Yuxarı

Vidadi Zeynalov məhkəmədə həbs anonsu verdi

Vidadi Zeynalov məhkəmədə həbs anonsu verdi

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) vəzifəli şəxslərinin  cinayət işi üzrə məhkəmə prosesi fasilədən sonra davam edib

Cebhe.info xəbər verir ki, prosesdə Vidadi Zeynalov sərbəst ifadə verib.

O, məhkəmədə ifadə vermək istəmədiyini, yalnız ifadə verənlərin dediklərindən sonra məsələyə aydınlıq gətirəcəyini bildirib: "Mən rəhbərliyin dediklərini icra etmişəm. Amma ictimaiyyətdə məni cinayətkar kimi tanıdıblar. İfadə verirəm ki, kimsə düşünməsin ki, mən kimdənsə qorxub susmuşam. Səhhətimə görə ola bilsin ki, 50 səhifəlik çıxışı oxuya bilmədim. Çoxları mənim çıxışımı səbirsizıiklə gözləyirdi".
 
İfadəsini davam etdirən Vidadi Zeynalov qeyd edib ki, məhkəmə  dövründə  vəkillərinin vəsatətləri təmin edilməyib: "Maliyyə Nazirliyin işçiləri gətirilmədi, ekspertlər dəvət olunmadı, çoxsaylı vəsatətlərimiz rədd edildi. Məhkəmədə bir az ədalət olsa 1+1=2 olaraq qeyd edəcək. Əgər etməyəcəksə, canları sağolsun. Qoy, əsl günahkarlar vicdan əzabı çəksinlər. Əsl günahkarların cəzalandırılmasına çox az qalıb. Mən və həbsxanada olan digər şəxslər də bu günü gözləyir".
 
Sabiq aparat rəhbəri ifadəsində ittihamları qəbul etmədiyini deyib: "İstər təmir tikinti işlərində, istərsə də mal-materiallarının alınması işlərində iştirakım yoxdur. Məsul şəxs olmamışam, heç bir sənədin altında imzam yoxdur. Günahım odur ki, mənə əlavə tapşırıq veriləndə qəbul eləmişəm. Gərək eləməzdim. Allah günahımdan keçsin. Dəymiş ziyanı ödəmək istəyirdim, imkan vermədilər".
 
Vidadi Zeynalov nazir müavini İltimas Məmmədovu günahlandırıb: "İltimas Məmmədov 3 dəfə beynəlxalq tədbirlərdə qəsdən təxribat edirdi. Məqsədi Əli Abbasovun işdən çıxarılması idi. İltimas Məmmədov nazirin yerinə keçmək istəyirdi. Heç olmaya obyektivlik naminə İltiması da tutardınız. Ən çox pul ona çatırdı. Ən azından İltimas Məmmədovu şahid kimi dindirərdiz.

Vaxtında mənə və qardaşıma dedilər ki, çıxın gedin bu ölkədən. Bu ölkədə siz ancaq çoban və ya balıqçı olacaqsınız. Lakin biz buna əhəmiyyət vermədik. İndi isə belə hadisələr baş verir. Əsl günahkar qaldı çöldə. Məhkəmə kimdən və niyə çəkinir? Günahkar olsaydım, əmlaklarımı ailə üzvlərimin, yaxınlarımın adına keçirməzdim. Başqaları kimi xaricə çıxarardım. İndi də imkan vermirlər ki, əmlaklarımı satıb dəymiş zərəri ödəyim. İndi bir şey xahiş edirəm sizdən. İmkan verin, ekspertlərin də müəyyən etdiyi məbləğlə əmlaklarımın satılmasına şərait yaradılsın. Əgər buna da razı deyillərsə, indidən desinlər, biz də müştəri axtarmayaq".
 
Nazirliyin sabiq aparat rəhbəri bu işlər üzrə yoxlama aparanları yaxşı tanıdığını deyib: "İnanmıram ki, onlar bu ittiham aktında göstərilən məlumatları, məbləğləri, nöqsanları öz iradələri ilə yazıblar. Çünki burda yazılan pullar dövlət əhəmiyyətli tədbirlən təşkilinə, nazirliyin səlahiyyətlərinə daxil olan işlərin görülməsi zamanı xərclənib".
 

Bu zaman Vidadi Zeynalov səhhəti ilə bağlı özünü pis his elədiyini deyib: "Mənə canımdan əziz deyil. Artıq yaxın məsafədən sizi görə bilmirəm. Bədənim əsir. İstəyirsiz, yazılı şəkildə verim, ya da çıxışımı kimsə oxusun. Özümü pis hiss edirəm".
 
Hakimlər Vidadi Zeynalovun səhhəti ilə bağlı məhkəməni saxlayıb.

Məhkəmə prosesi mayın 10-a təyin edilib.

Cebhe.info





Həftənin ən çox oxunanları