Yuxarı

"Cərimələrlə büdcəni doldurmaq olmaz"


Ağasəlim Həsənov: "İqtisadi böhranın əsas yükü əhalinin çiyninə qoyulur"

Azərbaycanda cərimələrin sayı günbəgün artır. Bu sahədə aktuallığını qoruyan bəzi məqamlar var ki, hələ də öz həllini tapmayıb. Bir sıra sahələrdə qanunlar sərtləşdirildi. Cəmiyyətdə həyata keçirilən cərimələrə münasibət birmənalı qarşılanmadı. Hökumətin atdığı addımları dəstəkləyənlər də oldu, əleyhinə çıxanlar da. Qərarların sərt tənqid olunmasının əsas səbəblərindən biri cərimələrin əhalinin gəlirlərinə adekvat olmasıdır. Ekspertlər hesab edir ki, dövlətin sərt siyasətinin arxasında cərimələr yolu ilə büdcəni doldurmaq durur. Onların qənaətincə, hər gün cərimələr olsa belə, büdcəni doldurmaq mümkün deyil. Cərimələr insanları daha çox qanuna əməl etməyə çağırmalıdır. Artırılan cərimələr insanların nə cibinə, nə də gəlirlərinə uyğundur.

Bir sözlə, Azərbaycanda iqtisadi durum gərginləşdikcə, yeni-yeni cərimə növləri tətbiq edilməyə başlanılır. Son günlər bu cərimələrə yeni biri də əlavə olundu. Belə ki, Azərbaycanda xəstəyə kömək göstərməyən tibb işçiləri üçün, eyni zamanda həyat və sağlamlığı təhlükəli vəziyyətdə olan, özünü qoruya bilməyən şəxsi bilə-bilə köməksiz qoymaya görə cərimələrin məbləği 3 dəfədən çox artırıldı. Cinayət Məcəlləsinə dəyişikliyin edilməsini nəzərdə tutan yeni layihəyə əsasən, qanunvericiliyə və ya xüsusi qaydalara müvafiq olaraq xəstəyə kömək etməyə borclu olan tibb işçisinin üzrlü səbəblər olmadan tibbi yardım göstərməməsi nəticəsində onun sağlamlığına az ağır zərər vurmaya görə ödənilən cərimənin məbləği 1000 manatdan 1500 manatadək olacaq. Hazırda isə bu hala görə cərimənin məbləği 300 manatadəkdir.

Göründüyü kimi cərimələrin məbləği gündən-günə şişirdilir. İşsizliyin səviyyəsi məqsədyönlü şəkildə az göstərilir. Ölkədə əhalinin yaşayış səviyyəsi aşağıdır, sahibkarlıq fəaliyyəti sıxışdırılır, amma buna baxmayaraq hökumət cərimələri artırmaq yolu ilə büdcə gəlirlərini kompensasiya etməyə çalışır. Əhalinin dolanışığını isə fikirləşən yoxdur.

Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun böyük elmi işçisi, fəlsəfə doktoru Ağasəlim Həsənov "Cümhuriyət" qəzetinə açıqlamasında, mövzunun hazırda hər bir Azərbaycan vətəndaşını düşündürən aktual bir problem olduğunu bildirib: "İstənilən halda dövlətin siyasəti sosial yönümlü olmalıdır. Dövlət həyata keçirdiyi hər bir proqramda, eləcə də gəlirlərin artırılması istiqamətində daim əhalinin sosial durumunu və gəlirlərini nəzərdə tutmalı və buna müvafiq fəaliyyətini davam etdirməlidir. İqtisadi böhran ölkəni bürüdükdən sonra əsas yük əhalinin çiyninə qoyuldu. Qeyd edim ki, cərimələrin artırılması, vergi məcəlləsində sərt qaydaların tətbiq olunması, sahibkarların üzərinə əlavə vergilərin qoyulması, böhrandan çıxış yolu deyil. Hökumət bu sahə üzrə ürəkaçan nəticələr əldə etmək üçün təkcə cərimələri artırmaqla kifayətlənməməlidir. Hazırda biz nə vasitə ilə olursa-olsun, dövlət büdcəsinə pul gəlsin kimi bir tendensiyanı müşahidə edirik. Bu, o qədər də doğru yol deyil və bunun cəmiyyətdə mənfi rezonansı, gərginliyi müşahidə olunacaq".

"Cərimələr əhalinin gəlirinə uyğun deyil"

Cərimələr əhalinin gəlirləri ilə mütənasiblik təşkil edirmi?

Sosioloq qeyd edib ki, hazırda əhalinin müxtəlif təbəqələrinə, xüsusilə, aztəminatlı insanlara müxtəlif cərimə növləri tətbiq olunur: "Piyadalar tərəfindən yol qaydalarının pozulmasına görə, 20-30 manat, avtomobildə ilkin tibbi yardım çantasının olmamasına görə cərimələr tətbiq olunur. Bu cərimələr Azərbaycan vətəndaşının gəlirinə uyğun deyil. Bir insan işlədiyi müəssisədən 150-200 manat əməkhaqqı alır. Belə çıxır ki, o, bir dəfə yol hərəkəti qaydasını pozarsa, aldığı məvacibin yarısını cəriməyə ödəməlidir? Əgər cərimə ödəyəcəksə, bəs o, digər xərclərini hansı gəlirlər hesabına qarşılayacaq? Hesab edirəm ki, bunlar düşünülmədən atılmış addımlardır. Bu, Azərbaycanda həyata keçirilən siyasətin sosial yönümlü olmadığının bir göstəricisidir. Əgər həqiqətən də sosial yönümlü siyasət həyata keçirilmiş olsaydı, bu cür cərimələrlə büdcənin kəsirlərini doldurmaq məsələsi gündəmə gəlməzdi. Doğrudur, ehtiyac var, amma ehtiyacın qarşılanması istiqamətində bu cür fəaliyyət mexanizminin müəyyənləşməsi məqbul hesab oluna bilməz. Artıq bunun fəsadları cəmiyyətdə özünü büruzə verir. Bu narazılığın gələcəkdə də müşahidə olunmasına heç şübhəniz olmasın. Əgər həmin cərimələr insanları inzibati xətanın pozulmasından çəkindirmək məqsədi güdürsə, o zaman vətəndaşın əməkhaqqısı da buna müvafiq olaraq tənzimlənməlidir. Amma proses birtərəfli gedir. Cərimələr qaldırılır, digər tərəfdən əməkhaqqında heç bir artım müşahidə olunmur". Ağasəlim Həsənov onu da qeyd edib ki, qəti şəkildə demək olmaz ki, Azərbaycanda dövlət siyasəti sosial yönümlü deyil: "Bu gün dövlət tərəfindən ünvanlı sosial yardımları, eləcə də digər sosial yönümlü layihələr həyata keçirilir. Reallıq ondan ibarətdir ki, bu yöndə müəyyən cəhdlər varsa da, bütövlükdə sosial dövlətin olduğundan danışmaq olmur. Baxmayaraq ki, müstəqillik dövründən 20 ildən artıq müddət keçib, amma insanların gəlirləri, əməkhaqqısı, pensiyaçıların aldığı təqaüdün səviyyəsi göstərir ki, biz hələ sosial dövlət ola bilməmişik. Müşahidələr göstərir ki, cəzaların qaldırılması, heç də inzibati xətaların azalması ilə müşahidə olunmur. Əksər müsəlman ölkələr var ki, orada spirtli içki içmək qadağandır. Amma araşdırmalar göstərir ki, həmin ölkələrdə spirtli içkilərin qəbulu heç də aşağı səviyyədə deyil. Buradan o qənaətə gəlmək olur ki, əsas yol insanlar arasında maarifləndirmə işləri aparmaqdır. İnsanların qayda pozuntusundan gəlir əldə etmək yox, insanları bu qaydaları pozmamağa yönəlik istiqamətdə fəaliyyət mexanizmi qurulmalıdır".

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları