Yuxarı

Lombardlar da kredit verməyi dayandırdı

Lombardlar da kredit verməyi dayandırdı

Lombardlar nağdsız hesablaşmaları dayandırılması ilə əlaqədar kredit verilməsini də dayandırıb. 

Artıq Bakıda fəaliyyət göstərən bir neçə lombard bununla bağlı elan lövhələri yerləşdirib. Yaxın müddətdə digər lombardlar da bu sistemə keçəcək. Əlbəttə, yaranan bu vəziyyət lombardı son çıxış yolu seçənləri narazı salır. Lombardlardan bildirilib ki, nağdsız hesablaşma ilə bağlı yeni qaydalara uyğun olaraq girov müqabilində kredit götürmək istəyən şəxs əvvəlcə özünə bank hesabı açmalıdır. Vəsait lombard tərəfindən həmin hesaba köçürüləcək. 

İqtisadçı-ekspert Akif Nəsirli Cebhe.info-ya bildirib ki, ölkədə maliyyə siyasətinin əsas hədəflərindən biri nağdsız hesablaşmaların həcminin azalmasıdır: 

"Çox güman ki, lombardlar qarşısında da müəyyən məhdudiyyət qoyulub. Bütün təşkilatlar, o cümlədən, dövlət idarələri hazırda nağdsız hesablaşmalardan qaçırlar. Çünki bu ilin yanvar-fevral aylarında qəbul edilən qanunlar elə formalaşdırılıb ki, nağdsız hesablaşmalar əksər hallarda qeyri-qanuni hal kimi qiymətləndirilir. Buna görə də bu məsələ bütün kommersiya təşkilatlarına və o cümlədən lombardlara da aiddir. Yəqin ki, növbəti cari yoxlamalarda özlərini sığortalamaq üçün artıq lombardlar da belə tədbirlər görməyə məcbur olurlar ki, öz maliyyə dövriyyələrini qanunu məcraya çıxarsınlar. Bunun yaxşı və ya pis hal olması başqa məsələdir. Amma faktiki fəaliyyəti qanuna müvafiq məcraya salmaq üçün hazırda həm özəl, həm də dövlət sektoru öz fəaliyyətində nağdı hesablaşmaları məhdudlaşdırırlar”. Ekspert bu prosesin müvəqqəti olacağına inanmır: "Əgər qanunlar bu istiqamətə köklənibsə, deməli, bu, müvəqqəti proses deyil. Müvəqqəti proses kompaniya xarakterli olur və yaxud da hansısa məmurun çıxışına istinadən tədbirlər görülür. Amma qanunları dəyişiblərsə, deməli bu, müvəqqəti xarakter daşıya bilməz”. 

Nigar Məhərrəm 





Həftənin ən çox oxunanları