Yuxarı

Tikinti mafiyasına qadağa

Tikinti mafiyasına qadağa

Ramil Osmanlı: "Bu istiqamətdə müvafiq qərarların qəbulu bir çox müəssisələr üçün məcburidir”

 

Tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin qarşının  alınması nəzərdə tutulub. Bu barədə ölkə başçısı fərman imzalayıb. Belə ki, tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin aradan qaldırılmasına dair nəzarət tədbirləri gücləndirilib. Sərtləşdirilmiş qaydada həyata keçiriləcək prosesə birbaşa aidiyyatı qurumlar nəzarət edəcək. Fərmanda Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, tikinti sahəsində vətəndaşların əmək hüquqlarının qorunması, sosial təminatlardan yararlanmasının təmin edilməsi, əmək münasibətlərinin rəsmiləşdirilməsinə nəzarətin gücləndirilməsi və monitorinqin müasir innovasiyalardan istifadə etməklə təşkili məqsədi ilə qərarlar yer alıb.


Fərmanda ilkin mərhələdə pilot layihə olaraq Bakı şəhərində tikinti sektorunda qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması ilə bağlı tədbirlərin görülməsi nəzərdə tutulub. Belə ki, tikilməkdə olan çoxmənzilli yaşayış binalarının (bundan sonra - tikinti obyektləri) və həmin tikinti obyektlərinin inşası ilə məşğul olan fiziki və hüquqi şəxslərin elektron reyestri yaradılacaq.  Əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmiş işçilərlə bağlı məlumatların əldə edilməsi məqsədilə  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemi Fərmanın yer almış müvafiq maddəyə uyğun reyestrlə inteqrasiya ediləcək. Həmçinin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunan şəxslərin müəyyən edilməsi məqsədilə tikintini həyata keçirən fiziki və ya hüquqi şəxslərin vəsaiti hesabına tikinti obyektlərində real vaxt rejimində işləyən müşahidə kameraları quraşdırılacaq. Prezidentin tapşırığı ilə qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması sahəsində monitorinq həyata keçiriləcək ki, bu da nəzarət fəaliyyətinin əlaqələndirilməsi məqsədi daşıyacaq. Bununla bağlı isə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi yaradılacaq.  Bu qurum elektron reyestrin aparılması, tikinti obyektlərində quraşdırılan kameralar vasitəsilə müşahidənin aparılması, eləcə də işçilərin eyniləşdirilməsini həyata keçirən analitik tanıma sisteminin yaradılması və idarə edilməsi işlərini həyata keçirəcək. Fərmanda bildirilir ki, müşahidə kameraları, analitik tanıma sistemi və elektron reyestrlər vasitəsilə əldə edilən məlumatların və aidiyyətı orqanların hesabatlarının təhlili nəticəsində şəxslərin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyinə dair şübhələr yarandıqda, bu halların yerində araşdırılması üçün tikinti obyektlərinə səyyar monitorinq qrupları göndəriləcək.

Aşkar edilmiş faktların sənədləşdirilməsi, inzibati məsuliyyət tədbirlərinin tətbiq edilməsi və ya təqsirkar şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılması üçün sənədlər aidiyyəti dövlət orqanına göndəriləcək. Maraqlıdır, prezidentin tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin qarşısının  alınması mümkün olacaqmı?       


Bu məsələdə şəffaflığın təmin olunması məqsədilə tədbirlər görüləcəkmi?


Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı "Cümhuriyət” qəzeti ilə məsələyə aydınlıq gətirib. O, deyib ki, məsələ ilə bağlı konkret söz demək çətindir. Çünki bu birbaşa olaraq aidiyyatı qurumların nəzarətinin aktivliyindən asılı olacaq: "Yəni məsələnin həlli onların bu prosesin içinə hansı formada qoşulacağından, töhfə verəcəyindən birbaşa asılıdır. Burada bir çox məqsədlər nəzərə alınmalıdır. Tikinti şirkətlərinə cəlb olunmuş işçilərin əməkhaqlarından tutmuş aparılan bütün əməliyyatların nağdsız yolla həyata keçirilməsi prosesi işə düşəcək. Onsuz da dövlət vəsaitlərinin nağdlaşdırılması ilə bağlı nəzarət gücləndirilib. Hesab edirəm ki, bu istiqamətdə müvafiq qərarların qəbulu bir çox müəssisələr üçün məcburidir. Hansı ki, həmin müəssisələr əmək münasibətlərində kifayət qədər rəsmiləşdirməklə fəaliyyət göstərsinlər. Burada artıq xərc maddələrinin ortaya qoyulması, əsaslandırılması zəruridir. Bu həm də onların xərclərinin optimallaşdırılması baxımından vacibdir. Deyək ki, müəyyən ay ərzində 30 mindən çox nağdlaşdırma həyata keçirən və həmin nağdlaşdırmanın əmək münasibətlərində gizlətdiyi müəyyən hissə əmək haqları öhdəliklərinə sərf edilərsə, bu təbii ki, əlavə problemlər yaradacaq. Ümumiyyətlə, bu daha çox prosesə nəzarət edən qurumların aktivliyindən asılı olacaq”.


Alçina Amilqızı





Həftənin ən çox oxunanları