Yuxarı

Eldar Mahmudovun qudasının bankı birləşdirilir

Eldar Mahmudovun qudasının bankı birləşdirilir

AGBank haqqında qərar yaxın günlərdə veriləcək

Prezident İlham Əliyevin imzaladığı sərəncama uyğun olaraq ödəmə qabiliyyətini itirmiş bankların rezolyusiyası və sağlamlaşdırma tədbirləri çərçivəsində qeyri-işlək (toksik) aktivlərin təqdim edilməsi qaydası dəyişdirildi. Sərəncamdan sonra bankların yaxın günlərdə ya bağlanması, ya da birləşdiriləcəyi məsələsi gündəmə gəldi. Ekspertlər hesab edirlər ki, birləşdirilməsi planlaşdırılan banklar əsasən maliyyə göstəriciləri aşağı olan, zərərlə işləyən banklardır. 

Qeyd edək ki, bu proses ötən ildə başlanıldı və nəticədə 11 bankın fəaliyyətinə xitam verildi. Amma bu proses sonra niyəsə yarımçıq qaldı. Bu prosesin dayandırılmasında bir çox amillər önə çıxdı. Əsas məsələ əmanətlərin geri qaytarılması məsələsi idi ki, 1 ildən çoxdur bağlanan banklarıda əmanətləri olan şəxslər hələ də tam olaraq öz pullarını ala bilməyiblər. Məhz bu kimi səbəblərə görə bağlanmalı olan banklar bazarda saxlanıldı. Bu isə iqtisadi aktivliyi azaltdı, bank sektoruna olan inamı tamamilə zəiflətdi. Çünki bank sektoru aparılan islahatlara rəğmən hələ də sağlamlaşdırılmadı.

İndi bu fərmandan irəli gələrək bir çox bankların birləşdirilməsi və ya bağlanması yenidən gündəmə gələcək. Azərbaycanda problemi olmayan bank demək olar ki, yoxdur. Bu baxımdan iqtisadçı-ekspertlər hesab edir ki, bankların müqayisəsi daxili bazarda fəaliyyət göstərən banklarla aparılacaq. Yəni, ilk hədəfə gələn banklar məhz ən zəif olanlar olacaq.

Məlumatlara görə artıq prosesin ilkin mərhələsi başlayıb. Belə ki, ilk birləşdiriləcək bank hazırda ləğvetmə prosesində olan "StandartBank” olacaq. Ləğvetmə prosesində olan bankın "AGBank”a birləşdiriləcəyi gözlənilir. Artıq hər iki bank rəhbərlərinin (oxu: StandartBank ləğvetmə prosesində olduğu üçün bankın bütün hüquqları ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fonduna məxsusdur) razılaşdığı bildirilir. Məlumatlarda həmçinin qeyd olunur ki, bu bankların birləşdirilməsinə səbəb əmanətlərdə yaşanan problemlərin həllinə nail olmaqdır. Nəzərə alsaq ki, "StandartBank”ın ləğvedicisi kimi çıxış edən Əmanətlərin Sığortalanması Fondunun rəhbəri Çingiz Əsədullayev, həm də AGBankın "qoruyucusu” kimi tanınır. Bu, məlumatların əslində reallığa uyğun olduğunu deməyə əsas verən amillərdən biridir. Digər tərəfdən AGBankın özünün də maliyyə vəziyyəti heç də arzuolunan səviyyədə deyil. Hələ ötən ildən bu bankın bağlanacağı xəbərləri yayılırdı. Ancaq AGBanka "krişalıq” edən Çingiz Əsədullayev əlində olan resurslar hesabına hələ ki, bu bankın bazarda qalmasını təmin etməyi bacarıb. Çingiz Əsədullayevi AGBankla bağlayan səbəblər isə hələ uzaq keçmişə dayanır. AGBank yarananda "Azəriqazbank” Səhmdar İnvestisiya Bankı adı ilə bazara daxil oldu. Həmin zamanda bankın İdarə Heyətində Çingiz Əsədullayev təmsil olunurdu. Hələ o, zamanlar əlində kifayət qədər resursları yox idi və banka "krişalıq” etmək gücündə deyildi. Amma sonradan gedən proseslər Çingiz Əsədullayevi hökuməti daha fərqli postlara, güclü mövqelərə daşıdı. Çingiz Əsədullayev isə bu gücdən istifadə edərək sonradan AGBank adlanan bankı öz qanadları altına aldı.

Bir müddət öncə də KİV-lərdə "AGBank”ın bağlanması haqqında məlumatlara o, zaman aydınlıq gətirən "AGBank”ın İdarə Heyəti sədrinin müavini Əfqan Cəlilov bildirdi ki, bu cür məlumatlar şayiədir. Ancaq diqqəti çəkən bir məqam var ki, "AGBank”ın maliyyə resursları o, zamanda indiki kimi qaydasında deyildi. Bankın bağlanmamasının səbəbi və bankda olan real mənzərə tamamilə fərqli idi. "AGBank”ın hələ də fəaliyyət göstərməsinin əsas səbəbi uzun müddət "Azəriqazbank” Səhmdar İnvestisiya Bankının rəhbərliyində təmsil olunan Çingiz Əsədullayevin "gücü” idi. 

Hal-hazırda Əmanətlərin Sığortalanması Fondunun Müşahidə Şurasının sədri olan Çingiz Əsədullayev "AGBank”ın lisenziyasının ləğv olunmasına imkan vermədi. Əks halda "AGBank” da digər 11 bank kimi tarixin arxivlərinə göndəriləcəkdi. "AGBank”ın xilaskarı rolunda hələ də Çingiz Əsədullayev çıxış edir. Bütün bu amillər AGBanka fəaliyyəti davam etdirməyə imkan verdi. Bankın isə maliyyə resursları kifayət qədər pisdi və getdikcə  daha da ağırlaşır. Bu bankın xilası üçün isə hal-hazırda müzakirə olunan çıxış yolu da məhz birləşməkdir. Bunun üçün isə zamanında Azərbaycanda ən böyük aktivlərə malik bank hesab olunan "StandartBank” ən sərfəlisi hesab olunur. Hər bir halda yaxın zamanlarda Çingiz Əsədullayevin "qoruyucusu” olduğu AGBank haqqında qərar veriləcək.

Qeyd edək ki, Çingiz Əsədullayev də hazırda həbsdə olan Beynəlxalq Bankın İdarə Heyətinin keçmiş rəhbəri Cahangir Hacıyev kimi Eldar Mahmudovun qudasıdır. Hətta "qiyamçı səfir” Arif Məmmədov mətbuata açıqlamasında 18 milyard vəsaitin ölkədən çıxarılmasını "qudalar üçlüyü”nün birgə əməliyyatı adlandırmışdı.

Vilayət Muxtar






Həftənin ən çox oxunanları