolları fondunun büdcəsinin orta hesabla 90 faizi Bakı şəhərində avtomobil yollarının saxlanmasına sərf olunur. Bu, belə olmalı deyil. Avtomobil yollarının 90 faizi Bakıdadırmı? Magistral yolların əsas hissəsi regionlardadır. Amma bu yolların saxlanılmasına cüzi vəsait sərf olunur. Bu, ümumilikdə ədalətsiz yanaşmadı”. Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları