Yuxarı

Hostel biznesi də oliqarxların nəzarətinə keçir

Hostel biznesi  də oliqarxların  nəzarətinə keçir


Natiq Cəfərli: "Hökumət bu sahəni inkişaf etdirmək istəyirsə, ən azı 3 il vergidən azad etməlidir"

Son illər Azərbaycanda turizmin inkişafı ilə bağlı ciddi təşəbbüslər göstərilir. Hesab olunur ki, böhran dövründə iqtisadiyyatı turizmin inkişafı hesabına gücləndirmək olar. Post-neft dövründə ölkələrin ən çox üstünlük verdiyi sahə də məhz turizmdir. Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Azərbaycanda turizmin inkişafına dəstək üçün təkliflər paketi hazırlayaraq hökumətə göndərdi. AXCP-nin bu təklifinə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyindən rəsmi cavab gəldi və təkliflərin dəyərləndiriləcəyi qeyd olundu. Ancaq görünən odur ki, atılan addımlar yalnız görüntü xarakteri daşıyır.

Qeyd edək ki, AXCP-nin təkliflərində regionlarda daha ucuz qiymətli, 3-4 ulduzlu otellərin istifadəyə verilməsi, xidmət keyfiyyətinin artırılması və daha ucuz istirahət mərkəzlərinin yaradılması nəzərdə tutulurdu.

Bu günlərdə isə hostellərin-ev otellərinin yaradılması məsələsi gündəmə gəldi. Əslində bütün dünyada bu sistemdən istifadə olunur və bu əsasən daha aşağı gəlirli əhalinin müəyyən qədər qazanc əldə etməsinə hesablanıb. Və bütün dünyada bu sahədə sahibkarlıqla məşğul olan şəxslər sadələşdirilmiş vergiyə cəlb olunur. Azərbaycanda isə bu məsələ fərqli məcrada tətbiq olunur. Ötən gün parlamentin müzakirəsinə çıxarılan hostellərin vergiyə cəlb olunması təklifinə parlament rəhbərliyi də dəstək verdi. Yəni, hostel sahibləri VÖEN açmalı və iri biznes sahibləri kimi gəlir vergisi ödəməlidir. Bu isə prosesin gözlənilən kimi getməyəcəyinə işarədir.

Hostel sahiblərinin vergiyə cəlb olunması bu sahəyə də marağı azaldacaq və bu sahəni də monopolistlər ələ alacaqlar. Ekspertlər hesab edir ki, hostel sahiblərinin sadələşdirilmiş vergiyə cəlb olunması daha məqsədəuyğun olar. Əks halda hostellər də kimlərinsə monopoliyasına keçəcək və əsasən şəhərin mərkəzində boş qalan villalar hostel kimi istifadəyə veriləcək.

İqtisadçı-ekspert Natiq Cəfərli "Cümhuriyət" qəzetinə şərhində deyib ki, hökumət əgər bu sahəni həqiqətən də inkişaf etdirmək istəyirsə, ən azı 3 il vergidən azad etməlidir: "Necə ki, inkişaf etmiş ölkələrin turizm sektoruna baxdıqda görürük ki, bu şəbəkənin yaradılmasının ilk illərində ya çox cüzi vergi tətbiq olunur, ya da ümumiyyətlə, vergidən azad olunurdu. Hətta dövlət dəstəyi proqramı çərçivəsində aşağı faizli, uzun müddətli kreditlər verilirdi. Azərbaycanda ilk addımdan bu sahə ciddi vergi yükünə cəlb olunacaq, təbii ki, bunun rentabelliyi aşağı olacaq. Bununla məşğul olmaq istəyən şəxslərin, şirkətlərin də sayı az olacaq. Əslində hostellər, "home hotel" kiçik biznesin sahəsidir və dünyanın hər yerində bununla kiçik biznes sahəsi kimi məşğul olurlar.  Yalnız gəlirin 4 faizini vergi şəklində büdcəyə ödəsələr, hesab edirəm ki, insanlar bu sahə ilə məşğul olmaqda maraqlı olardılar. Amma tək şəkildə bütün vergilərə cəlb olunacaqlarsa, təbii ki, bu sahənin inkişafı yenə də ləngiyəcək. Halbuki, Azərbaycan turizm ölkəsi olmaq istəyirsə, bahalı seqmentdən yox, 21-ci əsrin turizm siyasətindən istifadə etməlidir. 21-ci əsrin turisti gecənin 2-3 saatını keçirəcəyi otelə 200-300 dollar ödəmək istəmir. Onsuz da turist günün böyük hissəsini ölkəni gəzməyə sərf edir. Sadəcə, gecəni 2-3 saat yatmaq üçün rahat, təmiz yer axtarır. Ona görə də hostellərin, ev-otellərin yaradılması turizmin inkişafı üçün əsas amillərdən biridir. Azərbaycanda onsuz da bu tip fəaliyyət göstərən obyektlər barmaqla sayılacaq qədərdir. Əgər buna da vergi yükü tətbiq ediləcəksə, bu sahənin inkişafında ciddi problemlər yaranacaq".

Vilayət Muxtar





Həftənin ən çox oxunanları