Yuxarı

Ölməmək üçün adambaşına 200 manat

Ölməmək  üçün  adambaşına  200 manat


Elçin Bayramlı: "İstehlak səbətinin məbləği Bakı şəhəri üçün adekvat sayılmır"

Hər il Azərbaycanda istehlak səbətinin tərkibinə müəyyən əlavə və dəyişikliklər olunur. Səbətin tərkibinə olan dəyişiklik geniş müzakirələrə səbəb olur. Ötən gün Azərbaycanda minimum istehlak səbətinin yeni tərkibi təsdiq edildi. Belə ki, Dövlət Statistika Komitəsi istehlak səbətinin tərkibinə yenidən baxıb və indi ona 565 yox, 520 adda mal və xidmət daxil etdi. Dəyişikliklər istehlak xərclərinin strukturu nəzərə alınaraq aparılıb və o, açıqlanmır. Ölkədə inflyasiya bu ilin yanvarından yeni səbətlə ölçülür.

Yeni səbətdə kibrit, Aİ-95 markalı benzin, 585 əyarlı qızıl üzük yoxdur. Orda eləcə də bir sıra ərzaq malları: yarma, quru süd, qatıq, duza qoyulmuş göbələk, bitki çayı, bərk şərab, ədviyyat yoxdur. DSK kişilər üçün dəridən kürk, isti astarsız palto, dəri gödəkcəni, qadınlar üçün dəri gödəkcəni, kostyum və çimərlik dəstini də səbətdən çıxarıb. Yeni səbətdə bir çox parçalar da yoxdur. Eyni zamanda ərzaq, paltar və başqa zəruri malların yerinə səbətə 9 adda dərman vasitəsi (validol, aspirin, Panadol/paracetamol, analgin, Voltaren/diclofenac, kaptopril, ampisilin, biseptol və amlodipine) daxil edilib. Qeyd edək ki, 2017-ci ildə Azərbaycanda əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği ölkə üzrə 155 manat, əmək qabiliyyətli əhali üçün 164,5 manat, pensiyaçılar üçün 130,2 manat, uşaqlar üçün 136,6 manat müəyyən olunub. Qeyd olunan minimum məbləğlər 1 yanvar 2017-ci il tarixindən qüvvəyə minib. Ekspertlərin fikrincə, səbətin tərkibi ilə bağlı dəyişikliklərdə ciddi qüsurlar var. İstehlak səbəti ilə bağlı bir sıra problemlər qalır. Əslində istehlak səbətinin dəyəri adambaşına deyil, ailəbaşına hesablanmalıdır. Ailə başçılarının aldığı minimum maaş ailənin minimum istehlakına uyğunlaşdırılmalıdır. Bütün hallarda minimum əməkhaqqı istehlak səbətinə edilən dəyişikliyə uyğun dəyişdirilməlidir. Bəzi ekspertlər isə son qərarın sənəd üzərində dəyişikliklərdən uzağa getməyəcəyi qənaətindədir.

"Məşğulluq problemi həll olunsa..."

Maraqlıdır, minimum istehlak səbəti nə qədər olmalıdır ki, normal yaşamaq mümkün olsun?

"Altay" İqtisadi Araşdırma Mərkəzinin rəhbəri, iqtisadçı Elçin Bayramlı "Cümhuriyət" qəzetinə bildirib ki, minimum istehlak səbətinin məbləği normal yaşamaq üçün kifayət deyil: "Təyin olunan məbləğ, hətta Bakı şəhərində minimum yaşamaq üçün belə bəs etmir. Bəlkə də ətraf rayonlarda yaşamaq üçün bəs edər. Amma getdikcə həm səbətin tərkibi təkmilləşdirilir, həm məbləğin artma ehtimalları da azalır. Dünya ölkələrinin təcrübəsinə baxdıqda həm ərzaq məhsullarında, həm mədəni xidmətlərdə, həm də qeyri-ərzaq məhsullarında səbətə daxil olan bir çox məhsullar var ki, Azərbaycanda da onları istehlak səbətinə daxil etməyin vaxtıdır. Amma indiki böhran vəziyyətində bunun real görünməsi mümkün görünmür".

İqtisadçının qənaətincə, Bakı şəhərində minimum istehlak məbləği adambaşına 200 manat olmalıdır: " Büdcə ünvanlı sosial yardımı da yüksək dərəcədə qaldırmağa imkan vermir. Çünki ünvanlı sosial yardım alanların sayı çoxdur. Əgər məşğulluq problemi həll olunsa, bu say azalar, nəticədə məbləği çoxaltmaq olar. Bu zaman ümumi istehlak səbətinin məbləği artar. Hazırda istehlak səbətinin məbləği Bakı şəhəri üçün adekvat sayılmır".

Elçin Bayramlı onu da qeyd edib ki, minimum istehlak səbətində bəzi məhsullar var ki, onlarsız da keçinmək mümkündür: "Çox güman ki, hökumət səbətin tərkibinə baxanda faydası az olan məhsulları nəzərə alıb. İnkişaf getdikcə yeni məhsullar yaranır. Məsələn, dəri geyimləri olmasa da, yaşamaq mümkündür. Amma son vaxtlar dərman vasitələrinə ehtiyac həddən artıq çoxalıb. İstifadə edilən məhsulların statistikasına baxanda, insanlara daha çox nəyə ehtiyaclarının olduğunu təyin etmək olar. Hesab edirəm ki, səbət minimum həyat üçün lazım olan məhsullarla təkmilləşdirilməlidir. Məsələn, benzin minimum istehlak səbətinə daxil olmalı deyil.

Çünki söhbət minimum istehlak səbətindən gedir. Buna görə də səbətə əsasən yaşamaq üçün zəruri olan, xüsusən, ərzaq məhsulları, gündəlik tələbat malları, o cümlədən, kommunal xidmətlər daxil olmalıdır. Bu məhsullar arasında təkmilləşmə getməlidir və əlavələr olmalıdır. Səbətə daxil olan dərmanların tərkibi genişləndirilməlidir. Amma səbətdən nələrinsə çıxarılması elə də effektli olmayacaq. Çünki bu vaxta qədər nə çıxartmaq lazım idisə, artıq çıxarılıb".

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları