Yuxarı

Hökumətdən məşğulluq imitasiyası

Hökumətdən məşğulluq imitasiyası

Akif Nəsirli: ”İş yerlərinin artırılması üçün də biznes mühiti sağlamlaşdırılmalı, sahibkarlara şərait yaradılmalıdır”

Dövlətin sosial-iqtisadi siyasətinin əsas tərkib hissəsini məşğulluq sisteminin inkişaf etdirilməsi, yeni iş yerlərinin yaradılması, əmək bazarının tənzimlənməsi və qeyri-məşğul əhalinin sosial müdafiəsinin gücləndirilməsi təşkil edir. Əmək bazarı ilə bağlı beynəlxalq göstəricilər əsasında aparılan təhlillər göstərir ki, Azərbaycanda məşğulluq səviyyəsi digər ölkələrdəki müvafiq göstəricilərdən yüksəkdir. Ölkədə işsizliyin və eləcə də yoxsulluğun səviyyəsi məqsədyönlü şəkildə az göstərilir. 

Bundan əlavə əmək bazarında iş qüvvəsinə olan tələb və təklif arasında uyğunsuzluq hələ də prioritet məsələ olaraq qalır. Xüsusən gənclər arasında işsizlik səviyyəsi artmaqda davam edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məşğulluq orqanları vasitəsilə vətəndaşların münasib iş yeri ilə təmin edilməsi həyata keçirilsə də, təklif olunan əməkhaqqı real yaşayış üçün uyğun deyil. Azərbaycan pensiyaçılara verdiyi təqaüdün səviyyəsinə görə MDB məkanından geridə qalır. Demək olmaz ki, bu gün Azərbaycanda məşğulluq sahəsində mövcud vəziyyət stabildir. O halda məşğulluq səviyyəsi yüksək hesab olunar ki, vətəndaşların əmək haqlarında mütəmadi olaraq artım müşahidə olunsun. Müstəqil ekspertlər tərəfindən aparılan araşdırmalara görə, Azərbaycanda minimum əmək haqqının məbləği 56 dollardır.
Baxmayaraq ki, ilk devalvasiyadan iki ilə yaxın vaxt ötür, amma hökumət hələ də iqtisadi aktivlik istiqamətində tutarlı addımlar atmayıb. Hələ də ölkə iqtisadiyyatı neftdən asılıdır. Qeyri-neft sənayesinin inkişafı isə hiss olunmayacaq dərəcədə cüzidir. Hazırda müşahidə olunan xırda dinamika isə enerji daşıyıcıları hesabınadır.

İqtisadçı-ekspert Akif Nəsirli ”Cümhuriyət” qəzetinə bildirib ki, Azərbaycanda məşğulluğun artırılması, əhalinin işlə təmin edilməsi məsələsi hələ də aktualdır:

”Hökumət bu istiqamətdə real işlə məşğul olmur. Sanki hökumətin gördüyü işlər yalnız göstəriş üçündür. Guya doğrudan da əmək qabiliyyəti olan əhalinin məşğulluğunu artırmaq üçün hansısa tədbirlər görür. Azərbaycanda yaradılan məşğulluq mərkəzləri də görüntü üçündür. Həmin mərkəzlərdə 2-3 aydan bir əmək birjaları keçirir və iş təklif edirlər. Mahiyyətcə Azərbaycan hökuməti əhalinin işlə təmin etmək üçün hansısa cəhdlər  göstərir. Amma araşdırdıqda görürük ki, təklif olunan işlərdə göstərilən əməkhaqqı nəinki bir ailənin, heç bir nəfərin belə bir aylıq təminatını ödəmir. Hökumətin məşğulluq istiqamətində gördüyü real iş budur. Bu istiqamətdə iş görmədiyi tərəflər daha çoxdur. Ölkədə əmək qabiliyyətli əhalinin işlə təmin edilməsi üçün ilk növbədə çoxlu iş yerləri yaradılmalıdır. İş yerlərinin artırılması üçün də biznes mühiti sağlamlaşdırılmalıdır, sahibkarlara şərait yaradılmalıdır, onların qarşısında duran maneələr aradan qaldırılmalıdır”.

Ekspertin sözlərinə görə, ölkədə iqtisadi aktivlik düşüb, heç bir anti-böhran proqramı qəbul olunmur və heç bir ciddi müzakirə də yoxdur: ”Hökumət bir tərəfdən iqtisadiyyatı kiçildir, pul dövriyyəsini azaldır, inzibati qadağaları möhkəmləndirir, digər tərəfdən isə elan edir ki, o əhalinin məşğulluğunun artırılması istiqamətində hansı addımlar atır. Makroiqtisadi səviyyədə məşğulluğun təmin olunması məqsədin qarşıya qoyulduğu görülmür. 

Əgər işsizliyi aradan qaldırmaq istəyiriksə, ilk növbədə iqtisadi aktivlik artmalıdır. İlk devalvasiyadan indiyə qədər Azərbaycan hökumətinin iqtisadi siyasət sahəsində atdığı inzibati addımlar işsizliyin azalmasına yox, iş yerlərinin itirilməsinə hesablanıb. İqtisadiyyatın kiçildilməsi birbaşa işsizliyin artmasına, iş yerlərinin bağlanmasına rəvac verir. Arzulayıram ki, Azərbaycan hökuməti görüntü xatirinə iqtisadi siyasət yürütməsin. Qarşısına qoyduğu məqsədlər və atdığı addımlar bir-birini tamamlayıb ardıcıllıq təşkil etsin. İndiki kimi bir şeyi elan edib başqa yöndə hədəflər seçməsinlər”.

Yeganə Oqtayqızı
Cebhe.info





Həftənin ən çox oxunanları