Yuxarı

Nazirliyin saxta diplom oyunu, yoxsa?..

Nazirliyin saxta diplom oyunu, yoxsa?..

Əjdər Ağayev: ”Nazirlik saxta diplomu necə təsdiq etsin?”

2016-cı ildə Təhsil Nazirliyi tərəfindən xaricdə təhsil alan 930 tələbənin təhsil sənədi tanınmayıb. Bu barədə məlumat Təhsil Nazirliyinin 2016-cı ilə dair illik hesabatında yer alıb. Hesabatda bildirilir ki, Akkreditasiya və Nostrifikasiya İdarəsi ali təhsil sənədlərinin tanınması və ekvivalentliliyinin müəyyən olunması məqsədilə 2016-cı ilin 11 ayı ərzində 2958 müraciəti (o cümlədən, məzun olduqları ölkələr üzrə: Rusiya 1.090, Ukrayna 939, Türkiyə 302, Gürcüstan 123 və digər ölkələr üzrə 504) icraata qəbul edib.

Hesabat dövründə idarə tərəfindən əvvəlki illərdən icrası başa çatdırılmamış ali təhsil sənədləri də daxil olmaqla, ümumilikdə 2756 sənəd üzrə emal prosesi başa çatdırılıb və onlardan 1826 təhsil sənədi müsbət (o cümlədən, məzun olduqları ölkələr üzrə: Rusiya 629, Ukrayna 389, Türkiyə 346, Gürcüstan 34 və digər ölkələr üzrə 428), 930 təhsil sənədi isə (o cümlədən, məzun olduqları ölkələr üzrə: Rusiya 463, Ukrayna 356, Türkiyə 20, Gürcüstan 64 və digər ölkələr üzrə 27) mənfi cavablandırılıb.

Həmçinin 384 ali təhsil sənədinin I və II ekspert səviyyələri üzrə icrası tam başa çatdırılıb. Dəvət olunmalarına baxmayaraq, müraciət edən şəxslər iştirak etməyib. Aparılan təhlillər göstərir ki, icrası imtina ilə yekunlaşan ali təhsil sənədlərinin çoxunu MDB ölkələrinin məzunlarının təqdim etdiyi diplomlar təşkil edir. Həmçinin imtina səbəblərinin təhlili göstərir ki, məzunların əksəriyyəti ali təhsil müəssisəsinin tədris normativinə düzgün əməl etməmələri, tədris dili üzrə bilik səviyyələrinin aşağı olması və zəruri hallarda tədris dilində ixtisasa dair söhbətlər aparıldığı zaman ixtisas biliklərinin qənaətbəxş olmamasının aşkarlanması səbəbindən imtina alırlar.

Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev ”Cümhuriyət” qəzetinə bildirib ki, tələbə olmaq istəyən adam qanuni yolla tələbə olmalıdır: ”Tələbə o ali məktəbə daxil olmalıydı ki, ora həqiqətən də tədris işi ilə məşğuldur. Ukraynada təhsil aldığını deyən neçə adam tanıyıram ki, gedib-gəlmir, heç həmin ölkənin dilini də bilmir. Amma guya orada oxuyur. Gürcüstanda, eləcə də Türkiyədə də bu cür faktlar var. Təhsil Nazirliyi düz edir və buna olduqca ciddi yanaşmalıdır ki, gələcəkdə karyera qurmaq istəyən insan ancaq tanınmış universitetlərə getsin. Kimsə Azərbaycanla müqaviləsi olmayan ali məktəbə daxil olub kursdan kursa keçərək axırda oranın diplomunu alıb öz ölkəsinə gəlir. Nazirlik həmin diplomları yoxlayır. Belə ki, tələbənin semestrlərdə iştirakı, qiymət kitabçasındakı qiymətləri, harada yaşadığı, hətta biletinə qədər hamısı yoxlanılır. Bunlar olmayanda nazirlik saxta diplomu necə təsdiq etsin? Həmin ali təhsil məktəbləri qanuni şəkildə fəaliyyət göstərmirlər. Buna görə də Təhsil Nazirliyini haqlı hesab edirəm”.

Ekspert qeyd edib ki, dövlət xətti ilə təhsil alan tələbələrə dövlət hər cür şərait yaradır: ”Xaricdə təhsil alan bəzi tələbələrə təqaüd verir, ölkəyə qayıdandan sonra da onları işlə təmin edir. Bəzən xarici dövlətlərdə imtahansız ali məktəblərə qəbulla bağlı elanlar verirlər. Bəziləri başa düşmədən, bəziləri də bilərəkdən həmin ali məktəblərə üz tuturlar. 

Oxumaq səviyyəsi zəif olanlar bilirlər ki, kimlərinsə köməyilə ödəniş verərək kursdan- kursa keçəcəklər. Həmin ali məktəblər ödənişlər hesabına pul yığır və öz maddi bazasını gücləndirir. Ortada həmin müəssisələrdə təhsil almağa gedən gənclərimiz itirir. Həmin şəxslər ağıllı düşünməli, işə planlı yanaşmalıdır. Bir sözlə bu cür universitetlərdə təhsil almağı seçməməlidirlər”.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları